Ru
15:01 / 21 Noyabr 2022

Öz kitabını alan yazıçı, Drayzeri sevən riyaziyyat müəlliməsi və bir qutu alma... - “Qanun”un möhtəşəm aksiyasından REPORTAJ

33090


Çoxumuzun internetdən kitab sifariş etdiyi bir dövrdə sevindiricidir ki, kitab mağazalarını, sərgiləri gəzmək dəb halını alıb. Açığı, mən hər zaman internet qiymətləri ilə arasında dağlar qədər fərq yoxdursa, kitabı mağazadan almağın tərəfdarıyam. Bəlkə, bir az köhnə fikirli biriyəm, bəlkə də nostalgiyaya meyilliyəm, bilmirəm. Amma mənim üçün kitab mağazasında rəflər arasında dolaşmaqdan, o kağızın qoxusunu hiss etməkdən, kitabı rəfdən götürüb səhifələrini vərəqləməkdən aldığım həzzi internetdə “səbətə endir” düyməsinə tıklamağa dəyişmək mümkünsüz bir şeydir.


“Qanun” nəşriyyatı ilə eyni binada yerləşən redaksiyada çalışmağımın ən böyük şansım olduğunu düşünürəm. Kağızların, mürəkkəbin qoxusunun bir km-dən adamı bihuş etdiyi bu binanın qapısından içəri girər-girməz kitab dünyasına düşürsən. Giriş qapısından düz redaksiyanın ofisinə qədər məni kitablar müşaiyət edir. Bəzən olur pilləkənlərin başına düzülən bir-birindən maraqlı kitabları elə ordaca əyləşib vərəqləyirəm. Bir də baxıram qucağımı doldurmuşam kitabla.

“Qanun” nəşriyyatının qapısı təkcə sərgidən-sərgiyə deyil, həftənin bütün günləri oxucuların üzünə açıqdır.

Bir neçə ildir ki, “Qanun” nəşriyyatı insanları kitablarla görüşdürmək üçün müxtəlif aksiyalara, layihələrə imza atır. Növbəti uğurlu aksiya də “Qanun” nəşriyyatı”nın akt zalında keçirilən möhtəşəm kitab satış-sərgisidir. Burda oxucular hər dəfə kitab mağazasında qiymətinin bahalığına görə ala bilməyib yanından keçmək məcburiyyətində qaldıqları kitabları 30, 40, 70 faiz endirimlə əldə edir. Nəşriyyatın ensiz dəhlizində yaranan tıxac, kitabların satışının keçirildiyi çox da böyük olmayan akt zalındakı qələbəlik illərdir ziyalıların, yerli yazıçıların dilindən düşməyən “bizim cəmiyyət oxumağa meyilli deyil” düşüncəsinin yanlışlığının sübutudur.



Ən sevindirici məqam isə bu qələbəliyin əsasını gənclərin, orta məktəb tələbələrinin təşkil etməsidir. Gözümə azyaşlı övladları ilə birlikdə kitab almağa gələn ailələr də dəyir. Nə xoşdur ki, onlar övladlarını istirahət günü “Tarqovu”ya, alış-veriş, əyləncə mərkəzlərinə deyil, məhz kitab sərgisinə gətirir. Belə məqamda dəyərli alim Xudu Məmmədovun “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Vətəni tanıdın, onlar özləri sevəcəklər” fikri düşdü. O fikirdəki “Vətən” kəlməsini, həm də “kitab” kəliməsi ilə əvəz etmək olar, zənnimcə. Bəli, bu gün cəmiyyət, gənclər kitab oxumur deyiriksə, bunun səbəbini keçmişdə yol verdiyimiz səhvdə axtarmalıyıq. Nə xoşdur ki, indi az da olsa, gənclər bu səhvi düzəltməyə cəhd göstərir. Onlar bu gün üçün bəlkə də çox deyillər, ancaq gör-götür dünyasında yaşadığımızı nəzərə alaraq bir balaca əmin danışmaq olar ki, azsaylı valideynlərin bu davranışı gələcəkdə başqa valideynlərə də yaxşı bir nümunə olacaq.




Qələbəliyin arasında dolandıqca beynimdə özümlə etdiyim bu qısa söhbətə ara verib kassanın qarşısındakı izdihamı birtəhər yararaq səhərdən bəri dayanmadan oxucuları yola salmaqdan yorğun düşən kassir oğlana yaxınlaşıram. Ondan hansı janrda kitabların daha çox satıldığını soruşuram. Qarabəniz oğlan qiymət oxuyan aparatı əlindən yerə qoymadan suallarıma cavab verir. Gənclərin daha çox dünya yazarlarının kitablarına maraq göstərdiyini deyir: “Daha çox bədii ədəbiyyat alırlar. Məsələn, bu gün xarici yazarlardan Stiven Kinqin “O” kitabını, klassik ədəbiyyatdan “Don Kixot” əsərini, Qraf Monte Kristonun əsərlərini daha çox alıblar”.



Qarayanız kassiri oxucularla baş-başa buraxıb özümü yenə vururam qələbəlik arasına. Burdan bir-iki kitabla çıxan adam görmək çətin məsələdir. İki-üç torba kitabla çıxan adamlar daha çoxdur. Klassik ədəbiyyat şöbəsinin önündə Drayzerin kitabını vərəqləyən orta yaşlı xanıma yaxınlaşıram. Məlum olur ki, adı Aliyə olan bu xanım orta məktəbdə riyaziyyat fənnini tədris edir. Amma bədii ədəbiyyatı da çox sevir. Xüsusilə Drayzerin əsərlərinin onun daxili aləmi ilə səsləşdiyini deyir: “Drayezri çox sevirəm. Çünki həyatda qadınları deyil, həyatın özünü günahkar hesab edir. Kitab oxumağı, ədəbiyyatı çox sevirəm, ancaq zamanımın çox hissəsini kitab oxumağa sərf edə bilmirəm. Buna baxmayaraq, kitab almaq ənənəm, həvəsim azalmır. Evdə böyük bir kitabxanam var. Əvvəllər çox mütailə edirdim, indi zaman tapdıqca, ruhumu rahatlatmaq ehtiyacı hiss etdikdə mütləq özümü verirəm həmin zəngin kitabxanama”.



Aliyə xanım bununla ikinci dəfədir “Qanun” nəşriyyatının endrim kampaniyasından yararlandığını deyir. İnsanların kitabların qiymətlərinin baha olmasından şikayətləndiyi bir məqamda belə möhtəşəm endirim kampaniyasının əhalinin kitabsevər, ancaq maddi imkanları məhdud olan təbəqəsi üçün hədiyyə olduğunu deyir.


Aliyə xanım pedaqoq olaraq kitab oxumağın insan həyatına müsbət təsirləri haqqında da fikirlərini əsirgəmədi: “Kitab oxuduqca insanın baxış bucağı genişlənir. Hadisələrə daha geniş pəncərədən baxa bilirik. Kitab oxumayan insanlarda bu, baş vermir. Kitab oxumaq həm də həyat tərzdir, vərdişdir və bu vərdişi övladlarına aşılamaq valideynlərin öhdəsinə düşür. Mənim övladlarım gözlərini açandan bizim evdə kitab, kitabxana görüblər. Yadıma gəlir, qızım 3 yaşında olanda mən gecələr oxumaq üçün baş ucuma kitablar qoyurdum. Bir gün gördüm ki, 3 yaşlı qızım da gedib bir qucaq kitab götürüb çarpayısının baş ucuna qoyub. Valideyninin əlində kitab görən uşaq kitab oxumaq istəyəcək, mobil telefon görən uşaq isə mobil telefona meyillənəcək”.


Aliyə xanımla söhbətimizə yekun vurub uşaq ədəbiyyatı bölümünə tərəf istiqamət alıram. Burda azyaşlıların da olduğunu yazımın əvvəlində qeyd etmişdim. 10-11 yaşlı məktəbli qız qucağını rəngarəng kitablarla doldurub kassa qarşısında növbəyə dayanıb. Deyir, burda satılan uşaq ədəbiyyatına aid kitabların çoxunu oxuyub. Təəccübləndiyimi görən anası fəxrlə qızının sözünü təsdiqləyir.

Kitab alış-verişindəki bu izdiham ayın əvvəlində evimizin yaxınlığında yeni açılan ərzaq marketindəki endrim kampaniyasında toyuq, file üstündəki vur-həşiri yadıma saldı.



O mənzərəni görəndə ürəyimdən keçmişdi ki, kaş insanların heç olmasa, bir dəfə də qarın aclığını deyil, ruh aclığını doyurmaq üçün beləcə vur-həşirdə olduğunu görmək nəsibim olardı. Elə bu an qiyməti 70 faiz endirimə düşən Stefan Svayqin “Yad qadının məktubu” kitabı bir göz qırpımında piştaxtadan yoxa çıxdı.


Diqqətimi qoynuna sığmayacaq qədər kitabla hələ də sıraları dolaşan, kassaya yaxınlaşmağa tələsməyən daha bir oxucu çəkir və sürətlə özümü bu balacaboy, eynəkli xanımın yanına verirəm. Rus dili müəlliməsi olduğunu öyrənirəm xanımın. Nə az, nə çox, xanım düz 17 kitab alıb. Düşündüm ki rus dili müəlliməsidirsə,aldığı kitablar da yəqin rus dilində və xarici yazarların əsərləri olar. Amma kitabların arasından Şərif Ağayarın “Arıların səssizliyi” hekayələr toplusunun boylandığını gördüm. Xanım deyir ki, 20-ciəsr Azərbaycan yazıçılarını oxumağı sevir. 21-ci əsr yazarlar arasında da maraqlı yazıçılar olduğunu deməyi unutmur. Endirim kapmaniyasından ilk dəfə yararlanan xanım belə kampaniyaların tez-tez keçirilməsinin arzuolunan olduğunu deyir.



Giriş qapısında oxuclarla ünsiyyətdə olan, əl-qolla nə isə izah edən yazıçı, eyni zamanda da “Qanun” nəşriyyatının redaktoru Şərif Ağayara yaxınlaşıram. Bir az ironik tərzdə deyirəm:

-Şərif müəllim, bəs deyirlər, Azərbaycanda gənclər kitab oxumur?
Şərif Ağayar işarə barmağını izdihama tuşlayıb, “Mən hər zaman deyirəm və bu günkü mənzərə də onun sübutudur ki, “Azərbaycan xalqı kitab oxumur” mifi yalandır. Azərbaycan xalqı oxuyur, sadəcə olaraq Azərbaycan oxucusu ilə, Azərbaycan yazıçısının arasındakı bariyerləri qaldırmaq lazımdır” deyir və Azərbaycan yazıçısı ilə oxucusu arasında uçurum yaradan səbəblərdən danışır:
“Bunun bir neçə səbəbi var. Ən başlıcası odur ki, xarici müəlliflərdə çeşid həddindən artıq çoxdur. Xüsusilə də motivasiya ədəbiyyatı, uğur hekayələri, psixoloji kitablar. Bestseller həddindən artıq çoxdur. “Qanun” nəşriyyatı da həmin məşhur əsərləri mütəmadi olaraq tərcümə edib çapa buraxır. Məsələn “Qanun”nəşriyyatı”nda 3 gündə 2 kitab çapdan çıxırsa, bunun ikisi mütləq xarici ədəbiyyatdır.
İkinci vacib səbəbAzərbaycanda lazımi mühitin olmamasıdır. Lazımi mühit olmadığı üçün Azərbaycan yazıçısına bir güvənsizlik var. Necə ki, vaxtilə ordumuza, əsgərimizə inam yox idi, bu yarımçılıq kompleksi ədəbiyyata münasibətdə də özünü göstərir. Sanki bir az komleks var ki, bizim yazıçılar dünya ədəbiyyatının məşhur imzaları kimi roman, hekayə yaza bilməz. Üstəlikdə bizim bəzi yaşlı yazıçıların heç də yaxşı olmayan imicinin də bu məsələyə təsiri güclüdür. Daha bir səbəb də bu cür sərgilərin, endirim kampaniyalarının bu günə qədər keçirilməməsi, yazıçının öz yazdığı kitabdan qazanc əldə edə bilməməsi və nəticədə bütün gücünü kitaba verəməməsidir. Məsələn, mən bu gün burda oturub kiminsə romanını redaktə edirəm, halbuki özümün yazılmalı olan əsərlərim var. Amma dolanışıq üçün məcburam. Əgər mənim tirajım yetərli qədər olsa, bu, əksinə olar. Təsir əks-təsirə bərabərdir. Alıcı yazıçının kitabını çox aldıqca yazıçı da çox yazır”.



Yazıçı hesab edir ki, Azərbaycan kitabının yeganə xilas yolu müstəqil nəşriyyatların birbaşa oxucuya çıxmasıdır: “Qanun” nəşriyyatı bunu ilk bacaran nəşriyyat oldu. “Qanun” öz oxucusuna güvənərək ayaq üstdə qalan ən böyük nəşriyyatdır”.
Şərif Ağayar yazıçı eqoistliyi də edir bir balaca. Deyir ki, kitabları həddindən artıq ucuz qoyublar: “Buna hətta kitab satışı yox, hədiyyə kampaniyası demək olar (gülür). Məsələn Niyazi Mehdinin yeni nəşr olunan kitablarından birini 2 manata almışam. Halbuki bu kitabın öz qiyməti 10 manatdır. Öz kitabımı da almışam bu arada. 1-2 manata elə unikal kitablar var ki, adam baxır deyir, bir balaca imkanın ola, hamısını yığıb aparasan. Amma məsələnin əsas tərəfi budur ki, kitab insanları özünə çəkir və saatlarla kassanın önündə növbə yaranır. Bu onu göstərir ki, Azərbaycan oxucusu var. Mənim özümün də kitablarım davamlı olaraq eyni templə satılır. Alırlar, oxuyurlar. Bayaq bir oxucu kitabı alıb elə ordaca vərəqləyib dəhlizdə məni tutub təəssüratlarını bölüşür”.



Elə söhbətimizin şirin yerində oxuculardan biri Şərif Ağayarı imza üçün kənara dəvət edir. Yazıçı ilə oxucunun görüş yerinə çevrilən satış-sərgidə oxcular həm kitab alır, həm müəlliflə həmsöhbət olurlar, həm də dəhlizdə qoyulan iri qutudakıalmalardan dadırlar.

Divarın o tərəfindən ətrafa yayılan tarın həzin səsi kitab alış-verişindən ayrılan oxucuları yenicə yaranan “M Teatrı”nın fəaliyyət göstərdiyi zala çəkir. Xalq artisti, “M Teatr”ın bədii rəhbəri Vidadi Həsənov qapıya yaxınlaşan oxucuları içəri dəvət edir. Onlardan bəzilərini səhnəyə çıxarır. Mən içəri daxil olanda gənc bir oğlan Hüseyn Cavidin ölməz “İblis”əsərindən İblisin monoloqunu səsləndirirdi. Burda ürəyindən keçən mahnı da ifa edə bilər, şeir də söyləyə bilər. Vidadi müəllim və “M Teatr”da bu möhtəşəm aksiyanın iştirakçısına çevrilib. Dünyanın heç bir yerində belə bir kitab endirim aksiyası olmayıb deyə düşünürəm. Məndən fərqli olaraq dünyanın bir çox ölkəsində olan Vidadi Həsənov da bunu təsdiq edir. Hələ mənə də sual verir ki, “Dünyanın harasında belə bir şey var?” Çiyinlərimi çəkirəm. Elə bu an Vidadi müəllim məni səhnəyə qaldırır.
“Elə bilirsiniz, ancaq siz jurnalistlər bizim başımızın üstünü kəsdirib sorğu-sual ed bilərsiniz? Buyur, təəssüratlarını bölüş oxucularla. İndi sən də bu aksiyanın bir iştirakçısına çevrildin”.



Beləcə kitab satış-sərgisində bir günü başa vurdum. Amma sərgi hələ noyabrın 24-nə qədər davam edir. Bu da o deməkdir ki, gəlib həm qucaq dolusu kitab aparmaq, həm də mədəni istirahət etmək üçün 3 gün vaxtınız var.

Günel Musa,
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər