Ru
10:03 / 15 İyul 2022

Azərbaycanın diaspor quruculuğu siyasəti: əldə olunan nəaliyyətlər və yeni hədəflər

45802
Azərbaycan müstəqillik qazandıqdan sonra diaspor quruculuğu sahəsində önəmli addımlar atılıb, mühün nailiyyətlər əldə edilib. Diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.


Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində çox mühüm işlər görülüb. Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların birliyi, bir araya toplanması, təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb.




Ümummilli lider daim Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşıb. Onlara öz dəstəyini əsirgəməyib. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir.Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır".


Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurasın fəaliyyət göstərir. 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi isə xaricdə milli atributumuz kimi, maddi-mənəvi dəyərlərimizi təbliğ etdirməklə, sosial-mədəni məkan rolunu oynayır. Azərbaycan evləri bir ocağa çevrilib.


Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov deyir ki, 1993-cü ildə Ümummillli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması və diaspor quruculuğu istiqamətində mühm addımlar atıldı. Dünya azərbaycanlılarının həmrəyliyi günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 16 dekabi 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edilib və dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, 31 dekabr dünya azərbaycanlılarının birlik, həmrəylik gunu kimi tarixə həkk olundu:




“Ümumilli liderin hakimiyyətdə olduğu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu. Heydər Əliyev "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" 2001-ci il 23 may tarixli mühüm əhəmiyyətli sərəncamı ilə milli diaspor quruculuğunun təməlini qoydu. Sözügedən sərəncama əsasən həmin il noyabr ayının 9-10-da Bakıda dünya azərbaycanlılarının ilk qurultayı keçirildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Onların arasında ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətlərin təmsilçiləri var idi. 2002-ci il 5 iyul tarixli Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi. Heydər Əliyevin diaspor quruculuğunda xidmətlərindən biri də xaricə səfərləri zamanı daim həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirməsi, onların problem və qayğıları ilə yaxından maraqlanması, tövsiyələrini verməsi olub. Bu görüşlər zamanı Heydər Əliyev verdiyi tövsiyyələr diasporumuzun güclənməsi, inkişaf etməsi və əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Heydər Əliyevin diaspor siyasənin əsas mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirməkdən, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etmək idi. Eyni zamanda diasporun potensialından faydalanaraq dövlətlərarası münasibətlərin inkişafına töhfə vermək əsas məqsədlərdən idi”.


F.Muradov sözlərinə görə, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanan müvafiq sərəncama uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. Bir il sonra - 2007-ci il martın 9-da Bakı daha bir mühüm tədbirə - Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumuna ev sahibliyi etdi. Bu Forum bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü. Bu ilin aprelində Dünya Azərbaycanlılarının V Qurultayının torpaqlarımızın işğaldan azad olunan Şuşada keçirilməsi isə tarixi əhəmiyyəti və rəmzi məna daşıyırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Məhz Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti bu reallığı mümkün etdi. Tədbirdə 65 ölkədən - Ukrayna, Rusiya, Belarus, Fransa, Niderland, İsveç, Danimarka, Avstriya, Almaniya, İsveçrə, Monteneqro, Polşa, Rumıniya, Çex Respublikası, Yunanıstan, İtaliya, ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Meksika, Çili, Kosta Rika, Yeni Zelandiya, Yaponiya, Çin Xalq Respublikası, Cənubi Koreya, Nigeriya, Misir, Oman, Türkiyə Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak edirdi”.


Millət vəkili Cavid Osmanov bildirib ki, ilk dəfə olaraq dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycanda, doğma torpaqlarında, Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında, Zəfər qurultayında bir araya gəldilər. Bu doğurdan da çox möhtəşəm bir gün və əlamətdar bir hadisə idi:




“Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda, Şuşada bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Bu dəfə Azərbaycan diaspor təmsilçiləri qalib xalqın nümayəndələri kimi bir araya toplaşdılar”.


F.Muradov qeyd edib ki, müstəqillikdən ötən illər ərzində Azərbaycan diaspor təşkilatları ciddi inkişaf yolu keçib. Prezident İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Fərman imzalayıb. Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib. 2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunub. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilmiş və qurum “Elektron hökumət” portalına inteqrasiya olunub.


Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə azyaşlı uşaqlar üçün "Qarabağ" adlı Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır: "Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında yeni mərhələnin başlanğıcı qoyulub, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılan nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub. Bu gün diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir”.


Komitə sədrinin söylədiyinə görə, bu gün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində daha bir yeni mərhələ başlayıb. Müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri etdiyindən Diasporla İş üzrə Dövlət Komitəsinin yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır. 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb:


“Diaspor quruculuğu sahəsində dövlətin apardığı ardıcıl siyasət, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hər bir müəyyən dövr üçün tətbiq edilən yeni proqramlar öz bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həm­vətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır. Azərbaycanın dünyaya tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə vəsilə formalaşdırılır, bəzi antimilli qüvvələrin dövlətimiz və xalqımız əleyhinə yönələn məkrli planlarına qarşı təsirli tədbirlərin görülməsi nəticələrini verir. Hesab edirəm ki, diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Komitənin hazırladığı yeni yol xəritəsinə uyğun Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər”.





F.Muradov vurğulayıb ki, İkinci Qarabağ müharibəsində diasporamızın uğurlu fəaliyyəti Azərbaycanın haqq savaşına öz töhfəsini verdi. Həm lobbiçilik, həm diaspor istiqamətində atılan addımlarla ikinci Qarabağ müharibəsində Azərbaycan diasporunun bütün nümayəndələri Ali Baş Komandanın ətrafında "dəmir yumuruq" kimi birləşməyi bacardı: “Bu dövrdə diaspor nümayəndələri dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi və Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdı. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak edib. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı tərəfindən müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərilib. Bu da onu göstərir ki, Azərbaycan diasporu milli maraqlar üçün əlindən gələni etməyə hazırdır”.


44 günlük Vətən Müharibəsi zamanı diasporamız hər zamankından daha fərqli və fəal şəkildə milli birlik, həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə Azərbaycana dəstək göstərdi.


Prezidenti İlham Əliyevin xalqımıza 2020-ci il 27 sentyabr tarixli müraciətindən dərhal sonra noyabrın 10-dək diaspor təşkilatları və xaricdə yaşayan soydaşlarımıza Dövlət Komitəsi tərəfindən beş dəfə müraciət ünvanlandı. Müharibənin başlanmasından bir neçə gün sonra - sentyabrın 30-da Dövlət Komitəsində Azərbaycanda yaşayan Hind, Gürcü, Ukrayna, Rus, Polyak, Pakistan, Axıska türkləri və digər icmaların təmsilçiləri ilə görüş keçirildi. Tədbirdə icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanmış birgə bəyanat imzalandı. Oktyabrın 2-də Azərbaycan elmini xarici ölkələrdə təmsil edən ictimai xadimlərlə görüş keçirildi, ölkəmizlə bağlı həqiqətlərin təbliği istiqamətində müzakirələr aparıldı. Azərbaycan həqiqətlərini əks etdirən 55-dan çox qısa video hazırlanaraq sosial şəbəkələr üzərindən yayımlandı.


ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Polşa və digər ölkələrin bir sıra şəhərlərində Azərbaycan həqiqətlərini əks etdirən 100-ə yaxın afişa və posterlər yerləşdirildi. Azərbaycana dost xalqların diaspor nümayəndələri vasitəsilə Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Ukrayna daxil olmaqla 14 ölkənin mediasında 45 məqalə yayımlanıb, ümumilikdə isə Tovuz təxribatlarından sonra diaspor təşkilatları 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirib.






Dövlət Komitəsinin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərdi. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırıldı, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olundu.


Millət vəkili Azər Badamov deyir ki, diasporumuzun nümayəndələri Vətən müharibəsi dövründə, 44 günün hər bir günündə dünya ölkələrində küçələrə Azərbaycanın üçrəngli bayraqları ilə çıxaraq haqq işimizi gördüyümüzü dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla informasiya müharibəsində qalib gəlməyimizdə yaxından iştirak etdilər.



Xaricdə yaşayan bütün vətəndaşlarımız 44 gün ərzində böyük birlik, həmrəylik göstərdilər. Azərbaycan dövlətinə, xalqına dəstək oldular: “Dünyanın hansı yerində, hansı ölkədə yaşamasından asılı olmayaraq həmvətənlərimiz bir oldu, birlik oldu. Ayağa qalxıb Azərbaycanın haqq savaşında ona dəstək nümayiş etdirdilər”.


Azər Badamovun dediyinə görə, bu gün diasporumuz daha da çox təşkilatlanıb və Azərbaycanın maraqlarını dünyada müdafiə edən lobbiçilik fəaliyyətini ortaya qoya bilir:


“Diaspor nümayəndələrimizin qarşısında daha böyük vəzifələr dayanır. Dünyada yaşayan hər bir soydaşımız ölkəmizin səfiridir. Hesab edirəm ki, bundan sonra da bütün azərbaycanlılar Azərbaycanı dünyada daha yaxşı təmsil edəcəklər”.



Millət vəkili Arzu Nağıyevin sözlərinə əsasən, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır.




Ona görə də harada yaşamasından asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlərdir: “44 günlük Vətən Müharibəsi zamanı həmyerlilərimiz bir daha öz birlik və həmrəyliklərini bütün dünyaya göstərdilər”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb.



Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər