Ru
14:45 / 09 Sentyabr 2022

Bakıda möhtəşəm konqress – Şuşaya kimi... elmi müzakirələr və siyasi ismarıclar - MÜSAHİBƏ

46672
Dünya və türk Otorinolarinqologiya Cəmiyyətləri Azərbaycanda - "Bu konqresdə hər kəs öz dilində danışdı"



Azərbaycan otorinolarinqologiyasının müasir tarixində ilk böyük beynəlxalq konqres baş tutdu. 2022-ci ilin sentyabrında "Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin" və “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi"nin təşkilatçılığı ilə Bakıda baş tutan I Beynəlxalq konqresin son ünvanı Şuşa oldu.


Konqresdən sonra “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyinin” baş katibi, dosent, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli Medicina.az -a müsahibə verib.


Bakupost.az bildirir ki, həkim müsahibəsində Azərbaycan otorinolarinqoloqlarının konqresdə əldə etdiyi uğurlardan danışıb.




- Ramil həkim, uzun müddətdir hazırlaşdığınız konqres nəhayət ki, baş tutdu. İlk öncə Azərbaycanda Otorinolarinqologiyanın tarixinə toxunaq. Bu sahə milli səhiyyədə ən köklü və inkişaf etmiş sahələrdən biridir. İndi dünya Otorinolarinqologiyasında Azərbaycan necə bir yer tutur?


- Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti hələ 1930-cu illərdə qurularaq, SSRİ Otorinolarinqologiya Cəmiyyətinin Azərbaycan bölməsi kimi fəaliyyət göstərib. Daha sonra müstəqil cəmiyyət kimi Səhiyyə Nazirliyinin tərkibində fəaliyyətinə davam edib. Azərbaycan müstəqillik qazandıqdan sonra bu fəaliyyət müəyyən zamana kimi davam etsə də, yeni reallıqlara və qanunvericiliyin tələblərinə cavab verən tam müstəqil və dünya elmi cəmiyyətlərinə inteqrasiya edəcək quruma ehtiyac yaranmışdı ki, 2019-cu ildə rəsmi olaraq professor Nazim Hüseynov, dosent Akif Əfəndiyev, professor Azər Xudiyev, professor Vəfa Pənahian və mənim qurucu idarə heyətinə daxil olduğumuz “Azərbaycan Otorinolarinqologiya cəmiyyəti” ictimai birliyi quruldu.


Təsis olunan ildən cəmiyyət qısa müddət ərzində “Dünya Qulaq-burun-boğaz cəmiyyətləri konfederasiyası”, “Avropa Qulaq-burun-boğaz və Baş və boyun cərrahiyyəsi Konfederasiyası”, “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi”nin üzvü seçildi.

Bu arada, yeri gəlmişkən bir xatirəmi bölüşmək istərdim. 2019-cu ilin payızında Avropa Konfederasiyasının konqresinə qatılmış və təşkilata üzvlüyə namizədliyimizi irəli sürmüşdük ki, ümumi yığıncaqda açıq səs vermə ilə Azərbaycan tam hüquqlu üzv seçildi. Elə gətirdi ki, elə həmin axşam konqresin qala yeməyində hər kəs yaxınlaşıb “Azərbaycan, təbrik edirik” deyirdilər. Cəmi 2 azərbaycanlı həkim idik və çox qürurlu idik. Əsas olan bizim ad, soyadımız deyildi, yadda qalan ölkəmizin ismi idi. Halbuki 12 nəfərlə konqresə qatılan bədnam qonşularımız konfederasiyaya üzv seçilə bilmədilər.

Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi (СASOS)”i haqda məlumat verməzdən öncə bildirmək istəyirəm ki, əsasən Türk dövlətləri otorinolarinqoloqlarının təmsil olacağı bir platforma üzərində hələ 2012-ci ildən işlərə başlamışdıq. İlbəil aparılan işlərin yekunu kimi 2019-cu ilin aprelində ilk olaraq Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkiyə və Orta Asiya dövlətləri qulaq, burun, boğaz cəmiyyətləri tərəfindən ortaq çalışma memorandumu imzalandı, noyabrında isə Türkiyədə CASOS-un təqdimatı oldu. Bu birliyin əsas məqsədi böyük bir coğrafiyaya yayılmış dili, dini bir qardaş ölkə otorinolarinqoloqlarının qarşılıqlı əməkdaşlığının qurulması, əsasən gənc həkimlərimizin keçiriləcək müxtəlif elmi kurslar, konqreslər, seminarlar vasitəsilə ixtisasımızda olan yeniliklərlə tanış olması və professional səviyyələrinin artırılmasıdır.

2020-ci ildə ilk beynəlxalq konqresimizi keçirməyə hazırlaşırdıq. Təəssüf ki, konqresin keçirilməsinə çox qısa bir müddət qalmış pandemiya səbəbindən təxirə salındı.

Nəhayət ki, bu il 10 ölkənin iştirakı ilə ilk Beynəlxalq konqresimiz baş tutdu. Tədbirə 350-ə yaxın həkim qatılmışdı ki, onların da 80 nəfərə yaxını xarici ölkələr, əsasən də türk dövlətlərindən idi.

Konqresin açılışı və ilk günü Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda baş tutdu. Göstərdiyi böyük dəstəyə görə İnstitutun rektoru, təşkilat komitəsinin sədri professor Nazim Qasımova xüsusi minnətdarlığımı bildirirmək istəyirəm.


Açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyə QBB BBC cəmiyyətinin sədri professor Tayfun Kirazlı, həmin cəmiyyətin baş katibi professor Özgür Yiğit, Qazaxıstan otorinolarinqologiya cəmiyyətinin sədri akademik Rays Tulebayev, Özbəkistan otorinolarinqologiya cəmiyyətinin sədri professor Xolida Şayxova çıxış edərək təbriklərini çatdırdılar.

Konqresin xarici qonaqları arasında “Dünya Qulaq-burun-boğaz cəmiyyətləri konfederasiyası”nın İdarə Heyətinin üzvü professor Metin Önerci, “Türk Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Cəmiyyəti” Qulaq-burun-boğaz tədris məktəblərinin sədrləri, Avropa Larinqologiya Cəmiyyətinin keçmiş sədri professor Ferhan Öz, Polşa, İran, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Tacikistandan olan tanınmış otorinolarinqoloqlar yer aldılar. Tədbir Azərbaycan həkimlərinin elmi-praktik biliklərinin artırılmasında mühüm rol oynadı deyə bilərik.



- Konqresin əsas hədəfi nə idi? Hansı məqsədlərə nail oldunuz və Azərbaycan qulaq-burun-boğaz həkimlərinə nə verdi?

- Konqresdə əsas məqsədimiz ilk olaraq vətən qulaq-burun-boğaz ixtisasını tanıtmaq, eyni zamanda müxtəlif ölkələrdən qatılan qonaqları milli adət-ənənələrimiz, mədəniyyətimiz, ölkəmiz və paytaxtımızın gözəllikləri ilə tanış etmək idi. 100 ilə yaxın yaşı olan Azərbaycan otorinolarinqologiyası tarixində təəssüf ki, beynəlxalq səviyyədə elmi konqres keçirilməmişdi.

2014-cü ildə böyük bir konqres keçirsək də, orda ancaq Türkiyə və Azərbaycanlı həkimlər iştirak etmişdi. 2018-ci ildə Cümhuriyyətin 100 illiyi münasibətilə Azərbaycan Tibb Universiteti Qulaq Burun Boğaz xəstəlikləri kafedrası tərəfindən elmi konqres keçirilmişdi.
Təbii ki, biz daha geniş coğrafiyanı əhatə etməyi planlayırdıq.

Azərbaycanın qulaq-burun-boğaz həkimlərinə elmi yenilikləri çatdırmaq, həm də həkimlərimizin belə bir platformada öz elmi araşdırmalarını təqdim etməsi önəmli hadisə idi. 2 günlük konqresdə 4 tematik kurs və 13 panel olmaqla 17 elmi sessiya keçirildi. Elə sessiyamız oldu ki, ancaq öz həkimlərimiz məruzəçi kimi çıxış etdilər. Həkimlərimizin təqdimatları heç də xaricdən gələn həkimlərdən geri qalmırdı.

Çox yüksək səviyyədə elmi fikir mübadiləsi oldu. İlk dəfə idi ki, belə bir tədbirə Türkmənistandan nümayəndələr də qatılmışdı.

Konqres gənc həkimlərə, rezidentlərə müasir elmi yeniliklərlə tanış olmaq, sahənin böyük elm adamlarını canlı dinləmək kimi böyük fürsət verdi. Bu cür tədbirlər həm də yeni tanışlıqların, gələcək fərdi və ümumi planların qurulması üçün də böyük bir önəm kəsb edir.





- Konqresdə ən yadda qalan məqam nə oldu?

- Açılış mərasimində hər birimizi müsbət mənada şoka salan bir hadisə baş verdi. Öncə Qazaxıstan Qulaq,burun, boğaz Cəmiyyətinin sədri akademik Rays Tulabayev, ardınca Özbəkistanlı həmkarlarımız öz ana dillərində çıxış etdilər. Adətən onlar salamlaşmanı türkcə edib, sonra rus dilində məruzələr edirdilər ki, bu dəfə ancaq öz dillərində çıxış etdilər və hər hansı tərcüməyə ehtiyac duyulmadan söylənilənləri anlaya bildik.


Digər məqamlardan biri konqresin bağlanış mərasimində bir çox qonaqlara və məruzəçilərə idarə heyətimiz tərəfindən təsis olunmuş Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin Xatirə medalının təqdim olunması idi. Ən önəmlisi 44 günlük Vətən Müharibəsi dövründə ordu sıralarında olan, könüllü olaraq yardıma gedərək yaralılara tibbi xidmət göstərən qulaq-burun-boğaz üzrə həkimlərə xüsusi fəxri fərmanlar, bütün savaş boyu cəbhədə olan 9 həkimə “Xatirə medalı”nının təqdim olunması idi. Bu, həm yerli, həm də xarici iştirakçılar tərəfindən rəğbətlə qarşılanan bir hal oldu. Düşünürəm ki, Qəhrəman həmkarlarımızla qürur duyduğumuzu göstərmək bizim şərəf və vəfa borcumuz idi.




- Bildiyimizə görə, konqresdən sonra Şuşaya səfəriniz baş tutub. Türk dövlətlərindən gələn qonaqları Şuşada nə təəccübləndirdi. Təəssüratları necə oldu?


- Bəli, konqresdən sonra 15 nəfərlik heyətlə Şuşaya səfər etdik. Bir var Qarabağdan, Şuşadan danışaq, bir də var real görək.
Qonaqlara yolboyu Qarabağda, Füzulidə dağılmış xarabalıqları, şəhərləri, kəndləri göstərdik. Erməni vəhşiliklərinin şahidi oldular.
Professorlar gördüklərindən dəhşətə gəlmişdilər. Zəfər yolu ilə Şuşaya yaxınlaşdıqca dilimiz döndüyü qədər Azərbaycan əsgərinin şücaətindən danışır, qayalıqlara dırmanaraq Şuşanı necə fəth etmələrini izah edirdik. Cıdır düzündə qonaqlar "bu qayalara dağçılar belə çıxa bilməz, bu əsgərlər necə çıxıb" deyərək heyrətlərini gizləyə bilmir, şəhidlərimizin ruhuna dua edirdilər. Bütün bunlar tezliklə sosial media hesablarında da nümayiş olundu.

Konqresin qonaqları içində ölkəmizə ilk dəfə gələn professor Ferhan Öz “Çox sağ olun ki, ölkənizi gözəl tanıtdınız və çox təəssüf edirəm ki, bu gözəl ölkəni tanımaqda gecikmişəm” kimi fikir bildirdi.

Türk professorlardan biri səfər təəssüratını belə yazmışdı: "Konqresdən sonra özəlliklə Şuşaya getmək, o torpaqlar üçün şəhid olan qəhrəmanları yad etmək, dualar etmək möhtəşəm idi. İnşallah gələcəkdə Füzuli hava limanına birbaşa enib, 45 dəqiqəyə Şuşaya çatıb, qardaş konqreslərində bir araya gələrik”.

Şuşada həmiçinin “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi (СASOS)”nin idarə heyətinin iclasını keçirdik. Gələcək fəaliyyətimizlə əlaqəli bir çox qərarların alındığı 4 sentyabr protokolumuzda imzalama məkanı kimi Şuşa yazıldı. İnşallah gələcəkdə ölkəmizdə, Şuşamızda böyük elmi beynəlxalq konqres arzumuz dövlətimizin də dəstəyilə baş tutacaq.


- Yaxın gələcəyə nə kimi yeniliklər, planlarınız var?

- Üzümüzə gələn il yanvarda Dubayda Dünya Qulaq Burun-Boğaz Konfederasiyasının (IFOS) konqresi keçiriləcək. Həmin konqresdə iştirak edəcək və növbəti Dünya konqresinin Türkiyədə, İstanbulda keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Bu yolda qardaş cəmiyyətlərlə birgə ciddi çalışırıq. İstanbulda keçiriləcək konqresi Bakıda, Daşkənddə, Bişkekdə və s. keçirilmiş kimi hesab etməliyik. Hamılıqla ev sahibliyi edə biləcəyimiz ixtisasımızın bu ən böyük elmi tədbiri ölkələrimizin qulaq, burun, boğaz həkimləri üçün çox böyük fürsət ola bilər.


Konqreslər həm bilik, həm də mədəniyyət mübadiləsidir. Həm biz belə konqreslərdə olmalıyıq, həm də Azərbaycanda elmi tədbirlər təşkil etməliyik. Bizim ən böyük arzularımızdan biri növbəti konqresləri işğaldan azad olunmuş torpaqlarımızda keçirmək və xarici alimlərlə elmimiz və mədəniyyətimizi tanış etmək və həqiqətlərimizi çatdırmaqdır.



Aygün Musayeva
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər