Ru
12:43 / 03 Fevral 2021

Rövnəq Abdullayev niyə və necə vuruldu? – BÖYÜK MALİYYƏ QALMAQALI

17935
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın Müşahidə Şurasının yaranması və SOCAR-ın birbaşa rəhbərliyi və nəzarətin bu quruma verilməsi dövlətin ən böyük şirkətində ciddi problemlərin olduğunu göstərir.

Bakupost.az xəbər verir ki, əslində, SOCAR-la bağlı uzun müddətdir ekspertlərin rüblük və illik təhlilləri bu qurumda böyük çatışmazlıqların olduğunu göstərirdi. Ancaq bu çatışmazlıqlar siyasi iradə ilə həll edilmədi, SOCAR prezidenti Rövnəq Abdullayev vəzifəsində saxlandı, amma faktiki olaraq rəhbərlikdən kənarlaşdırıldı. Bu isə onu deməyə əsas verir ki, R.Abdullayavin fəaliyyətində qaranlıq məqam və dövlətin siyasi rəhbərliyindən gizli fəaliyyət baş verib və verir. Başqa sözlə, Rövnəq Abdullayevə etimad yoxa çıxıb. Bunun isə səbəbləri az deyil.

SOCAR-ın illik hesabatlılığı

SOCAR-la bağlı ən ciddi problemlərdən biri qurumun hesabatlılığının həddən artıq aşağı olmasıdır. Baxmayaraq ki, ölkə başçısı 2015-ci ildə bu istiqamətdə dönüş olması üçün sərəncam və tapşırıqlar verib, aradan keçən müddətdə SOCAR-ın fəaliyyət istiqamətlərini əhatələyən hesabat ictimaiyyətə açıqlanmır və yaxud qismən açıqlanır.

Digər məsələ isə SOCAR-ın strategiyasının hələ də hazırlanmamasıdır. SOCAR nəinki Azərbaycanın, Avropanın ən böyük şirkətləri sırasında olmasına baxmayaraq, bu şirkətin hələ də strategiyası yoxdur və yaxud rəsmi elan edilməyib. Halbuki, məsələn, BP və yaxud “Rosneft” 2025 və ya 2030 strategiyasını artıq çoxdan elan edib.

Bu, SOCAR-ın fəaliyyət istiqamətinin sistemsiz və ya korporativ maraqlar daxilində icra edildiyini düşünməyə ciddi şübhələr yaradır.

SOCAR-ın illik borcu

Bu qeyri-müəyyən strategiyanın nəticəsidir ki, SOCAR həddən artıq böyük borcun içindədir. Və bu tendensiya davam edir.

Məsələn, 2019-cu ildə SOCAR-ın gəlirləri 2018-ci illə müqayisədə 22,3%, xalis mənfəəti 46,8% azalıb. 2019-cu ildə satışların maya dəyəri 77 mlrd. 960 mln. manat (azalma 23,6%) təşkil edib.

Şirkət həmin il əməliyyat fəaliyyətindən 2 mlrd. 584 mln. manat mənfəət əldə edib ki, bu da 28,2 faiz azalma deməkdir. Dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər də 32,1 faiz azalaraq 677 mln. Manata düşüb.
2019-cu ilin sonuna şirkətin uzunmüddətli borc öhdəlikləri 11,4 milyard dollar təşkil edib. Halbuki 2017-ci ildə bu göstərici 9,5 milyard dollar, 2018-ci ildə 9,7 milyard dollar idi.

Bir il – 2018-ci ildə borc cəmi 200 milyon artdığı halda 2019-cu ildə 1,5 milyard borc artımı artıq böyük siqnaldır.

2020-ci ildə bu borc artımının nə qədər olması və ümumiyyətlə, ötən ilin hesabatı elan edilməyib, hər halda, əlçatan yerdə yoxdur. Ancaq 2020-ci ildə dünyada neft və qaz qiymətlərindəki kəskin azalmaları, eyni zamanda, pandemiyanın doğurduğu çətinlikləri nəzərə alsaq, SOCAR-ın borc öhdəliklərini ötən il də artırdığına şübhə yoxdur. Açıqlanan rəsmi məlumata görə, 2020-ci ilin yalnız yanvar-may aylarında şirkət 1 milyard 82 milyon manat həcmində borcu ödəmək üçün əlavə olaraq yerli və beynəlxalq banklardan 1 milyard 71 milyon manat olan yeni uzunmüddətli və qısamüddətli kreditlər cəlb edib.

Başqa sözlə, SOCAR-ın 2020-ci il üçün borclarını 2019-cu ildəki həcmdən daha çox artırmadığını düşünmək üçün heç bir əsas yoxdur.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər