Ru
12:20 / 30 Mart 2023

“Alçanın 180 manata olduğunu müzakirə etmək çox pis tendensiyadır" - Natiq Cəfərli

5205
“Kilosu 70 manatdan 180 manata qədər olan alça, 8-18 manata çiyələk, kilosu 8 manata olan üzüm, ədədi 10 manata olan qarpız və yemiş. Son zamanlar sosial şəbəkələrdə meyvə və tərəvəzlərin qiymətlərini müzakirəyə çıxarıb narazılıq edirlər. Çox pis tendensiyadır. Sovetdənqalma instinklərdir, vətəndaşları “sollaşdıran” yanaşmadır və ən əsası – problemlərin kökü kənarda qalır. Hökumətin bacarıqsızlığı müzakirə olunmur, iş damları, kiçik-orta biznes hədəfə gətirilir, mənasız “süni qiymət artımı” deyimi ortalığa atılır, bununla da işin məğzi kənarda qalır”.





Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.


Onun sözlərinə görə, dövlət yalnız iki məsələyə nəzarət edə bilər: qidaların təhlükəsizliyənə və vergilərin doğru-düzgün ödənilməsinə. Qiymət artımının qarşısını almaq üçün rəqabət mühiti artırılmalı və iqtisadi qanunlar işə düşməlidir. Bu, hökumətin boynunun borcudur:


“Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər, amma etmir. Sonra da məmurlar, deputatlar məhz hökumətə lazım olan mənasız “süni qiymət artımı” deyimini ortalığa atıb məsuliyyətdən yayınırlar. Pərakəndə satışda malı istənilən qiymətə satmaq olar, təki alıcısı olsun və vergisini versinlər, vəssalam. Pərakəndə mağazaların qiyməti artırmaq imkanlarının dar olması üçün isə hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər”.


Ekspert qeyd edib ki, meyvələrlə bağlı mövsümi amillər həmişə mühüm rol oynayıb. Təbii ki, mövsümü gələndə qiymətlərdə ucuzlaşmanı hiss edə bilərik:


"Amma bir müddət sonra məhsul bolluğu yaranan kimi bazar iqtisadiyyatının qaydaları işə düşür. Nə qədər çox məhsul bazara çıxırsa, qiymət bir o qədər aşağı düşür və çox güman ki, belə də olacaq. Çox güman ki, mayın ortalarından yeni çıxan meyvələrin qiymətlərində müəyyən azalmalar görəcəyik. Yayın əvvəllərindən qiymətlərin daha aşağı düşməsi ehtimalı var. Yəni mövsümi amillər həmişə Azərbaycanda qiymətlərin formalaşmasında mühüm rol oynayıb. Bu, sırf təbii proseslərə, iqtisadi qanunlara əsaslanır. Məhsul bolluğu həmişə qiymətə təsir göstərir və onun aşağı düşməsinə səbəb olur”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər