Ru
11:03 / 16 Noyabr 2021

“Müharibəni ağlaya-ağlaya çəkirəm” - Məşhur fotoqraf Rza Diqqəti ilə MÜSAHİBƏ - FOTO

14102
Dünyanın ən məşhur fotojurnalistlərindən sayılan həmvətənimiz Rza Diqqəti 1952-ci ildə Təbrizdə, azərbaycanlı ailəsində doğulub. “Nathional Gegraphic”, “GEO” və digər dünyaca məşhur jurnalların fotoqrafı olan Rza bəy daha çox dünyanın qaynar nöqtələrindən, müharibə bölgələrindən fotoreportajlar hazırlayır.

Rza Diqqətinin Bakupost.az -a verdiyi eksklüziv müsahibəsini təqdim edirik:

- Xoş gördük, Rza bəy! Necəsiz?

- Salamlayıram sizi və Bakupost kollektivini. Deyəsən müsahibəyə vaxtında çatmışam (gülür). Şükür çox yaxşıyam.


- Bəli. Görünür, Rza Diqqəti hər işdə diqqətlidir...

- Başqa cür ola bilməz. Hər işdə yalnız diqqətli və məsuliyyətli olduğun zaman uğur qaçılmazdır.


- Təbrizdə 54 il əvvəl, 13 yaşınızda bu sənətə başlayanda diqqətli, məsuliyyətli olduğunuza əsaslanıb uğur qazanacağınızı düşündünmüşdüz, yoxsa təsadüfən fotoqraflığa başladınız?

- Əslində, insan ürəkdən nə istəyirsə yaş fərqi olmadan həmin arzusuna çatmağa çalışır. Əgər ürəkdən bir işə marağın varsa onun arxasınca gedəcəksən. Məndə də belə oldu ki, 9-10 yaşımda çox maraqlı idi ki, ətrafımda nə görürəmsə hamıya bunu çatdıra bilim. İki mövzu həmişə məni daha çox maraqlandırırdı. Biri gözəllik idi. Hardasa bir gözəl ağac, gül, heyvan görəndə ürəyim belə titrəməyə başlayırdı. Başımı qaldırıb buludlara baxardım, onu gözəl bir fonda görəndə ürəyim sanki titrəməyə başlayırdı.

Digəri isə fəqir, yoxsul, çarəsiz, kimsəsiz adamları görəndə eyni hal məndə yenə baş verirdi. Bilməzdim ki, bu nədəndir. Gedib böyüklərə deyərdim ki, gəlin, baxın burada necə gözəllik var. Yaxud deyərdim ki, bu uşağın ayaqqabısı yoxdur, çöldə qalır… Amma görərdim ki, böyüklərə heç elə bil təsir etmir. İndi hansısa uşaq mənə yaxınlaşıb nəsə soruşanda, tez bütün işimi buraxıb, həmin uşağa qulaq asaram. Çünki mən bilirəm, uşaq vaxtı nə çəkmişəm. O qədər böyüklərə yaxınlaşıb nəsə göstərərdim ki, amma heç kim mənə reaksiya vermirdi. Sadəcə deyərdilər ki, yaxşı, oldu, gördük, bitdi. Amma mən düşünürdüm ki, böyüklərə göstərsəm onlar yardım edəcəklər, nəsə kömək edəcəklər. Elə həmin vaxt dedim bəlkə, sözümü yaxşı çatdıra bilmirəm, bəlkə rəsmlə bütün bunların şəklini çəkim. Fotonun nə olduğunu o vaxt bilmirdim. İki il rəsm çəkməyi öyrənməyə getdim. Amma çox pis rəssam idim, çəkə bilmirdim. Nə qədər etdim, rəsm çəkməyi öyrənə bilmədim. Çəkirdim sonra gətirib adamlara göstərirdim ki, baxın gül necə gözəldi, ayaqyalın uşaq şəklini göstərirdim hamı da baxıb deyirdilər ki, hansı ayaq, biz burada ayaq görmürük. Bu, bir az üzürdü məni. Evdə atamın fotoaparatı var idi, amma uşaq vaxtı onun nə olduğunu bilməzdim. O zamanlarada evlərdə belə fotoaparatlar olmurdu. Məhəlləmizdə atam birinci adam idi ki, fotoaparatı var idi. Onunla tətil günlərində Təbrizdə gölün kənarında fotolar çəkərdik. Fotoaparatı ya toylarda, ya da ailəvi gəzintilərdə istifadə edirdik. Heç düşünməzdim ki, fotoapartla hər şeyi çəkmək olar. 13 yaşımda ilk dəfə fotoaparatı əlimə aldım. Baxdım ki, bu necə bir şeydi, yalnız bizi çəkir, yoxsa hər şeyi bununla çəkmək olar? Gördüm ki, hara baxanda içinə foto düşür. Həmin vaxt atamdan soruşdum ki, bu hər şeyi çəkə bilər? Atam da dedi ki, əlbəttə hər şeyi çəkə bilir. O andan mən fotoaparata vuruldum və başladım fotoapartla şəkil çəkməyi öyrənməyə. Amma məni öyrədən usta, müəllim heç kim yox idi. Yəni fotoya aid hər şeyi özüm öyrəndim. Sonra mən oxuyub memar oldum. Foto içimdəki duyğuları bütün dünyaya göstərmək üçün bir vasitə idi. Bu peşəm deyildi, sadəcə buna vurulmuşdum.


