Bir müddət əvvəl gərginləşən Rusiya-Azərbaycan münasibətlərində son günlər müəyyən yumşalma və qarşılıqlı ritorikanın tonunda dəyişikliklər müşahidə olunur. Bəzi siyasi müşahidəçilər Rusiya FHN-in rəhbəri Aleksandr Kurenkovun Bakıya səfəri və Moskvanın əməkdaşlıq mesajlarının burada müəyəyn rol oynadığını düşünürlər.
İki ölkə arasında münasibətlərin hazırkı durumunu şərh edən politoloq
Zaur İbrahimli Bakupost.az -a bildirib ki, Rusiyanın qıcıqlandırıcı addımlardan çəkinməsi və diplomatik səviyyədə daha yumşaq ritorikaya üstünlük verməsi ilk növbədə Bakının prinsipial və qətiyyətli mövqeyi ilə bağlıdır.
Onun sözlərinə görə, hazırda beynəlxalq təcrid vəziyyətində olan və Ukrayna ilə müharibə aparan Rusiya Azərbaycanın geosiyasi əhəmiyyətini, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi və regional əməkdaşlıq imkanlarını nəzərə almağa məcburdur:
“Azərbaycan ən çətin vaxtlarında Rusiya əleyhinə məsələlərə qoşulmadı və bu nəqliyyat dəhlizinin inkişafı üçün bütün imkanlarını səfərbər etdi. Rusiya üçün bu, İran üzərindən Cənub-Şərqi Asiya ilə ticarət aparılması baxımından əvəzolunmaz bir nəqliyyat marşrutudur. Rusiya Azərbaycanla münasibətlərini pisləşdirməklə bu istiqamətdə əməkdaşlığa da ziyan vura bilər. Kremldə bunu nəzərə almaya bilməzlər.
Bundan başqa, Azərbaycan ətrafında çox güclü müttəfiqlər alyansı yaranıb. Bu müttəfiqlərin təsiri Rusiyanın əks-təsirini neytrallaşdırmağa imkan verir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının üzvləri Azərbaycanı ciddi şəkildə müdafiə edirlər. Bütün bunlar Moskva üçün çox ciddi siqnallar oldu və indiki mərhələdə Rusiya konfrontasiya yox, daha çox maraqların uzlaşdırılması yolunu tutub”.
Z.İbrahimlinin fikrincə, hazırda ikitərəfli münasibətlərin gələcək perspektivi həm Bakıda, həm də Moskvada yeni reallıq əsasında müzakirə edilir. Azərbaycanın tələbləri isə dəyişməzdir:
“Rusiya fövqəladə hallar nazirinin Bakı səfərini də bu siyasətin bir elementi kimi qiymətləndirmək olar. Azərbaycana səfər edən nazir əvvəllər Rusiya prezidentinin köməkçisi olub və Rusiya lideri ilə etimadlı münasibətlərə malikdir. İstisna etmək olmaz ki, o, Bakıya həm də Azərbaycan-Rusiya münasibətləri ilə əlaqədar mesajlar gətirib.
Güman edirəm ki, Rusiya bütün bu spektr məsələlərdə daha sərt addımlar atmaqdan çəkinəcək. İndiki siqnallar bunu deməyə əsas verir. Lakin perspektivdə Kremlin siyasətini necə dəyişəcəyini proqnozlaşdırmaq çox çətindir. Bəzən Moskvada irrasional qərarlar verirlər.
Qeyd etmək olar ki, Azərbaycan Rusiya ilə münasibətlərin hərtərəfli normallaşmasına tələsməyəcək. İlk növbədə Azərbaycanın şərtləri yerinə yetirilməlidir. Bu, mülki təyyarənin vurulması ilə əlaqədar üzr istənilməsi, kompensasiya ödənilməsi və Azərbaycana qarşı törədilən cinayətlərdə iştirak edən günahkarların cəzalandırılmasıdır.
Hələlik düşünürəm ki, bu, müzakirə mərhələsidir və tərəflər yeni reallıqlarda bir-birinin mövqeyinin dəqiqləşdirilməsi ilə əlaqədar iş aparacaqlar.”
Aysel,
BakuPost