Ru
14:09 / 14 Oktyabr 2019

Niyə doğma sözümüzü alınma söz kimi yazırıq: srağagün, yoxsa sırağagün?

42072


Xeybər Goyallı



BELƏ YAZMAĞA HEÇ BİR ƏSAS YOXDUR
Bir sözün- srağagün kimi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qeydə alınmış sözün yazılışı barədə danışmaq istəyirəm. Bu söz tərtəmiz doğma (milli) sözümüzdür. İki sözün birləşməsindən ibarət olan bu söz Azərbaycan dilinin bütün milli (daxili) normativlərinin tələblərinə cavab verir.

Belə ki, iki sözdən- sırağa (çox güman ki, sırasözündən yaranıb) və gün sözlərindən ibarət olan bu sözdə ahəng qanunu əsasən özünü qoruyub saxlayıb. Gün sözündəki ü saiti istisna olmaqla qalanları qalın saitdir.

İki sözün birləşməsindən yaranan bu sözdə qoşa sait yoxdur. Sözün başlanğıcında yazılan sr hərf birləşməsi süni olduğundan Azərbaycan dilinin orfoepik və orfoqrafik normalarına qətiyyən uyğun gəlmir. Azərbaycan dilində sözün əvvəlində iki yanaşı samitlə gələn söz yoxdur. Elə dilimizin bu sərt qaydasının nəticəsidir ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə srağagün və ondan leksik və sintaktik yolla yaranmış üç sözdən (srağagündənqalan, srağagündənqalma, srağagünkü) başqa ayrı bir söz qeydə alınmamışdır. Buradan da belə bir məntiqi qənaətə gəlmək olur ki, bu sözün yaranması və yazılışı istisna təşkil edə bilməz. Sadəcə, bu milli sözümüzün yazılışında bilə-bilə orfoqrafiyanın özəl prinsipi sayılan fonetik prinsipi pozuruq.

Azərbaycan dilinin bütün dialektlərində bu söz birmənalı olaraq sırağagün (bundan sonra məqalədə sırağagün yazacam) formasında deyilir. (Çox doğru olaraq, bəzən mətbuatda və kitablarda bu söz deyildiyi kimi (sırağagün) yazılır). Fonetik prinsipin- sözün deyildiyi kimi yazılması orfoqrafiyanın özül və özəl prinsipidir. Bu qayda bütün dünya dillərinin xəlqiliyini, milliliyini və koloritini qoruyub saxlayır.


Haqqında danışdığımız söz sırf Azərbaycan dilinə mənsub olub, sıragün sözlərinin birləşməsindən yaranıb. Günün, ayın və ilin ardıcıllığı və sıralanması dəyişilməz bir astronomik hadisə olduğu hamı üçün bəlli bir məsələdir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə də, haqlı olaraq, sırağagün sözünün bu leksik mənası (definisiya) elə sıralanma ilə ilgiləndirilib: “Deyilən gündən iki gün qabaq, dünəndən qabaqkı gün”.

Sözün leksik-lüğəvi mənasından açıq-aşkar görünür ki, bu söz ardıcıllıq və sıra bildirir. Bu məqamda aydınlıq naminə onu da qeyd edək ki, hər hansı zaman vahidi və sıralanmada (sıra saylarında ) aşağıdan yuxarı və yaxud geriyə saymanın özündə də ardıcıllıq və sıra gözlənilir. Belə olduğu halda, niyə deyildiyi kimi sırağagün yazılmasın?

Səbəb nədir? Əslində, ortada heç bir səbəb yoxdur.Olsa-olsa bunun səbəbini “bir dəli bir quyuya bir daş atdı” zərbi -məsəli ilə izah etmək olar.Belə olan təqdirdə “Qordi düyünü” kimi də məsələ anidən tez və asan həll olunar.

Bu sözün yazılışını indi gündəmə gətirməyim heç də təsadüfi deyildir. Mətbuatdan verilən məlumatlara görə AMEA-nın Nəsimi adına Dilçilik İnstitututərəfindən hazırlanmış və bir neçə dəfə müzakirə olunmuş“Azərbaycan dilinin orfoqrafiya lüğəti” yaxın günlərdə yenidən nəşr ediləcəkdir. Əminəm ki, bu sözün yazılışı barədə təklifim dilimizin (orfoqrafiyamızın) təəssübkeşləri (cəfakeşləri) tərəfindən müsbət qarşılanacaq, gec də olsa, bu yanlışlıq aradan qaldırılacaqdır. Növbəti orfoqrafiya lüğətimizdədilimizin özəl və dəyişilməz normativini özündə əks etdirən fonetik prinsipə sadiq qalmaqla bu milli (doğma) sözümüzün düzgün yazılışını bərpa etməliyik.

Şərhlər
  • Mesed

    Bakı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər