Ru
12:28 / 26 İyul 2022

AzTV-nin rüsvayçı AMEA anti-təbliğatı: bu “süjet” necə doğdu?

13898
Ötən gün Azərbaycan Dövlət Televiziyasında Azərbaycan Milli Elmlər Akademiyası barədə tənqidi süjeti yayılıb.



Süjet bu cür başlayır: AMEA binalarından birinin önündə dayanan gənc bir jurnalist telefonundakı saatı kameralara tutub, 17:44 olduğunu göstərir və 16 dəqiqə də gözləyib, 18:00-da AMEA-dan heç kimin çıxmadığına diqqət çəkir. Guya bununla AMEA-da alimlərin işə gəlmədiyini, bu strukturda kimsənin işləmədiyini göstərməyə çalışır.


Bəllidir ki, bu gənc jurnalistin ümumiyyətlə, AMEA-nın iş sistemi haqda heç bir təsəvvürü yoxdur. Bu süjetin efirə verilməsi isə o deməkdir ki, AzTV rəhbərliyi də Akademiyanın iş prinsipindən xəbərsizdir və yaxud süjet qərəzli şəkildə hazırlanıb.


Birincisi, tarixən AMEA-da iş ən geci 17:00-da bitib;


İkincisi, AMEA-da adi elmi işçinin məzuniyyət müddəti 39 gündür və böyük əksəriyyətə sentyabr-iyun ayları arasında məzuniyyət verilmir. AMEA-da əsas məzuniyyət 1 iyuldan başlayır, kiçik elmi işçilər belə 20 iyula qədər məzuniyyətə buraxılır ki, 1 sentyabrda hamı işdə olsun.


Elmlər doktorları və akademiklərin məzuniyyət müddəti isə 45 gündən başlayır və daha yuxarı gedir. Beləliklə, 1 iyuldan sonra AMEA-da kütləvi məzuniyyət zamanıdır.


25 iyulda, saat 18:00-da AMEA binasının önünə gedib işdən çıxan alim axtarmaq jurnalist adına ayıbdır.


AMEA-da alimlərin iş prinsipi də digər iş yerlərindəkindən fərqlənir: alimlər araşdırma aparır, müşahidə edir, konfranslara qatılır, seminarlar, müzakirələr, dəqiqləşdirmələr, tapıntılar, ekspedisiyalar edir və yaxud etməlidir.


Hər bir alim illik İş Planını təklif edir və təsdiqlədir, il ərzində o işin yerinə yetirilməsi üçün çalışır. Bunun üçün iş yerində elmi rəhbəri, şöbə müdiri və s. ilə vaxtaşırı məsləhətləşir və ümumi şöbə işlərini görəndən sonra yaradıcılıqla məşğul olur (və ya olmalıdır).


AMEA-da inzibati işçilər, direktor, şöbə müdiri, katibə, kitabxanaçı və birbaşa şöbə ilə bağlı olanlar daim işdə olurlar (və yaxud olmalıdırlar) ki, bu da kollektivin 20-25 faizi edir.


Hətta rəhmətlik Mahmud Kərimov və ondan sonra Akif Əlizadənin iş tələbi gündəmə gələndə alimlər çıxılmaz vəziyyətdə qalmışdılar. Daha sonra – Ramiz Mehdiyevin dönəmində isə AMEA-da kart sistemi yaradıldı, səhər 09:00-da o kartla AMEA-ya daxil olmayanlara qarşı sanksiyalar tətbiq edilirdi və hətta işdən də çıxarılırdılar.


Yəni əvvəlki illərdən fərqli olaraq, hazırda AMEA-da “davamiyyət” kifayət qədər yüksəkdir və bunun özü gülüncdür. Əgər AzTV-də bir peşəkar olsaydı, elə məhz bu “davamiyyət”in tənqidindən başlayardı.


AMEA-da hansı araşdırmalar aparılır? Alimlər illik öhdəliklərini yerinə yetirə bilirlərmi? Hansı yeni tədqiqatlar ortaya qoyublar? Hansı istiqamətlər üzrə yeniliklər var və yaxud niyə yoxdur?


AMEA niyə bu qədər passiv quruma çevrilib? Alimlərimiz, məsələn, niyə dron istehsalı, yeni texnologiya və s. üzərində çalışmır? Çalışırsa, ortaya nə qoya biliblər?


Niyə azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərində böyük ixtiralara imza atırlar, ancaq AMEA-da ortaya nəsə qoya bilmirlər?


Humanitar sahədə vəziyyət necədir? Niyə monitorinqlər vaxtında aparılmır? Nəzarət bərbad gündədir, elmi araşdırmalar plagiatlıqla doludur. Alim təfəkküründən min dəfələrlə uzaq olan hansısa kənar şəxslər niyə institutlarda can qoyan gənc alimlərdən müdafiədə daha önə buraxılır? və s.


AMEA-da həddən artıq ciddi problemlər var: islahatlar aparılmalı, kollektiv mobilləşməli, son 20-25 ilin plagiat işləri araşdırılıb ləğv edilməli, alim adı almaq üçün pulla dissertasiya yazdırıb, “dr.pr.” olanların titulları “sökülməli” və sistemli, davamlı, əsl araşdırmalar üçün elmi mühit yaradılmalıdır və s.


Bütün bunlar bir kənarda qalır, kimsə saat 18:00-da AMEA-nın binalarından birindən çölə kimin çıxacağını güdür...


Əsl “kor kora kor deməsə” məsəlidir...


Yüzlərlə işçisi, ən müasir texnikası, illik 25 milyon dövlət dotasiyası və milyonlarla digər gəlir yeri ilə AzTV bütün günlük efir verilişlərinin tam tirajını telefonla “işləyən” təkcanına bloger-yutuberə rüsvayçılıqla uduzmağının qayğısına qalmır, AMEA-da 18:00-da işdən çıxacaq alim "axtarır..."

Bu qafayla hara gedəcəksiniz?...




Elnur İsgəndərli
BakuPost



Həmçinin oxuyun:




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər