Ru
14:52 / 09 Avqust 2025

"Azərbaycan hərbi qələbəsini hüquq müstəvisində rəsmiləşdirdi”

"Azərbaycan hərbi qələbəsini hüquq müstəvisində rəsmiləşdirdi”
Eye

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Azərbaycan və Ermənistan liderləri, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanan Memorandumla bağlı bəyanat verib.

Bakupost.az xəbər verir ki, bəyanatda deyilir:

Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə tarixi bir sənəddir. Bu sənəd, mahiyyət etibarilə, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi hərbi qələbəsini geosiyasi, beynəlxalq hüquqi və diplomatik müstəvidə tam rəsmiləşdirdi. ABŞ Prezidentinin şahid kimi imzaladığı bu sənəddə sülhün bərqərar edilməsi məqsədinə sadiqlik ifadə olunur, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının qurulmasına şərait yaratmaq öhdəliyi Ermənistan tərəfindən qəbul edilir. Bundan başqa, iki ölkə xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun buraxılması barədə birgə müraciət imzaladılar. Minsk Qrupunun ləğvi isə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri idi. Digər vacib məqam, yekun sülh sazişi ilə bağlı müddəa çərçivəsində əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunun sənəddə rəsmən təsbit edilməsidir. Bu kontekstdə Azərbaycan tərəfi, Ermənistan Konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını əsas şərt kimi irəli sürmüşdü ki, bu da gələcək niyyət addımı kimi öz rəsmi təsdiqini tapıb.

Vətəndaş Həmrəyliyi Partiyası, imzalanmış birgə Bəyannaməyə əsasən, Ermənistanın ATƏT-in Minsk Qrupunun ləğv edilməsinə, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına razı olmasını, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyini yenidən təsdiq etməsini dövlətimizin prinsipial mövqeyinin təntənəsi və Azərbaycanın tarixi uğuru hesab edir.

Tramp administrasiyasının təşəbbüsü ilə keçirilən bu sammit həm də ABŞ-ın Cənubi Qafqazda yeni diplomatik fəallığının göstəricisidir. Bu mənada, 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə Azərbaycana göstərilən maliyyə yardımı ölkəmiz üçün simvolik məna kəsb edir. Lakin bu düzəlişin qüvvədə qalması Azərbaycan üçün prestij və prinsip məsələsinə çevrilib. Ona görə də Vətəndaş Həmrəyliyi Partiyası bu düzəlişin ləğvini tarixi ədalətin bərpası kimi qiymətləndirir.

Vətəndaş Həmrəyliyi Partiyası bəyan edir ki, Vaşinqton sammiti Azərbaycanın müstəqil siyasətinin, milli maraqlara əsaslanan diplomatik xəttinin, həm hərbi güc, həm də siyasi iradə ilə qorunduğunu göstərdi. Bu siyasət nəticəsində biz təkcə ərazilərimizi azad etmədik, həm də gələcək onilliklərdə bölgədə sülhün və inkişafın təminatçısına çevrildik. Vaşinqtonda baş verən bu diplomatik qərar, Prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin növbəti sübutudur.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar