Ru
21:08 / 15 Aprel 2022

Gün var yüzillərə bərabər - İnsanlığın öldüyü bir gecə...

48204
Xocalı faciəsi- bəşər tarixində görünməmiş qətliam


Xocalı faciəsi silahsız, köməksiz, dinc insanlara qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımı Azərbaycan tarixinə ən dəhşətli, qanlı və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı facisəsindən, o dəhşətli gecədən artıq 30 il keçir. Otuz ildir ki, xocalılılar, uşaqdan böyüyə bütün Azərbaycan xalqı bu qanlı gecənin ağrı-acısını qəlbində daşıyır.





1991-ci ilin oktyabr ayından Xocalı tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınmışdı, şəhər blokadada idi. Oktyabrın 30-dan etibarən isə Xocalı ilə avtomobil əlaqəsi tamamilə kəsilmiş və yeganə nəqliyyat vasitəsi helikopter qalmışdı. Yanvarın 2-dən elektrik enerjisi də verilmirdi. Şəhərin müdafiəsi özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə şəhəri müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi.




Xocalı mühasirədə olduğu üçün dinc əhalinin xeyli hissəsi Xocalıdan çıxa bilməmişdi. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulurdu. Nəticədə şəhərdə dağıntılar olurdu, yanğınlar baş verirdi. Şəhərdə yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Fevralın 25-i səhər saat 5 radələrində isə şəhər tam alova büründü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə üç istiqamətdən Xocalıya hücuma başladı. Xocalıya hücum zamanı silahsız, əliyalın şəhər sakinləri, qocalar, uşaqlar və qadınlar ermənilər tərəfindən amansızlıqla, xüsusi qəddarlıqla qətlə yetirildi, başları kəsildi, gözləri çıxarıldı, dərisi soyuldu, diri-diri yandırıldı. Bir sözlə, ermənilər Xocalıda misli görünməyən soyqırımı aktı həyata keçirdi.


Mühasirədən çıxaraq düşməndən xilas olmaq üçün Ağdama üz tutan yüzlərlə dinc sakin yollarda, meşələrdə pusqu quran erməni hərbçilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Erməni qatillər insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, adamları diri-diri torpağa basdırıb, yandırıb.


Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətlər sırasında olan bu faciə zamanı 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub (onlardan 76 nəfəri həddi-buluğa çatmamışlardır), 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.





Faciənin törədilməsindən yalnız iki gün sonra həmin yerlərə çatmaq mümkün olub. Bu zaman şahidlər tükürpərdici, dəhşətli mənzərə, ermənilərin amansızlıqla qətlə yetirdikləri qoca, uşaq, qadın cəsədləri ilə qarşılaşıblar.


Xocalı şəhərinin işğal edilməsi ilə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq maddi ziyan vurulub.


Prezident İlham Əliyev deyib ki, Xocalı faciəsi erməni millətçilərin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi: “Xocalı soyqırımı erməni faşizminin təzahürüdür. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir qismi İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Biz Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində erməni ordusunu darmadağın edərək tarixi torpaqlarımızı işğalçılardan azad etdik, Xocalı qurbanlarının qisasını aldıq”.





Prezident qeyd edib ki, Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır: “10-dan çox ölkə bu hadisəni soyqırımı kimi rəsmən tanıyıb və təsdiq edib, bu proses davam edir. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib - video, fotomateriallar kifayət qədər geniş auditoriyaya təqdim olunub. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb”.





Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov da hər dəfə bu faciəni xatırlayanda böyük ürək ağrısı, kədər hissi keçirdiyini deyir:



“Üzərindən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq ürəyimdəki yara ilkgünkü kimidir, qanayır, hələ də qaysaq bağlamayıb. Xocalı iki ilə yaxın mühasirə vəziyətində qaldı. Xocalı əhalisi şəhərin hər tərəfində müdafiə postları qurub gecə-gündüz bu postlarda növbə çəkir, şəhəri qoruyurdular. Şəhəri yerli əhali və müxtəlif bölgələrdən gəlmiş 21 nəfərdən ibarət döyüşçü dəstəsi, həmçinin 817 saylı Xocalı ərazi özünümüdafiə taboru müdafiə edirdi. Xocalının müdafiəsində hava limanının 25 nəfərdən ibarət polisi, 50 nəfər şəhər polisi dayanırdı. Ümumilikdə 300 nəfərə yaxın döyüşçü Xocalını müdafiə edirdi. Sona kimi də bu döyüşçülər düşmənlə mübarizə apardı, şəhəri müdafiə etməyə, qorumağa çalışdılar”.


Millət vəkili o gecəni belə xatırlayıb: “Qocaların, uşaqların, qadınların harayı bütün ətraf rayonları bürümüşdü. Çoxsayda insan həlak oldu. Gərgin vəziyyət, müharibə şəraiti səbəbindən onların sayının tam dəqiqləşdirilməsi mümkün olmadı. Amma ölənlər çox oldu. Xocalıdan olan elə bir ailə yoxdur ki, faciə zamanı ailə üzvündən birini itirməsin. Kimin həyat yoldaşı, uşağı, kimin atası, anası, bacısı, qardaşı...”.


Elman Məmmədov Xocalı şəhərinin strateji əhəmiyyət daşıdığını qeyd edib: “Çünki Xocalı Xankəndindən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Xocalının əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz bu şəhərdəyerləşməsi idi. Buna görə Ermənistan silahlı birləşmələrinin ən əsas və başlıca məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Çox təəssüf ki, onlar bu məqsədlərinə nail olaraq şəhəri və aeroportu ələ keçirdilər”.





Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı vəMilli Matəm Günü” elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” növbəti Fərman imzalayıb.


Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.


Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməsini və təcavüz zamanı beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasını BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində qəti şəkildə pisləyib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirib.





Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.


Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun “Xocalıya ədalət!” kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. “Xocalıya ədalət!” kampaniyasınin məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.


Millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmə düzgün çatdırılması istiqamətində mühüm işlər görülüb:




“Xocalıda yüzlərlə günahsız sakinin vəhşicəsinə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr tərəfindən törədilmiş ən qanlı cinayətlərdən biridir. Azərbaycan dövləti Ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verib.


Ermənilərin Xocalıda günahsız insanlara qarşı həyata keçirdiyi soyqırımı, faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmə düzgün çatdırılması istiqamətində mühüm işlər görülüb. Bu illər ərazində Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl iş aparılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət - Jusctice for Khodjaly” beynəlxlaq kampaniya çərçivəsində dünya bu dəhşətli soyqırımından xəbərdar olub. “Xocalıya ədalət” beynalxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında çox mühüm rol oynayır. Aparılan sistemli işlərin nəticəsində Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən, eləcə də Amerika Birləşmiş Ştatlarının 30-dan çox ştatında tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib”.



Millət vəkili qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində, haqq davasında Azərbaycan Ordusu günahsız xocalılıların qisasını alıb:



“Bu haqq döyüşündə şanlı Azərbaycan Ordusunun məhv etdiyi düşmən qüvvələri içərisində Xocalı soyqırımını törədən cinayətkar cəlladlar da var idi.Ermənilərin xüsusi qəddarlıqla, min bir əzab verdikdən sonra öldürdükləri günahsız xocalılıların bu gün ruhu şaddır. Çünki Azərbaycan Ordusu onların qısasını aldı, qanları yerdə qalmadı”.




Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.




Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər