Xəzər dənizində yerləşən “Lukoil”a məxsus neft platformasına pilotsuz uçuş aparatları ilə hücum olub.
Bakupost.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mənbələrinin verdiyi məlumata görə, hücum zamanı ən azı 4 dəqiq zərbə endirilib. Nəticədə platformada 20-dən çox quyuda neft çıxarılması dayandırılıb.
Bu, Ukraynanın Xəzərdə Rusiya neft infrastrukturu üzərində həyata keçirdiyi ilk əməliyyatdır. Vurulan platforma Filanovski yatağında yerləşir və burada təxminən 129 milyon ton neft və 30 milyard kub metr qaz ehtiyatı mövcuddur. Ekspertlər bu yatağın region üçün strateji əhəmiyyət daşıdığını vurğulayır.
SBU əməliyyatının məqsədi Rusiya enerji infrastrukturuna zərbə vurmaq və ölkənin müharibəni maliyyələşdirmə imkanlarını məhdudlaşdırmaqdır. Əməliyyatın nəticələri həm iqtisadi, həm də strateji baxımdan mühüm hesab olunur.
Bundan əvvəl Ukrayna PUA-ları və dron katerləri Qara dənizdəki bir neçə rus tankerinə də zərər vurmuşdu.
Cavid, BakuPost