- Heç kimin ağlına gəlməz ki, bir fotoqraf Sovet vaxtı Parisdən Bakıya gələr, 20 Yanvar faciəsinin fotolarını çəkər, sonra Parisə qayıdar. 26 fevral 1992-ci ildə Azərbaycanda soyqırm olduğunu necə öyrəndiniz və Bakıya necə gəldiniz?

- İlk dəfə 1987-ci ildə Bakıya gəldim və Bəxtiyar Vahabzadə, Fərhad Xəlilov, Anar Rzayev, Fikrət Qoca ilə tanış oldum. Möhkəm bir əlaqəmiz var idi. Onlarla daim əlaqə saxlayırdıq. Telefonla danışmaq çətin idi, daha çox məktublar yazardıq. Parisdə Ramiz Abıtalıbov adında bir azərbaycanlı da vardı və o sovet səfirliyində katib idi. Həmin vaxt Fransada yaşayırdı, amma indi Moskvadadır. O insan Azərbaycan haqqında həmin illərdə çox böyük işlər görüb. Özü də Sovet vaxtında belə bir işlər görmək çox çətin idi. Bu insanın da adı gərək, tarixdə qalsın. Azərbaycanda 20 Yanvar hadisəsi baş verəndə Moskvada yaşayan azərbaycanlı dostlar xəbər verdilər ki, bəs belə bir faciə baş verib, amma jurnalistləri ora getməyə qoymurlar. Mən də onlara dedim ki, Moskvaya gəlim bəlkə, bir yolunu tapıb gedə bilərik. Həmin dövrdə Fransadan Moskvaya viza verirdilər. Moskvadan başqa yerə getməyə də, qatara bilet almağa, təyyarəyə minməyə də gərək, viza göstərərdin. Viza olmasaydı, Moskvadan çıxa bilməzdin. Bizə də Moskvaya kimi viza verirdilər və deyirdilər ki, gedin sovet səfirliyinə, nazirliyə deyin və hara gedəcəksizsə oradan sizə viza verəcəklər. Amma Moskvada heç kim viza vermədi və dedilər ki, biz özümüz sizi qrupla Bakıya aparacağıq. Mən də iki gündür Moskvadayam və Bakıda nə olduğunu dəqiq bilirəm. Mən 10 il idi ki, dünyada baş verən müharibələrində dünyanın bir çox media orqanları ilə “Time Magazin”, “Life” və digərləri ilə işləyirdim. Müharibə ilə bağlı böyük təcrübəm vardı. Təcrübəmə əsaslanaraq fikirləşdim ki, bunlar yalan deyirlər, bir sözlə bizi aldadırlar, bizi Bakıya yox başqa yerə aparacaqlar. Məndən əlavə 20-30 nəfərə yaxın beynəlxalq jurnalistləri Bakıya getməyə yığışımışdılar. Onlar deyirdilər ki, neçə gündür bizi burada saxlayıblar və qoymurlar getməyə. Həmin vaxt Sovetin mətbuat naziri jurnalistlərlə söhbət edirdi. Sonra nazir gəldi ki, hazırlaşın sabah sizi təyyarə ilə Bakıya aparacağıq. Hamı səhər saat 09:00-da nazirin dediyi yerdə toplaşdı, amma mən getmədim. Sonra azərbaycanlı dostlarımızla gecə oturub söhbət etdik ki, necə, nə cür edək, nə yol var. Onlar da dedilər ki, təyyarəyə indi bilet ala bilməyəcəyik, amma qatarla gedə bilərik. O zaman Moskvadan Bakıya iki qatar gedirdi. Biri sürətlə gedirdi, yəni 4-5 yerdə dayanırdı, digəri isə hər kənddə, hər şəhərdə dayana-dayana gedirdi və 48 saata çatardı. Dedilər ki, 48 saatlıq olan qatara bilet alaq. O vaxt iki gün yol gedən qatarda viza yoxlamırdılar, amma ciddi nəzarət var idi. Azərbaycanlı dostlar qatarda bir otaq tutmuşdular. Nəzarətçi gələndə mən gizlənirdim. Bir cümlə öyrənmişdim: “Ya poroski neznayu, ya Azərbaycani”. Biri gəlib məndən nəsə soruşanda özümü kəndçi halına salırdım ki, guya Azərbaycanın hansısa kəndindənəm. Özü də elə geyinmişdim baxanda elə bilirdilər ki, dəqiq kənddən gəlmişəm. Əgər orada məni tutsaydılar, həm geri qaytarardılar, həm də həbs edə, eyni zamanda deportasiya edərdilər. Biz gecə ilə vağzala çatdıq. Birdə gördük ki, bütün vağzalda sovet əsgərləri əlində avtomatla çiyin-çiyinə dayanıblar. Nə qədər adam düşür hamısını yoxlayırlar. Təsəvvür edin, bu qədər yol gəlmişik indi bizi burada tutsalar geri qaytararlar. Sən demə, bizim azərbaycanlı dostlarımız planlaşdırmışdılar ki, iki qadın qatardan içəri girəcək guya, bizi yoxlayacaqlar. Mənimlə bərabər Əhməd adında biri vardı, o Türkiyədə film çəkən idi. O qadınlar gül ilə çıxdılar qatara içəriyə daxil oldular. Azərbaycanlı dostlar əsgərləri gördülər və dedilər ki, düşməyin, birimiz gedib baxsın vəziyyət necədir. Onlar gedib həmin xanımları gətirdilər. Xanımlar da bizə dedi ki, sizin nə qədər əşyanız varsa qoyun qalsın, əliboş bizimlə çıxın. Biri də mənim qolumdan tutub, elə bil ki sevgililər kimi çölə çıxdıq. Çöldə olan əsgərlərə çatanda bu xanımda əlini salıb boynuma və rusca əsgərlərə nə dedisə onlar da gülməyə başladı. Oradan nəhayət, çıxdıq və gördük ki, 3 jiquli markalı maşınlar bizi gözləyir. Hərəmizi bir maşına mindirib yola saldılar. Hərəmiz bir tərəfə getdik, amma sonra başqa yollarla hamımız bir evə gəldik. Ev də Bakının mərkəzi küçələrinin birində idi. O da yadımdadır ki, evin sahibi Qafur idi. Sabahı gün dostlar bir maşınla gəldilər və məni götürdülər. Maşının içində ayaq yerində uzanmışdım və üstümə də nəsə bir şey örtmüşdülər. Bilmirdim hara aparırdılar, amma arada mənə deyirdilər ki, Rza bəy dur bax. Başımı qaldıranda gördüm ki, rus tankları vardı. Onları oradaca tez çəkib gizlənirdim. Üç gün azərbaycanlı dostlarla Bakıda biz morqa, xəstəxanalara, şəhidlər xiyabanına getdik və bütün olanları çəkdim.
Bakıda çəkdiklərimi Parisdə paylaşdım, 18 televizorda yayımlandı. Sonra mən maraqlandım ki, bəzi televizorlar deyirdilər belə bir material yoxdur. Mən də deyirdim ki, axı 20-30 nəfərə yaxın jurnalistləri aparmalı idilər Bakıya, axı biz onları Bakıda heç görmədik. Ümumiyyətlə, heç yerdə görmədik. Sonra bildim ki, sən demə, həmin jurnalistləri təyyarəyə mindirib aparıblar Yerevana. Amma mən təcrübəmdən hiss etmişdim ki, onları Bakıya aparmazlar, ona görə də onlarla getmədim. İrəvanda da həmin jurnalistlərə deyiblər ki, Bakıda problem vardı biz təyyarəni İrəvanda saxlamalı olacağıq. Yerevanda hava limanında 20-30 qoca erməni qadınları yığıblar ki, vay-şivən salsınlar, guya, azərbaycanlılar bunları qovublar, yurdlarından ediblər. Bunlar da jurnalistlərdir, axı nə bilirlər ki, burada yalan, qurma iş var. Onların hamısı da bu vay-şivən edən erməni qadınlarını çəkiblər və bütün dünya telekanallarında veriblər. Mən Bakıda çəkdiklərimi aparıb Parisdə 18 televiziyada yayımlayandan sonra onların əsl üzü ortaya çıxdı. Dünyaya bildirdik ki, həmin 20-30 dünya jurnalistlərinin göstərdikləri yanlandır. Bir sözlə, ermənilərin iyrənc oyunlarını ifşa etdik. Düzdür, bu fotoları yayımlayanda çox təzyiqlərlə üz-üzə gəldim. Hətta günü bu gün də o təzyiqlər davam edir. Vətən Müharibəsi 44 gün oldu, informasiya müharibəsi isə 44 ildir davam edir.



- Ömrünüzün yarıdan çoxunu müharibədən əziyyət çəkən insanların ağrılarını, dramlarını çəkib, müharibənin qaranlıq üzünü bəşəriyyətə göstərməyə həsr etmisiniz. Bu qədər faciələ şahidlik etmək sizi sarsıtmayıb, səhhətinizə ziyan vurmayıb ki?

- Zərərlər mütləq ki, ola bilər, amma mən bunu bilmirəm. Hər insan bunun yolunu tapmalıdır ki, ona çox da zərər vurmasın. Əslində, özüm deyə bilmərəm ki, mənə zərəri olub və ya olmayıb. Onu mütəxəssislər, həkimlər müayinə edəndə bilərlər. Müharibə stressindən çıxmaq üçün daha çox şeir oxuyuram. Çünki şeir adamın ürəyini, ruhunu təmizləyir. Livanda ən pis müharibə vaxtında fotolar çəkmişdim. Orada hospitalda Norveçdən gələn həkimlər vardı, onlar mənə deyirdilər, bu, hospitalın pulunu norveçlilər ona görə bizə verirlər ki, sizin fotonuzu görüblər. Birinci Qarabağ müharibəsində Xocalı faciəsindəki fotolar insanın ürəyini param-parça edirdi. Düzdür, həkimlər məni dərindən yoxlasalar bəlkə də psixoloji xəstəlik tapa bilərlər. Amma özüm bilmirəm.



- Müharibə bölgələrində foto çəkməyin ən çətin tərəfi nədir?

- Ən çətin tərəfi odur ki, həm ağlayıram, həm də foto çəkirəm. Mən fotolarımın yarısını ağlaya–ağlaya çəkmişəm. Mən ağlayanda ürəyim titrəyir. Həmişə düşünürdüm ki, insan necə zalım olar, niyə zülm edər. Artıq o qədər alışmışam ki, elə yerlərə gedirəm gənc əsgərlərin cürətləri olmur gəlməyə. Bəzən deyirlər, getmə ora təhlükəlidir. Mən isə gülürəm. Ölməkdən qorxmuram, onsuz da hamı bir gün öləcək. İnsan yaşayanda ölməkdən qorxsa, ona yaşamaq demək olmaz. 5-gün, 5 ay, 5 il biz bilirik ki, öləcəyik. Amma yaşadığımız o günləri öləcəm deyib qorxu ilə keçirtsə, daha o yaşamaq deyil.

- Rəhmətlik Çingiz Mustafayev Xocalı faciəsini lentə alanda hönkür-hönkür ağlamışdı...

- Bu məsələ insanın ürəyinə bağlıdır. Təsirli mənzərələr çox olub. O vaxtlar fotoaparatlar elektronik deyildi, gərək əl ilə tənzimləyərdin. Mən də o qədər ağlayardım ki, gözüm dəqiq görməzdi və fotolarımın yarısı yaxşı çıxmazdı. Bəzən deyirdilər ki, axı sən fotoqrafsan jurnallarda çıxan fotoların niyə belədir. Daha deyə bilmirdim ki, həm ağlayırdım, həm çəkirdim.

- Bir neçə müharibə fotorepartyorları ailə, övlad sahibi olduqdan sonra bu sənətdən əl çəkiblər. Sizin də iki övladınız var...

- Heç vaxt olmayıb ki, ailəmi işimdən öndə tutum. Bir tərəfdə ailəm, digər tərəfdə isə insan talelərin, hekayələri... Bu hekayələri dünyaya çatdırsam, onlara yardım olacaq. Bu iki məsələni tərəzidə qoyanda mənə başqa insanlar daha ağır gəlib. Bunu birinci gündən həyat yoldaşım bilib. Uşaqlar olandan sonra onları da elə böyütmüşük ki, anlayıblar niyə gedirəm bu yerlərə, nə üçün çəkirəm. İndi övladlarımdan oğlum 26, qızım 23 yaşındadır. İki il bundan əvvəl belə bir söhbət oldu və qızım Canan mənə dedi ki, “bilirsən ata, sən hər dəfə səfərə gedəndə biz qardaşımla bir-birimizə baxırdıq və bəlkə axırıncı dəfədir səni görürük” kimi hisslər yaşayırdıq (gözləri dolur). İndi dünyanın hər yerində şəhid uşaqları ilə əlaqəm var. Onlara bacardığım qədərilə həmişə yardım edirəm. Çünki onları görəndə düşünürəm ki, bəlkə onun atası ilə bir yerdə olmuşam. İndi istəyirəm ki, İkinci Qarabağ müharibəsi şəhidlərinin uşaqları üçün foto dərslər keçəm. Bunu planlaşdırıram.



- 40 ildən çoxdur ki, Təbrizdən ayrılmısınız. Amma orda yaşayan azərbaycanlıların da faciələri böyükdür. Elə son vaxtlarda bir neçə dəfə mitinqlər keçirildi, neçə-neçə gənc azərbaycanlı aktivistlər həbs olundu, ölüm hökmü oxundu. Bütün bunları kənardan seyr etmək sizə necə təsir edir?

- 1981-ci ildə İranda vuruldum, tutuldum və məcbur oldum İrandan qaçmağa. İndiyə kimi də qayıtmamışam. Çünki İrana gedə bilmərəm...

Ardı var...





Fəridə Söhrabqızı
BakuPost
Şərhlər
  • Rəhim

    Çox sağ olun Rza bəy, Siz əsil Vətənpərvər, əsil Azərbaycanlısınız, can sağlığı arzulayıram...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər