Ru
11:14 / 02 Mart 2026

İranda hakimiyyət uğrunda mübarizə: Azərbaycanlılar 2-ci Xocalı faciəsini yaşaya bilər

İranda hakimiyyət uğrunda mübarizə: Azərbaycanlılar 2-ci Xocalı faciəsini yaşaya bilər
Eye

Hazırkı vəziyyətdə gələcək barədə danışmaq çətindir və ilk növbədə İsrail və ABŞ-ın nə qədər irəliləyəcəyini anlamaq lazımdır. ABŞ Prezidenti Donald Trampın son çıxışında “mən bir sonrakı liderin adını bilirəm” deməsi isə fərqli ssenarilərin mümkünlüyündən xəbər verir.


Bunu Bakupost.az-a açıqlamasında güneyli siyasi ekspert Məhəmməd Rəhmanifər deyib.

Onun sözlərinə görə, variantlardan biri Venesuela modelinə bənzər ssenari ola bilər:

"Yəni mövcud rəhbər kənarlaşdırılır və yerinə başqa fiqur gətirilir. Maraqlıdır, Tramp və İsrail vəziyyəti daha da irəli aparıb, İranda rejim dəyişikliyi istəyir, yoxsa ali rəhbəri aradan götürərək, yerinə başqa şəxs gətirib, prosesi bununla yekunlaşdırmağı? Fars müxalifəti keçmiş şahın oğlu Rza Pəhləvi ətrafında birləşərək monarxiyanın bərpasını istəyirlər. Bunlar çox böyük maliyyə imkanlarına sahibdirlər və geniş təbliğat apara bilirlər. Böyük sərmayə ilə də daxildə xalqın bir hissəsini, xüsusilə farsları özlərinə çəkməkdə maraqlıdırlar. Təbii ki, azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar arasında Rza Pəhləvini qəbul edənlərin sayı ya çox azdır, ya heç yoxdur. Xalq Mücahidləri Təşkilatı var ki, müvəqqəti hökumətə keçid etdiklərini iddia etdilər. Onlar da yenidən İranda hakimiyyəti ələ almaqda maraqlıdırlar. Özü də silahlı qruplaşmadır. İranda tərəfdaşları isə azdır. Azərbaycan türkləri onlarla da müxalifdirlər. Son günlər 5 kürd təşkilatı İrana daxil olaraq rejimə qarşı mübarizə aparacaqları ilə bağlı açıqlama verib. Əvvəlki təcrübələrdən çıxış etsək, bu qrupların əslində Cənubi Azərbaycanda Qarabağda yaşananlara bənzər prosesləri təkrarlamaq niyyətində ola biləcəklərini demək olar. Cənubi Azərbaycanlılar nə ali rəhbərin yerinə gələn şəxsi, nə şahın oğlunun hakimiyyətini, nə Xalq Mücahidlərinin nəzarəti ələ keçirməsini, nə də torpaqlara iddia edən kürd silahlı qruplarının təsiri altına düşməyi qəbul edir".

Ekspert indiki mərhələdə Azərbaycan və Türkiyənin güney azərbaycanlılara dəstəyinin də rol oynadığını bildirib:


"Əks halda Cənubi Azərbaycanın taleyi bir tərəfdən şah tərəfdarlarına, digər tərəfdən kürd silahlı qruplarına, başqa bir tərəfdən isə radikal təşkilatlara buraxıla bilər. Arazın cənubunda Xocalı faciəsinə bənzər hadisələrin yaşanması riski də istisna deyil. İran son proseslərdə bəzi qonşularına qarşı hərbi addımlar atıb, lakin Azərbaycan və Türkiyə istiqamətində birbaşa hücum olmayıb. Bu məsələdə Cənubi Azərbaycan faktoru da rol oynayır.
Mövcud vəziyyətdə Azərbaycan və Türkiyə regionda proseslərin gedişinə təsir imkanına malik böyük faktor ola bilər".

Xanım Səbuhi, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar