“Üç aydan sonra - gələn ilin yanvar ayında Əfsanənin 18 yaşı tamam olacaqdı”.
Bakupost.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının Dolu kəndini də əhatə edən Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəqani Xalıbov deyib.
Onun sözlərinə görə, Dolu kənd sakini, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova həmkəndlisi Amil Aqil oğlu Cövziyevlə nişanlı olub:
“Oğlan tərəfi toy tarixini müəyyənləşdirmək üçün kəndə gəlib. Oktyabrin 28-də saat 13:00-da “Ata yurdu” şadlıq sarayında toy başlayıb. Təxminən bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. Dərhal xəstəxanaya aparılıb. Orada məlum olub ki, onun bətnindəki 7 aylıq döl tələf olub və ananın həyatı üçün də təhlükə yaranıb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, Əfsanə İmanovanın həyatını xilas etmək mümkün olmayıb”.
İcra nümayəndəsi əlavə edib ki, qız və oğlanın nişanlanması, eləcə də toy barədə yerli icra strukturlarında əvvəlcədən məlumat olmayıb:
“Bizdə onların nişanlanması ilə bağlı heç bir rəsmi məlumat olmayıb. Çünki gənclər Bakıda yaşayır və orada işləyirdilər. Ailələri yalnız vaxtaşırı kəndə gəlir, evlərinə baş çəkirdilər. Hadisədən və ölüm faktından sonra bütün bu məqamlar üzə çıxdı”.
İcra nümayəndəsi özünün toy mərasimində iştirak etmədiyini söyləyib.
Qeyd edək ki, hadisə oktyabrın 28-də baş verib. 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın toyu zamanı halı pisləşib. O, Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Lakin onun həyatını xilas etməm mümkün olmayıb.