Ru
17:15 / 05 Noyabr 2019

Qocalar bayıra, cavanlar içəri!? - ŞƏRH

8376
Bir neçə gün bundan əvvəl “The New York Times” qəzetində belə bir məqalə çap olunmuşdur – “Out With the Old, In With the Young” (Qocalar bayıra, cavanlar icəri).

Məqalədə ABŞ-da demoqrafik perspektivlər, ABŞ konqressinin üzvlərinin yaş məsələləri, ümumilikdə isə cavanlar-yaşlılar dilemmasına münasibət bildirilir. Son günlərdə Azərbaycanda da demək olar ki, bütün kütləvi informasiya vasitələrində cavanlar-qocalar məsələsinin ən çox müzakirə olduğunu nəzərə alaraq adı çəkilən məqalədən əldə olunan məlumatlar əsasında həmin məsələlərə münasibət bildirmək istərdim.

“Yaş nədir?” sualına hərə bir cür yanaşır. Biri deyir ki, yaş statistikadır, bunun qocalığa aidiyyəti yoxdur. Başqaları israrla sübut etməyə çalışır ki, yaş özünü necə hiss edirsən odur. Bütün bunlara baxmayaraq insan harada, hansı vəziyyətdə olmağından asılı olmayaraq yaşamaq istəyir.

Niyə? Çünki yaşamaq gözəldir. Yaşımızı verərək biz ömür qazanırıq. Ömür qazandıqca da yaşlaşırıq. Deməli yaşlaşdıqca da qocalırıq. Bu sözü deməkdən, bu hissləri yaşamaqdan qorxmağa da dəyməz. Axı hər yaşayana da qocalmaq qismət olmur.

Bəs nədən bu narahatlıqlar ortadadır? İşləməmək qorxusumu, tək qalmaq hissimi, yoxsa həyatın bir küncünə atılıb heç kimə, heç nəyə lazım olmamaq xofumu?


İctimai fikrir tariximizin böyük nümayəndələrindən biri, görkəmli ziyalımız Əhməd bəy Ağaoğlu İstanbul universitetindən uzaqlaşdırılandan sonra yazırdi ki, həyatda ən ağır şey həyatın xaricinə atılaraq məəttəl və seyrçi durmaqdır.

Hansı tərəfə yozsaq da, nə qədər saysız hesabsız dəlillər gətirsək də, Tanrının bizə verdiyi ömür sayğacı yeganə sayğacdır ki, rəqəmlər əleyhimizə işləyir, üstündən gedir (qalan bütün sayğaclarda isə üstünə gəlir). Qısası qocalıq qocalıqdır, cavanlıq da cavanlıq. Birində səbr, digərində dinamika, birində təcrübə, digərində təcrübəsizlik, birində dəliqanlılıq, digərində peşmançılıq.

Əlbəttə, hər bir insan ömrünün bütün mərhələlərində uğur qazana bilər, yetər ki, sadəcə istək və mübarizlik olsun. Çoxumuz yaşlandıqca həyata küskün baxırıq, özümüz də bilmirik oturub nəyi gözləyirik, fəaliyyətsiz oluruq. Bəzən unuduruq ki, iradə ortaya qoymaqla, mübarizə aparmaqla müəyyən uğurlara imza atmaq mümkündür. Əlbəttə mən onu demirəm ki, hamı istəsə 24 yaşında İssak Nyuton kimi yerin cazibə qüvvəsini kəşf edəcək, yaxud bəstəkar Verdi kimi 75 yaşında opera yazacaq. Hamı Bethoven olmayacaq ki, 13 yaşında əsər bəstələsin, ya da Höte kimi ilk şerlərini 10 yaşında yazsın, Çarli Çaplin kimi 76 yaşında hələ də film rejissorluğu etsin, Motsart kimi isə 6 yaşında ikən konsert versin. Kifayətdir ki, sonda "mən həyatımı boşuna yaşamadım, insanlara ziyan vermədim” cümləsini deyə biləsən.

Bəs yuxarıda qeyd etdiyim kimi qocalar-cavanlar məsələsi sahəsində ABŞ-da vəziyyət necədir. Bunu yuxarıda adı çəkilən məqalədə ABŞ Konqressinin timsalında araşdırmağa çalışıblar. ABŞ Konqresi, Kolumbiya, Guam, ABŞ Virgin adaları, Amerika Samoası, Şimali Mariana Adaları və Puerto Riko ştatlarından olan 50 ştatı təmsil edən 541 nəfərdən ibarətdir. 1789-cu ildən bəri 12 346 şəxs ya Nümayəndələr Palatasının üzvü olaraq (11 040 nəfər), ya da Senatın üzvü (1.983 nəfər) kimi xidmət etmişdir. Bu şəxslərdən 677-si hər iki palatada xidmət etmişdir.

17 Oktyabr 2019-cu il tarixinə 116-cı ABŞ Konqresində mövcud olan vəziyyət aşağıdakı kimidir:

· ​Nümayəndələr Palatası: 238 Demokrat (4 nümayəndə daxil olmaqla), 199 Respublikaçı (o cümlədən, 1 nümayəndə və Puerto Riko Daimi Komissarı), 1 Müstəqil və 3 vakant yer var.
· ​Senat: 53 Respublikaçı, 45 Demokrat və 2 müstəqil, hər ikisi də Demokratlarla birlikdədir.



Ümumilikdə, 116-cı Konqressin 50 ştatdan 535 üzvü (100 Senator, 435 Nümayəndə) var. Nümayəndələr Palatasında olan 5 üzv Kolumbiya dairəsindən, Guam, Amerika Samoası, ABŞ Virgin adaları və Şimali Mariana Adalarından və 1 Puerto Riko Rezident Komissarıdır. Cəmi 541 üzv.


ABŞ Konstitusiyasına görə, nümayəndələr palatasının üzvünün ən azı 25 yaşı olmalıdır. 116-cı Konqresin ən gənc nümayəndələr palatasının üzvü 13 Oktyabr 1989-cu il təvəllüdlü Alexandria Ocasio-Cortezdir (Demokrat, Nyu York ştatından). Ən yaşlı nümayəndəsi, 85 yaşında (9 İyun 1933-cü ildə anadan olub) Don Gəncdir (Respublikaçı, Arkanzas ştatından).
ABŞ Konstitusiyasına görə Senator vəzifəyə başlayanda ən azı 30 yaşı olmalıdır. 116-cı Konqresdəki ən gənc senator 39 yaşında olan 31 dekabr 1979-cu il təvəllüdlü Josh Hawley (Respublikaçı, Missouri ştatından), ən yaşlı senatoru isə 22 İyun 1933-cü ildə anadan olmuş 85 yaşında olan Dianne Feinsteindir (Demokrat, Californiya ştatından).

ABŞ-ın 116-cı Konqresində senatorların ən çox işlədikləri sahələr dövlət qulluğu, siyasət, biznes olmuşdur. Nümayəndələr palatasının üzvləri isə daha çox dövlət qulluğundan, siyasətdən, biznesdən və hüquq sahəsindən olanlardır.

116-cı Konqresdə rekord sayda - 131 qadın üzv (ümumi üzvlərin 24,2%-i), 25 nəfər isə (25%) Senatın üzvü olmuşdur. Müqayisə üçün demək olar ki, təxminən 35 il əvvəl 99-cu Konqresdə (1985-1986) 23 qadın Nümayəndələr Palatasında, 2-si isə Senatda olmuşdur.

Nümayəndələr palatasının 24 üzvü və beş senator (116-cı Konqresin 5.3%) ABŞ-dan kənarda doğulmuşlar. Doğulduğu yerlərə Kanada, Kuba, Ekvador, Almaniya, Yaponiya, Peru və Hindistan daxildir. ABŞ Konstitusiyasına görə nümayəndələr palatasının üzvü olmaq üçün yeddi il, senator olmaq üçün isə ən azı doqquz il ABŞ vətəndaşı olmaq tələb olunur.

116-cı Konqresdə hərbi xidmət etmiş 96 nəfər (ümumi üzvlüyün 17,8%-i) var. Bu üzvlər Vyetnam Müharibəsində, Fars Körfəzi müharibəsində, Əfqanıstanda, İraqda və Kosovada, habelə, sülh dövründə döyüş və ya sülhməramlı missiyalarda iştirak etmiş hərbiçilərdir. 116-cı Konqresdəki veteranların sayı son onilliklərdə davamlı azalma tendensiyasını əks etdirir. Məsələn, 97-ci Konqres üzvlərinin 64%-i (1981-1982) müharibə veteranları olmuşdursa, 92-ci Konqresdə (1971-1972) isə üzvlərin 73%-i veteranlar idi.

Bugün senatorların orta yaş həddi 63, Nümayəndələr palatasının üzvünün isə orta yaş həddi 58-dir ki, bu da 1981-ci illə müqayisədə təxminən 10 yaş çoxdur. Belə bir fikir də irəli sürülür ki, yaşlı adamların (yaşı 65-dən çox olanlar nəzərdə tutulur) siyası töhfələri 30 yaşında olanlara nisbətən 3 dəfə çoxdur. Ən azından onların pulları və geniş əlaqələri bunu deməyə imkan verir.

Amerika seçicisi bugün 1970-ci ildən bəri ən yaşlı seçici olmuşdur. Təxmin olunur ki, 2034-cu ilə qədər 65 yaşdan çox olan əhalinin sayı 18 yaşa qədər olanların sayından çox olacaq. 2060-cı ildə isə bu rəqəm qocaların xeyrinə iki dəfədən çox olacaq. 2018-ci il aralıq seçkiləri zamanı 54-72 yaşlı seçicilərin faizi 64 olmuşdursa, 29 yaş və ondan aşağı səs vermək hüququ olanların sayı 31% olmuşdur.

Hesab olunur ki, 2040-cı ilə qədər ABŞ əhalisinin 70% ən çox əhali yaşayan 15 ştatda olacaqdır. Bu da o deməkdir ki, həmin 70% amerikalıları ancaq 30 senator təmsil edəcəkdir, yəni hər ştatdan 2 senator olmaqla.

Bəziləri nəsillərin bərabərliyinə riayət etməyin yanlış yanaşma olduğunu iddia edirlər. Bu yaxınlarda Oksford Universitetinin professoru Villiam MacAskil, gənclərin lehinə yaş dərəcəsi səslərini təklif etdi. Yəni 18-27 yaş arası olanlar 68 və daha yuxarı şəxsin altı qat səs ağırlığına sahib olmalıdırlar ideyası nəzərdə tutulur. Bu yanaşma arzu olunandır ya yox, bunu demək çətindir, amma burada bir təxribatçılıq elementləri hiss olunur. Bu cür xəyalı islahatların heç bir perspektivi görünmür və bu, məsələnin həlli hesab oluna bilməz. Belə olan halda yaşlı insanların üzərinə həm də belə bir məsuliyyət düşür ki, onlar nəsillərarası əməkdaşlıq yollarının tapilmasını həyata keçirsinlər.

Cənab İlham Əliyev öz çıxışında qeyd edir: “Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.»



Nəticə olaraq belə deyə bilərik ki, insanın əmək və əqli qabiliyyəti normaldırsa, istənilən yaşda işləməsi onun arzusundan asılı ola bilər, yəni məqalədə deyildiyi kimi, ya içəri, ya bayıra. Əgər səhhətində müəyyən problemlər varsa demək bir yol qalır – Bayıra. Heç kim də həyatın “sürpriz”lərindən sığortalanmayıb. Bu “sürpriz”lər bizi 30-40-50-60 yaşlarında haqlaya bilər.

Ona görə də yaşından, səhhətindən asılı olmayaraq hamımız islahatlar prosesinə öz töhfəmizi verməliyik.

Professor Əfqan Abdullayev


Şərhlər
  • Vaqif

    Mustafayevi necə gənc saymaq olur? Qastrolyor (Fiqaro ) gənclərdən nə fayda Bir də ki, ixtisası,təcrübəsi, uyunliğu olmayanları,işlərində fərqlənməyən bir bölgə guya gənclərini vəzifələrəə təyini ölkəyə nə gətirə bilər ki?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər