Ötən gün ATV kanalında yayımlanan "Səni axtarıram”
verilişinin kadrarxası arxiv görüntülərinin yayılmasının ardından telekanalda
bir növ fəvqəladə vəziyyət elan edilib.
Televiziyadakı mənbələrin BakiPost.az-a verdiyi məlumatlara
görə, kanalın prezidenti Vüqar Qaradağlı yayılan görüntülərdən bərk həyəcana
düşüb və arxiv materialının kim və ya kimlər tərəfindən müxalif mətbuata
sızdırıldığını araşdırır. V.Qaradağlı kanaldakı "canlı juçok”un kimlərin diqtəsi
ilə iş yerinə "xəyanət” etdiyini öyrənmək üçün bütün imkanlarını işə salıb.
Şirkətdəki ən etibarlı adamlarını bu məsələni öyrənməyə ayırıb.
Mənbəmiz bildirir ki, hazırda bu kadrların kimlər tərəfindən
kanaldan çıxarılmış ola biləcəyi barədə siyahı tərtib edilib və Vüqar
Qaradağlıya təqdim edilib.
O da qeyd edilir ki, ATV prezidenti məlum görüntüləri
yayan adamın bu işi özbaşına və öz ağlı ilə etdiyinə birmənalı qaydada inanmır.
Hörmətli Qaradağlı hesab edir ki, ATV kanalından kiminsə arxiv materialı
çıxarması üçün hökmən o adamın arxasında hansısa "önəmli fiqur”(lar) olmalıdır.
Onu da bildirək ki, artıq kanalda bir neçə texniki
işçi bu məsələ ilə bağlı cəzalandırılıb. Ancaq cəzalandırılan həmin şəxslər
kadrların yayılmasına birbaşa məsuliyyət daşıyan şəxslər deyil, sadəcə hansısa
məqamda ehtiyatsızlıq etdikləri üçün kanal rəhbərliyinin qəzəbinə tuş gəliblər.
Mənbəmizin sözlərinə görə, bu gün səhər erkəndən ATV prezidenti ən yaxın
adamları ilə toplantı keçirib və bu qalmaqalı necə sovuşduracaqlarını müzakirə
edib. Kanal rəhbərliyinin yaxın saatlarda mətbuata geniş açıqlama yayacağı gözlənilir.
İlkin ehtimallara görə, ATV rəhbərliyi də eynən Xoşqədəm Hidayətqızının
meydan.tv-yə açıqlamasındakı kimi qarşı tərəfi – yəni elə veriliş müəllifini
suçlayacaq.
Bu arada, məlum olub ki, artıq qalmaqallı kadrlar
"youtube"dan silinib.
Elçin Mirzəyev