Ru
11:25 / 25 Yanvar 2023

15 ay Ağdamda qalan fotoqraf: "Vaqonda yatırdım, az qaldım minaya düşəm…" - VİDEO

40895
Ağdam işğaldan azad olduqdan sonra fotoqraf Mahir Hüseynbəyli 15 ay sərasər bu rayonda dolaşıb, ermənilərin xarabalığa çevirdiyi şəhərin, tarixi abidələrin, qəbiristanlıqların görüntülərini lentə alıb. O, bu görüntülər əsasında "Ağdamın ağ damı: erməni vandalizmi şəkillərin dilindən" adlı fotoalbom hazırlayıb.



Mahir Hüseybəyli Bakupost.az –a müsahibəsində bu layihə, eləcə də Ağdamda başına gələn hadisələr barədə danışıb:

“Təsadüf nəticəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla tanış oldum. Ona Ağdamla bağlı çəkmək istədiyim film barədə danışdım. Dedim ki, Ağdamın işğaldan əvvəlki vəziyyəti, işğal dövründəki dağıntılar və hazırda şəhərin necə qurulduğunu göstərmək istəyirəm. Bu təklif maraqla qarşıladı və mən Ağdama getdim. Orda çəkiliş zamanı boş vaxtlarım olurdu və Ağdamdakı dağıntıları çəkməyə başladım. Çünki müəyyən vaxtdan sonra oralar söküləcək və gözəl bir şəhər qurulacaqdı.

Ancaq tək Ağdamın dağıntılarını çəkməkləə kifayətlənmədim. Hazırladığım kataloqa həm də şəhərin işğaldan əvvəlki fotolarını daxil elədim. Yəni göstərmək istəyirdim ki, Ağdam bu cür gözəl şəhər olub. Onun ardınca işğaldan sonrakı dağıntıların görüntülərini qoydum. Düşündüm ki, axırda Ağdamdakı quruculuqla bağlı fotoları qoysaq, daha yaxşı olar”.

M.Hüseynbəyli deyib ki, bu işləri görmək heç də asan olmayıb. Bir tərəfdən şəraitsizlik, digər tərəfdən mina təhlükəsi ciddi problemlər yaradıb:

”Orada həddən artıq mina vardı. Çıxırdıq şəhərə it, canavar, ilanla qarşılaşırdıq. Çətin və maraqlı günlər oldu. Bu mənim Vətənə borcum idi. O fotoların hamısını tək çəkmişəm. Bir müddət Quzanlıdakı qonaq evində qaldım. Hər gün səhər durub Ağdama gedirdim. Özümlə yemək və su aparırdım. Onda hələ orada heç nə yox idi. 3-4 aydan sonra Ağdamda bir vaqonda qaldım. Sonra xüsusi nümayəndə üçün düşərgə tikildi. Orada Emil müəllim mənə qalmağa yer verdi. Emin Hüseynova təşəkkür edirəm ki, mənə şərait yaratdı. Bu çəkiliş mənim şansım idi. Heç kəsin çəkmədiyini çəkdim. Bir dəfə Emin müəllimə dedim ki, siz tarixə düşəsiş məmurlardansız. Yəni, məmur var ki, kabinetdə işləyir, Siz isə bu qədər işi çiyninizə götürmüsüz, bu çətin şəraitdə böyük işlər görürsüz”.


Müsahibimiz bildirib ki, Ağdamda dağılmış evlər arasında 20 il dostluq etdiyi məşhur gitaraçı Rəmişin də evini tapıb:

“Mən özüm Tərtər rayonundanam. 90-cı illərdə Ağdamda çəkilişlər aparmışam. Bu dəfə çəkiliş aparanda Ağdam minalardan təmizlənməmişdi. İlk günlər çəkiliş aparanda maşın yolu ilə hərəkət edirdim. Sonra bir sapyor oğlan tapdım. O, harada nə olduğunu bilirdi. Polis işçiləri də kömək edirdilər. Elə də problem yaşamadım.

Bilirdim ki, 20 ilə yaxın dostluq etdiyim Rəmişin də orada evi var. Qardaşının köməyi ilə o evin xarabalığını tapdım. Hər şey dağılmış, yerlə yeksan olmuşdu. Çox kədərli mənzərə idi.

M.Hüseynbəyli deyib ki, dəfələrlə təhlükə ilə üzləşəsə də, onda heç vaxt onda qorxu hissi yaranmayıb:


"Məndə ümumiyyətlə, qorxu yoxdu. Əlimdə fotoaparatım və kamera olanda qorxmuram. Bir dəfə az qalmışdı bizi vursunlar. Orada Faiq adlı oğlan vardı. Dedi, maraqlı bir yer var, gedib oranı çəkək. Dedim, mən də bir yer görmüşəm, gedib çəkək, sonra sən deyən yeri çəkərik. Mən çəkiliş edəndən sonra onun dediyi yerə tərəf 100 metr getmişdik, dedim, gəl qayıdaq burdan. Dedi, yox, gedək çəkək, maraqlı yerdi. Nə isə, geri qayıtdıq. 2 saatdan sonra o gedəcəyimiz yerdə snayperlə "Azərcell"in işçisini vurdular. Getsəydik, bizi də vuracaqdılar. Ürəyimə damdı ki, getmək lazım deyil.


M.Hüseybəyli vurğulayıb ki, Prezidentin xüsusi nümayəndəsi ona yalnız Ağdamı deyil, bütün Qarabağ ərazisindəki dağıntıları çəkməyi təklif edib:


"İndi planımda odur ki, bu kataloqu bitirim, gedib Şuşa istisna olmaqla, Fizuli, Hadrut, Suqovuşan və digər ərazilərdə çəkiliş aparım. Həmin fotolar əsasında başqa bir fotoalbomda yığmaq istəyirəm".




Elnur
BakuPost


Həmçinin oxuyun:

Şərhlər
  • Mahil Məmmədov.

    Cox xeyirli bir işdir. Digər rəssam və kinorejissorlarımız, sənət adamlarımız da bu cür tədbirlkərə qoşulsa, televiziya kanalları xoşqədəmlərin , zaurların əvəzinə bu məsələləri işıqlandırsa daha yaxşı olar. daha yaxşı olar ki, bu fotoalbomlar müxtəlif dillərə tərçümə edilsin və xarici-kütləvi mediiya orqanlarında yayılsın. Bizim mediya orqanları, internet kanalları artistləri deyil bu cür işləri təbliğ etsinlər

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər