İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri, eks-maliyyə naziri Əvəz Ələkbərov da Ramiz Mehdiyevlə bağlı fikirlərini bildirib.
Bakupost.az xəbər verir ki, Modern.az-a açıqlamasında Əvəz Ələkbərov deyib:
“O peşəkar aparat işçisi idi, tanıyırdım, aramızda elə bir münaqişə olmayıb. Nazirlik bilavasitə ölkə Prezidentinə tabe olduğuna görə, mənim işlərimə qarışa bilməyib. Mən çıxandan sonra əlaqələrim olmayıb. Doktorluq dissertasiyası müdafiə edəndən sonra diplom almağıma mane olub. Ancaq Prezident işə qarışandan 15 ay sonra müvafiq diplom almışam.
İndi ona olduqca ciddi ittihamlar elan olunub və barəsində qətimkan tədbiri seçilib.
Bu yaşda o belə yola hansı ağılla gedib, ambisiyasi nədir, bu qədər maliyyə imkanları haradandır? Ölkəmizdə əmin-amanlıq, işğaldan azad ərazilərin bərpası, Böyük Qayıdış prosesi həyata keçirilir. Niyə bunları həzm edə bilmir?
Hesab edirəm o və əlaltıları, o cümlədən Eldar Mahmudov qanun qarşısında ciddi cəzalandırılmalıdırlar, rütbələri, orden və medalları əllərindən alınmalı, qanunsuz qazandıqları vəsait və əmlaklar dövlətə qaytarılmalıdır!”