Ru
14:11 / 26 Avqust 2022

Bakıda Qazaxıstan üçün həyati əhəmiyyət daşıyan məsələ müzakirə olunub - İlginc açıqlamalar

43645
Son günlər Qazaxıstan neftinin Azərbaycan üzərindən ixracı məsələsi yenidən gündəmə gəlib.

Rusiyanın neftin nəqli ilə bağlı Qazaxıstana maneələr yaratması bu məsələni daha da aktuallaşdırıb. Artıq Qazaxıstan tərəfi bu məsələ ilə bağlı Azərbaycanla dövlət səviyyəsinə müzakirələr aparıldığını təsdiqləyib.


Mövzu ilə bağlı müsahibimiz Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandır.


İ.Şabanın Bakupost.az -a açıqlamalarını təqdim edirik:



- İlham müəllim, Sizcə, Tokayevin Bakı səfəri zamanı prezidentlər Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracı məsələsini müzakirə ediblərmi?




- Prezident İlham Əliyevlə Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayevin görüşündə qeyd etdiyiniz məsələyə toxnulub. Bu, Qazaxıstan üçün həyati əhəmiyyət daşıyan məsələdir. Çünki Qazaxıstan dünya bazarlarından uzaq bir bölgədə yerləşir, qapalı bir məkandadır, dünya okeanına çıxışı yoxdur. İxracı ancaq Rusiya üzərindən həyata keçirir. Qazaxıstan ötən il 86 milyon tona yaxın neft hasil edib. Onun 67 milyon tondan artıq ixracı olub. Maraqlıdır ki, ixracın 93%-ü məhz bir ölkəyə, yəni Rusiyaya bağlı olub. Rusiyada ümumiyyətlə ixracın 80%-i isə bir kəmərə bağlıdır. Bu il dünyada baş verən hərbi-siyasi gərginlik, dəyişkənliklə əlaqədar mart ayından başlayaraq, artıq üçüncü dəfə Tengiz-Novorossiysk kəmərində problemlər yaşanır, ixracla bağlı məhdudiyyətlər olur. Hansı ki, orada əvvəllər stabil rejim var idi.


Prezidentlərin görüşünə dair ictimaiyyət üçün açıqlanan məlumatda Qazaxıstan neftinin Azərbaycandan ixracı ilə bağlı məqamlar yox idi. Amma hesab edirəm ki, bu məsələ ikitərəfli görüşdə müzakirə olunub.


- Siz hesab edirsiz ki, Qazaxıstanın bu addımı məhz Rusiya tərəfinin qazax neftinin tranzitini məhdudlaşdırması ilə bağlıdır?


- Bunun siyasi tərəflərini bir kənara qoysaq, Qazaxıstan tərəfi başa düşür ki, qısa müddətdə bu diversifikasiyanı həyata keçirə bilməyəcək. Çünki logistika, yeni infrastrukturun yaradılması böyük maliyyə, zaman tələb edən məsələdir. Buna görə də indi Qazaxıstan Rusiyanın tətbiq etdiyi məhdudiyyətin təsirlərini yumuşaltmaq istəyir. Ən rahat yol Azərbaycandan ixrac həcminin müəyyən qədər artırılmasıdır. Hal-hazırda Bakı-Tbilisi-Ceyhan üzərindən gündəlik olaraq 1500-2000 ton Qazaxıstan nefti daşınır. Qazax neftinin bir hissəsi də dəmiryolu ilə Gürcüstan limanlarına çıxarılır. Ümumilikdə, Azərbaycan üzərindən gündəlik hardasa 3000 ton Qazaxıstan nefti daşınır.


- Bəs, gələcəkdə Qazax neftinin Azərbaycan vasitəsilə hansı marşrut üzrə tranziti nəzərdən keçirilir?


- Sentyabr ayından planlaşdırılır ki, bu həcmləri təqribən ən azı 2-2.5 dəfə artırsınlar. "Qazaxqaz"ın Dövlət Neft Şirkətilə anlaşma memorandumu imzalaması bundan xəbər verir. Başqa tərəfədən, Azərbaycanın neft infrastrukturunda ixrac imkanları genişdir. Biz ildə təkcə "Bakı-Tbilisi-Ceyhan"la 30 milyon ton nefti nəql etməyə qadirik. Ancaq məsələ ondadır ki, bunu Xəzərin o başından bu başına daşımaq sadəcə, qeyri-mümkündür. Ümumilikdə onların imkanlarını da bir yerə yığsaq, bu, 10 milyon tondan bir qədər artıq edir. İkinci bir tərəfdən, bizim sahilyanı, yəni "AzərTrans"ın Səngəçalda olan terminalı belə həmin həcmləri qəbul edib ötürməyə qadir deyil. Bütün bunlar kompleks şəkildə həllini tapmalıdır ki, təqribən 5 il sonra deyilənlər gerçək olsun. Ondan sonra Qazaxıstan öz ərazisində təqribən 700 kilometr quruda boru kəməri çəkməlidir ki, Xəzər sahilinə həmin neftini çıxarsın və onun daşınması həyata keçirilsin. Ümumilikdə hesab etmək olar ki, Azərbaycanın vaxtı ilə milyardlarla vəsait xərcləyib tikdiyi infrastruktur bu gün onun qonşularının dadına çatır.

- Qeyd etdiyiniz məsələ reallaşarsa, bu, Azərbaycanın gəlirlərinə nə dərəcədə təsir edəcək?


-Təbii ki, biz də bunda maraqlıyıq. Tranzit həcmi nə qədər çox olsa, qazancımız bir o qədər artar. Düzdür, hökumət və hökumət qurumları - "Azərbaycan Dəmir Yolları" QSC, Xəzər Dəniz Gəmiçiliyi neft ixracı ilə bağlı nə qazancı, nə də həcmi açıqlayır. Ancaq arzu edərdik ki, 4K rəqəmsal iqtisadiyyatı özünə yol seçmiş Azərbaycanın qurumları bir nəticə çıxarsınlar. İctimaiyyət və kənardakılar üçün bu məlumatları açıqlamaqla özlərinə yeni sifarişlər cəlb edə bilsinlər. Əgər əvvəl milyin ton daşıyırdılarsa, indi 5 milyon, gələcəkdə 10 milyona tuşlanan layihələr ortaya qoyularsa, bu, istər-istəməz ətrafdakılarda maraq oyadacaq ki, Azərbaycanın Xəzərin o tayından gətiriıən nefti daşıya biləcək infrasturukturlar var. O rəqəmləri gizlətməyin mənası nədir? Dövlət Statistika Komitəsi nə qədər tranzit həcmi olduğunu ümumi göstərir. Ötən il Bakı-Tibilisi-Ceyhan ilə 3.6 milyon tona yaxın tranzit olub. Amma Azərbaycan ərazisindən nə qədər keçib, bunun nə qədəri dəmiryolu, nə qədəri tankerlərlə daşınıb? Bu haqda heç bir məlumat yoxdur. Bu rəqəmləri gərək müvafiq qurumlar açıqlasın. Ədəbi-bədi cümlələrlə "hər şey yaxşıdır, iri addımlarla irəliləyirik" deməklə deyil. Yeni dünyanın çağırışlarına, rəqəmsal iqtisadiyyata nə qədər tez yönəlsələr, həm ölkəyə, həm dövlətə, həm də vətəndaşlara bunun xeyri o qədər çox olar.

Fəridə,
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər