Ru
15:43 / 09 Avqust 2025

Vaşinqton razılaşması: Qafqazda geosiyasi balans dəyişdi - ŞƏRH

Vaşinqton razılaşması: Qafqazda geosiyasi balans dəyişdi - ŞƏRH
Eye

Xəbər verdiyimiz kimi, dünən Vaşinqtonda keçirilən tarixi görüş nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında birgə bəyannamə imzalanıb. ABŞ Prezidenti Donald Trampın şahidliyi altında imzalanan sənəd, iki qonşu ölkə arasında on illərlə davam edən münaqişənin həlli istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Bu barədə Bakupost.az -a danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişənin sonlandırılması istiqamətində 2025-ci ilin 8 avqust tarixində ABŞ-ın Vaşinqton şəhərində imzalanmış sülh müqaviləsi, Cənubi Qafqaz regionu üçün tarixi dönüş nöqtəsi olmaqla yanaşı, dünya diplomatiyasının mühüm nailiyyətlərindən biridir:


"Bu müqavilənin əldə olunmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin atdığı möhkəm siyasi əsaslar və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli diplomatik fəaliyyəti, siyasi uzaqgörənliyi və qlobal nüfuzu həlledici rol oynayıb.

Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla yanaşı, milli birliyi möhkəmləndirmək və ölkənin təhlükəsizliyini təmin etmək istiqamətində əvəzsiz xidmətlər göstərib. Onun yaratdığı siyasi dayaqlar və diplomatik əlaqələr müstəqil Azərbaycanın beynəlxalq arenada tanınmasına, təhlükəsizliyinin təmin olunmasına və ölkə daxilində sabitliyin bərqərar olmasına şərait yaratdı. Eyni zamanda, Heydər Əliyevin siyasi kursu ölkənin ərazi bütövlüyünün qorunması prinsipinə əsaslanırdı ki, bu da gələcəkdə Azərbaycan Respublikasının sülh və ədalət prinsiplərinə əsaslanan beynəlxalq siyasətinin əsasını təşkil etdi".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin dövründə isə Azərbaycan öz siyasi və iqtisadi mövqeyini gücləndirərək, regionda lider ölkəyə çevrilib:

"Xüsusilə 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində işğal altında olan geniş ərazilər azad edilmiş, ölkənin ərazi bütövlüyü bərpa olunub. Bu hərbi uğur, həm də İlham Əliyevin müdrik və çevik diplomatik fəaliyyəti ilə tamamlanıb, müxtəlif beynəlxalq səviyyələrdə Azərbaycanın haqq səsi layiqincə dinlənilib və dəstəklənib.

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə aparılan danışıqlarda möhkəm mövqe nümayiş etdirərək, həm Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təmin edib, həm də sülhün bərqərar olması üçün zəruri olan bütün siyasi mexanizmlərin tətbiqinə nail olub. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan müqavilə, uzun illər boyu davam edən münaqişəyə son qoymaqla, regionda yeni dövrün başlanğıcını işarələyir.

Bu müqavilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə rəsmiləşdirir, Ermənistan tərəfi isə Azərbaycanın sərhədlərini tanıdığını açıq şəkildə bəyan edir. Sərhədlərin delimitasiyası və demarkasiyası üçün zəruri addımların atılması, gələcəkdə hər hansı hərbi qarşıdurmanın qarşısının alınması üçün möhkəm hüquqi baza yaradır. Eyni zamanda, əsirlərin və girovların azad edilməsi, humanitar məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunması ilə bölgədə sülh və etimad mühiti formalaşır.

İqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizlərinin açılması, regionun iqtisadi coğrafiyasını dəyişərək Azərbaycan, Ermənistan və digər qonşu ölkələr üçün yeni imkanlar yaradır. Bu, təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına, dayanıqlı və davamlı inkişafa ciddi təkan verir. Mədəni və humanitar əlaqələrin genişləndirilməsi xalqlar arasında dostluq və qarşılıqlı anlaşma mühitini möhkəmləndirərək, uzunmüddətli sülhün təmin olunmasına xidmət edir".

Millət vəkili Naqif Həmzəyev isə bildirib ki, bəyannamənin ən mühüm hissələrindən biri "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasıdır:


"Bu addım, gələcəkdə sazişin tam imzalanması və ratifikasiyası üçün əsas təşkil edəcək.

Həmçinin ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması da tarixi əhəmiyyət daşıyır. Bu qərar, Dağlıq Qarabağ münaqişəsinin həllində uzun müddət vasitəçilik rolunu oynayan Minsk Qrupunun fəaliyyətinin başa çatdığını simvolizə edir.

Razılaşmanın dördüncü bəndində regionda nəqliyyat və kommunikasiya bağlantılarının açılmasının əhəmiyyəti vurğulanır. Bu, həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi, həm də Ermənistanın beynəlxalq bağlantılar üzrə qarşılıqlı fayda əldə etməsi üçün vacibdir.

Bəyannamədə xüsusi diqqət çəkən məsələ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsidir. Bu layihə Ermənistan ərazisində həyata keçiriləcək və ABŞ-ın bu regiona münasibətdə maraqlı olduğunu göstərir.

Donald Trampın şəxsən bu prosesin aparıcısı rolunu oynaması onun xarici siyasətdə əldə etmək istədiyi nailiyyətləri əks etdirir. Trump bu razılaşmanı diplomatik uğur və iqtisadi əməkdaşlıq imkanı kimi qiymətləndirməkdədir.

Bu razılaşma eyni zamanda Rusiyanın regiondakı nüfuzuna qarşı ABŞ-ın addımı kimi də dəyərləndirilir. Minsk Prosesinin bağlanması və ABŞ-ın vasitəçilik rolunu öz üzərinə götürməsi, Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə işarədir.

Bəyannamənin beşinci bəndində beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipi təsdiqlənir. Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması mənasını daşıyır.

Tərəflər "indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik" ifadəsi ilə gələcəkdə qarşılıqlı düşmənçiliyin qarşısını almağa söz verirlər.

Hal-hazırda paraf edilmiş sülh sazişinin tam imzalanması və sonradan hər iki ölkənin parlamentlərində ratifikasiyası gözlənilir. Bu proses hər iki tərəfdə siyasi və ictimai dəstək tələb edəcəkdir.

TRIPP layihəsi və digər kommunikasiya marşrutlarının açılması regionda iqtisadi inkişaf üçün yeni imkanlar yaradacaq. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün eyni zamanda region dövlətləri üçün iqtisadi fayda vəd edir".

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar