Ru
16:31 / 23 Sentyabr 2022

Qadınlar iş həyatında hansı maneələrlə qarşılaşır? - Araşdırma

47766
İşləmək və gəlir əldə etmək, kişilər üçün olduğu qədər qadınlar üçün də təməl insan haqlarındadır. Ölkəmizdə iş həyatı ilə əlaqəli olaraq ekosistem böyüdüyü üçün təbii olaraq qadınların iş həyatındakı ağırlığı da artır. Amma təəssüf ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qadınlar iş həyatında müxtəlif çətinliklərə məruz qalır. Bu yazımızda qadınların iş həyatında qarşılaşdıqları bəzi problemlərdən bəhs edəcəyik.





Yeni sosial-mədəni quruluşda qadınların iş həyatında aktiv olmasına baxmayaraq, cəmiyyətin onlara yüklədiyi rollar hələ də dəyişməyib. İş həyatına başlayan qadınlar digər tərəfdən ev işləri, uşağa qulluq, yaşlı ailə üzvlərinin qayğısına qalmaqla da məşğul olurlar. Beləliklə, qadınlar kişilərdən həm işdə, həm də ailədə onlara tapşırılan rol və vəzifələrə görə fərqlənirlər. Baxmayaraq ki, iş həyatında kişilər qədər qadınlar da yorulur, əziyyət çəkir, ancaq ailənin ayaqda qalmasında nədənsə hər zaman ən çox enerji sərf edilməsi qadınlardan gözlənilir.


Qadınların iş həyatında ən çox qarşılaşdıqları problemlərdən biri yetərincə ciddiyə alınamamaqdır. Əks cinsin nümayəndələri iş təcrübəsi çox olarsa, bu vəziyyət daha dəhşətli şəkil alır. Nəticədə bu hallar qadınların motivasiyalarını aşağı salır.


Beynəlxalq Əmək Bürosunun “Qadınlar üçün Qlobal Məşğulluq Trendləri 2004” və “Qayğı işi: Təhlükəsizlik Axtarışı, 2004” adlı araşdırmalarına görə, əvvəlki dövrlərlə müqayisədə, bugünkü iş dünyasında 2003-cü ilə qədər işləyən qadınların sayı son 10 ildə 200 milyon artıb. Yenə 2003-cü ilin rəqəmləri ilə yola çıxarsaq, qadınlar ümumi dünya işçilərinin 40 faizini təşkil edir (1,1 milyard qadın işçi/2,8 milyard ümumi işçi).


Müasir dünyada qadın və kişi işçilərin nisbəti bir-birinə kifayət qədər yaxın olsa da, kişi idarəçilərin nisbəti ilə müqayisədə qadın idarəçilərin nisbəti kifayət qədər aşağıdır. Məsələn, Azərbaycanda dövlət qurumlarında, universitetlərdə, böyük şirkətlərdə idarəçi qadınlara çox az rast gəlinir.





Mobbingn (iş yerində cinsi və sözlə istismar)


Qadınların iş həyatında qarşılaşdıqları digər çətinliklərdən biri də mobbing - yəni cinsi istismar, geryimlərə qoyulan qadağalardır. Bəzi şirkətlərdə qadınlara aid edilən geyim qadağaları onları gün boyu stress topuna çevirir.


Məruz qaldıqları mobbing, sözlü və cinsi istismar kimi problemlər, qadınların iş yoldaşları ilə münasibətlərinə və işdə əldə edə biləcəyi uğurlarına mane olur.


Peşə ayrı-seçkiliyi


Qadınların müxtəlif peşələrdə işləyə bilməyəcəkləri anlayışı təəssüf ki, iş həyatında qadınların qarşılaşdıqları problemlərdən biridir. İstər xalq arasında, istərsə də iş həyatının içində bir çox peşə “qadın işi”, kişi işi” olaraq sinifləndirilir. Bu da qadınların peşələrini icra etmələrinə böyük əngəllər törədir.

İşdənkənar gözləntilər


İş həyatında qadınlar, qadın olduqlarından qaynaqlanan xidmət gözləntisi problemi ilə də qarşı-qarşıya qalır. Bəzi iş yerlərində sadəcə qadın olduqları üçün onlardan çay gətirmələri, təmizlik işləri görmələri, qapı açma kimi əl-ayaq işlərinə buyrulmaqları kişi rəhbərlərdə ənənə halını alıb.

Bəhanələr


Qadınların iş həyatında qarşılaşdıqları çətinliklərdən biri də emosionallıq bəhanəsi ilə müxtəlif vəzifələrə uyğun görülməmələridir. Bu, qadının karyera yüksəlişinə mane olan bəzi amillərə işarə edir. Belə məqamda “şüşə tavan” anlayışı əhəmiyyət kəsb edir. Şüşə tavan metaforası ilk dəfə 1986-cı ildə Hymowitz və Schellhardt tərəfindən “təşkilati iyerarxiyalarda yüksək idarəetmə səviyyəsindən bir qədər aşağıda yerləşən və qadınların bu səviyyəyə yüksəlməsinə mane olan və ya məhdudlaşdıran maneəni” ifadə etmək üçün istifadə edilib.

Ona görə də bu anlayış qadınların iş həyatında yüksək vəzifələrə çatmasına əngəl törədən “görünməz” maneələr deməkdir. Bu maneələrin formalaşması birbaşa cinsiyyətlə bağlıdır. Qadınlara aid edilən və onlara xas olduğuna inanılan xüsusiyyətlər qadınlar üçün qandaldır.






İş yerində eyni vəzifədə çalışan kişilərə və qadınlara eyni şəkildə davransalar belə, bu davranışların şəxsə deyil, cinsiyyətə görə şərh edildiyini asanlıqla müşahidə etmək mümkündür. Məsələn, tez-tez belə fikirlər səslənir ki, qadın işçi ailə qurduqdan sonra onun işə münasibəti dəyşir, məsuldarlığı azalır, hətta işdən ayrılır. Amma kişilərdə bunlar baş vermir.


Bu cür cinsiyyətçi yanaşmlar təbii olaraq qadınların işdə məhsuldarlığını azaldır, çünki ədalətsiz rəqabət var. Kişi həmkarı qədər zəhməti və uğuru olduğu halda lazım olan mükafatı ala bilməyəcəyini görən qadın təbii olaraq ümidsizliyə sürüklənəcək. Bundan əlavə, o, güzəştlərdən məhrum olur.


Qadınların iş həyatında qarşılaşa biləcəkləri bütün bu problemlərin aradan qaldırılması və həlli üçün tədbirlər görülməlidir. Onların iş həyatında daha xoşbəxt, dinc və məhsuldar olmalarını təmin etmək çox vacibdir.


Günel Musa
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər