Ru
15:55 / 24 Noyabr 2022

Sabir Rüstəmxanlı: "Mənim uğurlarım Hüseyn Abbaszadənin xeyirxahlığından başlanmışdı"

Sabir Rüstəmxanlı: "Mənim uğurlarım Hüseyn Abbaszadənin xeyirxahlığından başlanmışdı"
Eye


“Noyabrın 22-də ədəbiyyatımızda özəl yeri olan, görkəmli yazıçı Hüseyn Abbaszadənin anadan olmasının 100 illiyi tamam oldu. Azərbaycan Yazıçılar Birliyindən öyrəndik ki, yubiley dekabr ayında qeyd olunacaq".

Bu fikirləri Bakupost.az-a açıqlamasında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

Hüseyn Abbaszadənin uzun illər "Ədəbiyyat və incəsənət" qəzetinə rəhbərlik etdiyini xatırladan Sabir Rüstəmxanlı bildirib ki, bu qəzet o vaxtlar ictimai proseslərə yanaşmada cəsarətli mövqeyi ilə seçilən yeganə mətbuat orqanı idi:

"Burada ədəbi proseslə, kitablar və sənət hadisələri ilə bağlı yazılarda imkan daxilində bəzən açıq, bəzən dolayı yolla xalqımızın taleyi ilə bağlı problemıərə də toxunurduq və bəzən buna görə təzyiqlərlə də üzləşirdik. Bu sərbəstlik Hüseyn Abbaszadənin təbiətindən və hadisələrə yanaşmasından gəlirdi. O, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsində şərəfli yol keçmiş Həzi Aslanov haqqında "General" romanının müəllifidir. Hüseyn Abbaszadənin xeyli başqa əsəri də var. Ömrü boyu yazıb-yaratmış yazıçı İkinci Dünya müharibəsində Qafqazdan Berlinə kimi yolları piyada keçmişdi. Müharibədə yaralanmışdı, ayağında qəlpələr var idi. Amma heç vaxt şuxluğunu, nikbinliyini itirmirdi".



Sabir Rüstəmxanlı “Ədəbiyyat və incəsənət” qəzetində işlədiyi dövrdə Hüseyn Abbaszadənin Azərbaycanın bütün elitası ilə yüksək münasibətlərinin şahidi olduğunu da vurğulayıb:

"Cəsarətli adam idi, qəzetdə də cəsarətli yazılara yer verirdi. Tələbə idim, qəzetdə bir məqaləm çıxmışdı və nədənsə, orda işləmək istəyirdim. Başqa namizədlər də var idi. Hərəyə bir yazı verildi ki, bunları redaktə edin. Hüseyn Abbaszadə redaktəyə baxandan sonra, həmin gün –mayın 4-ü mənə dedi ki, sabahadan işə gəl. Mən 4-cü kursda, əyani oxuyurdum. Artıq imtahanlar başlayırdı. Son kursda diplom işi yazmalı idik. Hüseyn Abbaszadə əyani təhsil aldığımı bilib dedi ki, eybi yoxdur, arada gəlməyə bilərsən. Sonra Bəxtiyar Vahabzadə gəlib Hüseyn Abbaszadəyə demişdi ki, "Hüseyn, mənim çox tələbəm olub, amma belə tələbəm olmayıb. Peşman olmayacaqsan”.

Beləliklə, mən 21 yaşımda “Ədəbiyyat və incəsənət” qəzetində işə düzəldim. Bəzən özü mənə yazmaq üçün mövzular verirdi. O vaxtdan başlayaraq qəzetdə ədəbi tənqid, teatr-kino, rəssamlıq şöbələrinin xətti ilə yazılar yazmağa başladım, şeir və hekayələrim çap olundu. Bütün SSRİ-ni “Ədəbiyyat” qəzeti vasitəsilə gəzdim. Hamısı Hüseyn Abbaszadənin xeyirxahlığından başlanmışdı".


Hüseyn Abbaszadənin gənc yazıçılara daim arxa durduğunu diqqətə çəkən Sabir Rüstəmxanlının sözlərinə görə, o, Moskvada keçirilən SSRİ Yazıçılar İttifaqının qurultayında ən gənc nümayəndələrdən biri olub: "Mirzə İbrahimovla da “Ədəbiyyat” qəzeti vasitəsi ilə tanış oldum. Süleyman Rəhimovun oğlu Şamo Arifin “Ayrılıq” kitabı çıxmışdı. Hüseyn müəllim dedi ki, bu kitab haqqında bir resenziya yaz. Bir də gördüm ki, redaksiyanın dəhlizindən Süleyman Rəhimovun səsi gəlir, “Hanı o yazını yazan?” Sonra məni görəndə dedi ki, "Mən elə bilirdim, yaşlı adamdır, sən demə, cavan oğlan imiş. Papaqlar altında oğlanlar var, xəbərimiz yoxdur". Sonra da Hüseyn müəllimə dedi ki, icazə ver, Sabir mənlə getsin. Getdik, yemək yedik, söhbət etdik. Dedi, Şamonu itirmişəm, amma bu gün səni tapdım.. "Ədəbiyyat və incəsənət"də hər yazı yeni bir tanışlıq idi.

Xalq yazıçısı Hüseyn Abbaszadənin yubileyini qeyd etməliyik. Onun parlaq xatirəsi daim yaşamalıdır. Onun Meydan hərəkatı vaxtı fəallığını, ictimai-siyasi həyatımızda böyük rolunu da qeyd etməliyəm. O, əsl Azərbaycan ziyalısı idi".

Zaur
Baku Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar