Ru
11:45 / 21 Yanvar 2023

Əliyevin Davos qələbəsi - İrəvanda siyasi zəlzələ yaratdı - VİDEO

38496
Yanvarın 16-da İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 53-cü iclasının açılışı oldu.

Kifayət qədər çevik platforma sayılan, qlobal iqtisadi gündəmi, müxtəlif ölkələrin iqtisadi və siyasi elitalarının dünyada baş verən dəyişikliklərə münasibətini qiymətləndirmək və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından önəmli olan Davos Forumunda bu dəfə ilk diqqət çəkən məqamlardan biri də Azərbaycan və Gürcüstan liderlərindən fərli olaraq, Ermənistan baş nazirinin toplantıya qatılmaması oldu.

Beynəlxalq informasiya portallarından biri bu xəbəri belə təqdim etmişdi: "Paşinyansız, amma Əliyevlə: Davosda dünya iqtisadi forumu başlayır".




Maraqlıdır, Əliyev və Qaribaşvilidən fərqli olaraq, Paşinyan niyə Davos Forumuna qatılmayıb?

Öncə qeyd edək ki, 2020-ci ildə də eyni hal baş vermişdi, Foruma sayılı günlər qalmış Paşinyanın Davosa gedə bilməyəcəyi açıqlanmışdı. O zaman Ermənistanın "Past" qəzeti bunu "bəzi görüşlərin istənilən səviyyədə təşkilinin baş tutmaması, Paşinyanın çıxışı üçün müvafiq platformanın təmin olunmaması", həmçinin, "baş nazirin ölkə daxilində hökm sürən gərgin atmosferdən ciddi narahat olması" ilə izah etmişdi. Amma məsələ burasındadır ki, Ermənistanın baş naziri 2022-ci ildə də Davos Forumuna qatılmadı. Bu ölkəni forumda geniş səlahiyyətlərə malik olmayan prezident Vaaqn Xaçaturyan təmsil etdi.

Ermənistanın 50 dövlət və hökumət başçısının, 19 Mərkəzi Bank rəhbərinin, 30 ticarət, 35 xarici işlər nazirinin, Beynəlxalq Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı kimi mötəbər qurumların, transmilli korporasiyalar, saysız-hesabsız iri şirkətlərin rəhbərlərinin iştirak etdiyi toplantıdan kənarda qalması heç də təsadüfi deyil. Paşinyanın beynəlxalq foruma dəvətlilər arasında olmaması bir daha Ermənistanın süni, qeyri-müstəqil dövlət olduğunu təsdiq edir. Çünki son 30 ildə Ermənistan özünü müstəqil beynəlxalq tərəfdaş kimi təsdiq edə bilməyib. Bu ölkənin öz müttəfiqləri, dostları və qonşularına təklif etdiyi hansısa yaddaqalan iqtisadi təklif, beynəlxalq layihə olmayıb. 90-cı illərdən başlayaraq 44 günlük müharibəyə qədər Ermənistan bütün siyasi və iqtisadi resurslarını Azərbaycan torpaqlarını işğal altında saxlamağa yönəldib.




Rusiyadan tamamilə asılı vəziyyətə düşən Ermənistan bu illər ərzində pulsuz verilən silahlar, endirimli qaz, qaytarılmayacaq kreditlər və ianələr hesabına mövcudluğunu saxlamağa çalışıb. İnfilyasiyanın 50 faizə çatdığı bu ölkə indiyədək hec bir regional və beynəlxalq iqtisadi layihə həyata keçirməyib. Təbii ki, bütün bunlar Ermənistanın beynəlxalq iqtisadi platformalar, o cümlədən Dünya İqtisadi Forumundan kənarda saxlanılmasını şərtləndirən ciddi səbəblərdir.

Beləliklə, 2009-cu ildən Davos Forumundan kənarda qalan Ermənistan 9 illik fasilədən sonra 2018-ci ildə beynəlxlaq iqtisadi tədbirdə iştirakını bərpa etsə də, bu il yenidən İsveçrəyə dəvət olunmadı. Bu uğursuzluq erməni siyasilər və politoloqlar tərəfindən ciddi tənqid olunur. Məsələn, erməni siyasi şərhçi Ambartsum Kabanyan Azərbaycan və Ermənistan rəhbərlərinin belə mühüm tədbirlərə münasibətini müqayisə edərək, yazıb:

"Ermənistannın yaşamaq üçün nəyisə dəyişməsi vacibdir. Davosda keçiriləcək Dünya İqtisadi Forumu bunun üçün yaxşı platformadır. Forumda 50-dən çox dövlət və hökumətin başçıları, qlobal təşkilatların və dünyanın iri şirkətlərinin rəhbərləri iştirak edirlər. Yeri gəlmişkən, Azərbaycan prezidenti Abu Dabidə Davamlı İnkişaf Həftəsində iştirak etdikdən sonra Davosa gəlib. O, BƏƏ-də öz ölkəsinin maraqlarını fəal şəkildə təbliğ edib. İlham Əliyev eyni şeyi Davosda da edəcək. Bəs Nikol Paşinyan buna nə ilə cavab verəcək? Davosa getməməsi ilə. Xatırladım ki, Paşinyan ötən il də Davosda olmayıb. Hökumət belə bir səfərin planlaşdırılmaması və həyata keçirilməməsinin səbəblərini açıqlamayıb. Nəticə etibarilə biz özünü dünyada baş verən ən mühüm proseslərdən, dünyanın əsas iqtisadi və siyasi toplantılarından birindən təcrid edən hakimiyyətin daha bir axmaqlığı ilə üz-üzəyik. Sonra hamımız təəccüblənəcəyik ki, niyə Azərbaycanın mövqeyi dünyada daha çox eşidilir və qəbul edilir”.

Erməni ekspertlər həmçinin əvvəllər olduğu kimi, son 5 ildə ölkəyə xarici investisiyaların cəlb edilməsi məsələsində vəziyyətin dəyişmədiyini, bunun Paşinyanın komandasının üzvləri tərəfindən etiraf olunduğunu da vurğulayırlar.




Ermənistandan fərqli olaraq, Azərbaycan 1995-ci ildən indiyədək müntəzəm olaraq Davos Forumuna qatılıb. 1995, 2000, 2002-ci illərdə mərhum prezident Heydər Əliyev, 2007-ci ildən indiyədək isə prezident İlham Əliyev Davos Forumunun hər il keçirilən toplantılarında fəal iştirak edib. Maraqlıdır ki, ənənəvi olaraq İsveçrənin Davos şəhərində baş tutan bu forum yalnız iki dəfə digər ölkələrdə - 2002-ci ildə Nyu-Yorkda, 2013-cü ildə isə Bakıda baş tutub. Elə bu faktın özü də Azərbaycanla Dünya İqtisadi Forumunun rəhbərliyi arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Budəfəki foruma gəlincə, Prezident İlham Əliyev yenə də görüşlərinin məhsuldarlığı ilə diqqəti çəkib. Belə ki, dövlət başçısı bir sıra dövlət və hökumət başçıları - Litva prezidenti Gitanas Nauseda, Latviya prezidenti Egils Levits, Monteneqronun baş naziri Dritan Abazoviç, Xorvatiya baş naziri Andrey Plenkoviç, Niderland Krallığının baş naziri Mark Rutte ilə, eləcə də hər il milyardlarla dollar dövriyyəsi olan nüfuzlu beynəlxlaq şirkətlərin rəhbərləri ilə - Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix, “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali, “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat, “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart, BP Qrupunun baş icraçı direktoru Bernard Luni, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink, "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə, eləcə də beynəlxalq qurumlardan Dünya İqtisadi Forumunun sədri Klaus Şvab, Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşlər keçirib.

Bu, dövlət başçısının Davosda keçirdiyi görüşlərin heç də tam siyahısı deyil. Amma elə bu siyahıdan da görünür ki, cəmi bir neçə gün ərzində İlham Əliyev onlarla dövlət və hökumət başçısı, 20-yə yaxın nüfuzlu şirkətin rəhbəri ilə görüşüb, panel müzakirələrdə çıxış edib, bir sıra xarici mətbuat və telekanallara müsahibələr verib. Bütün bu görüşlər isə təkcə iqtisadi layihələrin müzakirəsi baxımından deyil, həm də siyasi cəhətdən xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısının keçirdiyi görüşlərdə 30 illik erməni işğalı, Qarabağda mədəni-tarixi abidələr və yaşayış məntəqələrinin tamamilə dağıdılması, ərazilərin minalanması, işğaldan azad edilən rayonların bərpası, Ermənistan-Azərbaycan münasibətləri və son vaxtlar Laçın yolunda baş verənlərlə bağlı çıxışları beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.


Bu görüşlər həmçinin Ermənistandan fərli olaraq, Azərbaycanın beynəlxalq iqdisadi sistemə inteqrasiyası baxımından da vacibdir. Məsələ burasındadır ki, iqtisadiyyatın qapalı şəraitdə inkişafı mümkün deyil. Ermənistanın acı təcrübəsi bunu bir daha təsdiq edir. Digər ölkələrin iqdisadiyyatları ilə qarşılıqlı əlaqələr, eləcə də beynəlxalq maliyyə sistemi, transmilli korporasiyalar, iri şirkətlərlə əməkdaşlıq isə əksinə, milli iqtisadiyyatın inkişafını stimullaşdırır ki, Davos forumu da bu cür qarşılıqlı əlaqələr və əməkdaşlığın qurulması üçün əvəzsiz fürsətdir.




Zaur
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Şərhlər
  • B.Qarabağlı

    Ehhtimal ki, Davos forumunun iştirakçı dövlətləri Azərbaycanın konstitusion səlahiyyətlərinin qarşısını kəsən Krem *Sülhməramlı* Hərbi kontingentinin separatçılarla birgə Azərbaycan ərazisindən çıxmasını və gərəkli tədbirləri təklif edəcəklər? Kabanyanın çıxışı da ümid verir ki, Aİ üzvü Ermənistan vətəndaşlarının əksəriyyəti də anlayır və görürlər ki, Azərbaycan qədər yaxın və səmərəli qonşu yoxdur. Laçın yolu, dünya açılan Zəngəzur dəhlizi əyani tədbirlərdir!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər