Ru
16:09 / 09 Avqust 2025

Əliyevin ABŞ səfəri: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ

Əliyevin ABŞ səfəri: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ
Eye

Amerika Birləşmiş Ştatlarında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş Cənubi Qafqaz diplomatiyasının yeni mərhələsi kimi dəyərləndirilir. Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” üzrə razılaşdırılmış mətn paraflandı. Bu addım, illərlə davam edən gərginlik və münaqişədən sonra, iki ölkə arasında münasibətlərin tam normallaşdırılmasına aparan yolun açılması baxımından tarixi əhəmiyyət daşıyır.

Tərəflər yalnız sülh sazişinin paraflanması ilə kifayətlənməyərək, ATƏT-in Minsk Qrupu və onunla əlaqəli strukturların fəaliyyətinin dayandırılması barədə də razılığa gəldilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-ə ünvanladıqları birgə müraciət, beynəlxalq vasitəçilik formatına artıq ehtiyac olmadığını və münaqişənin siyasi həll mərhələsinin tamamlandığını göstərdi. Bu, eyni zamanda, regionun gələcəyinə dair məsuliyyəti tərəflərin üzərinə götürməsi anlamına gəlir.

Görüş zamanı kommunikasiyaların açılması məsələsi də əsas mövzulardan idi. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin olunması barədə razılıq əldə olundu.

Diqqət çəkən yeniliklərdən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan yeni bağlantı layihəsi oldu. Ermənistan ərazisindən keçəcək bu nəqliyyat dəhlizi üçün ABŞ və qarşılıqlı müəyyən ediləcək digər tərəflərlə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Layihənin reallaşması, Cənubi Qafqazın qlobal logistika və ticarət xəritəsində daha strateji mövqeyə çıxmasına şərait yaradacaq.

Bəyannamədə xüsusi olaraq qeyd olunub ki, tərəflər gələcəkdə hər hansı qisas cəhdini qətiyyətlə rədd edir və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipini tanıyırlar. Məhz bu Azərbaycan və Ermənistan arasında sülh dövrünün başlaması deməkdir. Bəyannamədə Donald Trampın da imzasının olması Ermənistanın öhdəliklərini yerinə yetirməkdən boyun qaçıra bilməyəcəyini deməyə əsas verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakupost.az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyan Vaşinqton görüşünün nəticələrini belə qiymətləndirir:


"Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə aparılan danışıqlarda möhkəm mövqe nümayiş etdirərək, həm Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təmin etdi, həm də sülhün bərqərar olması üçün zəruri olan bütün siyasi mexanizmlərin tətbiqinə nail oldu. Vaşinqtonda imzalanmış müqavilə, uzun illər boyu davam edən münaqişəyə son qoymaqla, regionda yeni dövrün başlanğıcını işarələyir.

Bu müqavilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə rəsmiləşdirir, Ermənistan tərəfi isə Azərbaycanın sərhədlərini tanıdığını açıq şəkildə bəyan edir. Sərhədlərin delimitasiyası və demarkasiyası üçün zəruri addımların atılması, gələcəkdə hər hansı hərbi qarşıdurmanın qarşısının alınması üçün möhkəm hüquqi baza yaradır. Eyni zamanda, əsirlərin və girovların azad edilməsi, humanitar məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunması ilə bölgədə sülh və etimad mühiti formalaşır.

İqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizlərinin açılması, regionun iqtisadi coğrafiyasını dəyişərək Azərbaycan, Ermənistan və digər qonşu ölkələr üçün yeni imkanlar yaradır. Bu, təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına ciddi təkan verir. Mədəni və humanitar əlaqələrin genişləndirilməsi xalqlar arasında dostluq və qarşılıqlı anlaşma mühitini möhkəmləndirərək, uzunmüddətli sülhün təmin olunmasına xidmət edir".

C.Məmmədovun fikrincə, müqavilənin imzalanması Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh və əmin-amanlıq şəraitində yaşamaq imkanını genişləndirir:

"Eyni zamanda, regionun sabitliyi qlobal enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin edir, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır. Bu da dünya iqtisadiyyatında müsbət dinamikanın artmasına töhfə verir.
Beləliklə, bu müqavilə Azərbaycan üçün həm tarixi ədalətin bərpası, həm də regionda sülhün və əməkdaşlığın təmin olunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu nailiyyət Ümumilli Lider Heydər Əliyevin siyasi irsinin davamı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir. Bu müqavilə Azərbaycan xalqının həm milli birlik, həm də dünya birliyi qarşısındakı məsuliyyətini bir daha təsdiqləyir. Regionun sabitliyi və inkişafı üçün önəmli addım olan bu sülh müqaviləsi, Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh, dostluq və əməkdaşlıq şəraitinin əsasını qoyur".

Milli Məclisin deputatı Məlahət İbrahimqızı da sülh müqaviləsinin hazırlanması və imzalanmasında Azərbaycanın mövqeyini və əldə olunan nəticələrin əhəmiyyətini yüksək qiymətləndirib:


"Fəxrlə və ədalət naminə deməliyik ki, həm sülh müqaviləsinin mətninin müəllifi, həm də onun təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Əslində 44 günlük Vətən Müharibəsindən sonra “biz bölgə tarixinin yeni səhifəsinə başlayırıq” deyən Azərbaycan Prezidenti tərəfindən bu müqavilə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara göndərilmişdi.

Sözsüz ki, ötən gecənin siyasi, iqtisadi, mədəni və humanitar baxımdan əhəmiyyəti uzun illər danışılacaq. Eləcə də möhtərəm Prezidentimizin ABŞ Prezidenti D.Trampın dəvəti ilə rəsmi səfəri haqqında, bu səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə də 907-ci maddəyə düzəlişlə bağlı rəsmi Vaşinqtonun qəbul etdiyi qərar haqqında çox şərhlər və tədqiqatlar aparılacaq. Sadəcə dünənki gecədə baş verənlər 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı və qazilərimizin sağlamlığı ilə qazandığımız möhtəşəm Zəfər və Xankəndi və ətraf bölgədə aparılan uğurlu anti-terror əməliyyatı nəticəsində bərpa olunan ərazi bütövlüyü və suverenliyimizi taclandıran bir gecə idi".

İqtisad elmləri doktoru, professor Rüfət Quliyev isə Bakupost.az -a açıqlamasında Azərbaycanın diplomatik uğurlarını və 907-ci düzəlişin ləğvinin əhəmiyyətini xüsusi vurğulayıb:


“Təbii ki, avqustun 8-i Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Biz 3 nəhəng məsələni həll edə bildik. Birincisi, ABŞ-nin özü ilə bir xəritə quruldu, sənədlər imzalandı və bununla 907-ci düzəlişin icrası dayandırıldı. Həmçinin Azərbaycan-ABŞ əməkdaşlığı ilə bağlı strateji işçi qrupunun yaradılması qərara alındı. Mən hesab edirəm ki, bu, böyük bir qələbədir.

İkincisi, Ermənistanla artıq böyük bir addım irəli getdik. Sülh müqaviləsinə çox yaxınıq. Sadəcə, Azərbaycan tərəfindən qoyulmuş son bir şərt — Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsi qalır. Nəticə etibarilə artıq Ermənistan buna “hə” dedi və cənab Prezidentin tələbi ilə razılaşdı. Mən düşünürəm ki, bu məsələ 2026-cı ildə həll olunarsa, bu, son tələb olacaq. Azərbaycanın daha bir tələbi isə Minsk qrupunun ləğvi ilə əlaqədar idi. Bununla bağlı həm biz, həm də Ermənistan tərəfindən müraciət olundu ki, bu da böyük bir addımdır.

Bir də “Zəngəzur dəhlizi” artıq, belə deyək, təşviqat-təbliğat nöqteyi-nəzərindən “Trampın yolu” adını alıb. Bu məsələ də praktik olaraq həll olunub. Burada hər iki ölkənin müstəqilliyinə heç bir ziyan gətirməmək şərtilə enerji sahəsində, texnoloji məsələlərdə, nəqliyyatda və bir çox sahələrdə dəhlizin çox müsbət nəticələri olacaq. Əgər Amerika bunun altına qol çəkibsə, deməli, burada geriyə yol yoxdur. "Zəngəzur dəhlizi" ilə əlaqədar gələcəkdə Ermənistan fikrini dəyişsə, bu, şəxsən Trampa təhqir kimi qəbul olunacaq.

Artıq Azərbaycan-ABŞ əlaqələrində hətta hərbi münasibətlər də inkişaf etdiriləcək. Mənə elə gəlir ki, bu, cənab Prezidentimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Biz həmişə səbrlə praqmatik addımlar atmışıq, təkliflərimizin demək olar ki, hamısı qəbul olunub. Bu o deməkdir ki, düzgün siyasət yürüdülüb və burada Azərbaycanın milli maraqları üstün tutularaq məsələ həll olunub”.

Beləliklə, Vaşinqton zirvəsi, Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin başlanğıcı hesab olunur. Lakin bu səhifənin davamlı sülh hekayəsinə çevrilməsi üçün sənəddəki prinsiplərin real həyatda icrası həlledici rol oynayacaq.

Bu tarixi nailiyyətlər Azərbaycanın siyasi iradəsinin, dövlət rəhbərliyinin qətiyyətinin və strateji baxışının bariz göstəricisidir. Prezident İlham Əliyevin müdrikliyi və sarsılmaz liderliyi sayəsində Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədi, həm də regionda sülh və inkişaf üçün möhkəm təməl yaratdı.

Azərbaycan bugünkü mövqeyi və nailiyyətləri ilə yalnız öz xalqının rifahını təmin etmir, həm də regionun sabitliyi, tərəqqisi və qlobal əməkdaşlığın inkişafı üçün etibarlı dayağa çevrilir.

Aysel, BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar