Ru
12:46 / 19 Avqust 2022

Böyük Qayıdış - Laçına hazırlıq necə gedir?

56319
İkinci Qarabağ savaşından qalib ayrılan Azərbaycan artıq işğal olunmuş ərazilərə tam nəzarəti əla alır. Üçtərəfli razılaşmaya əsasən, bölgədə qanunsuz məskunlaşmış ermənilər şəhər və kəndlərimizdən çıxarılır. Bu ərazilərin əsl sakinləri isə uzun illərdən sonra doğma el-obalarına qaytarılır. Artıq yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə hazırlıq görülür.

"Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq”

Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal kəndindəki çıxışı zamanı səsləndirdiyi "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq" fikirlərİ Qarabağa qayıdışın daha sürətlə həyata keçiriləcəyini göstərir.

Laçının məşhur kəndi

Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən bir qədər yuxarıda – iki çayın arasında, Zabux çayının sol sahilində yerləşib. Sonradan kənd bir qədər də böyüyüb və çayın əks tərəfində - Alxan dərəsində də xeyli evlər tikilib. Laçın ərazisindəki ikinci böyük körpü bu kəndin ərazisində - Zabux çayının üstündə idi. Kənd, Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşdiyi üçün Ermənistana gedən avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi.



Üç kənddən - Zabux, Sus və Qızılcadan ibarət “Komsomol” kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri də bu kənddə yerləşirdi. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda yem tədarükü üçün böyük anbarlar, geniş ərazidə ot tayları da vardı. Kənddə zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından, Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı. Zabux kəndindən keçən çaylar sayəsində bağ-bostan təsərrüfatı yaxşı inkişaf etmişdi. Tut ağacları çox olduğu üçün dədə-babadan bu kənddə baramaçılıqla da məşğul olurdular. Bundan başqa tütün də əkilirdi. Hər üç kəndin ərazisində tütün emal etmək üçün tikililər mövcud idi. Zabuxun əkin yerlərində bol buğda, arpa əkilirdi.

Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.



Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasına həsr olunan müşavirə keçirilib. Ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşan Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib. Komitədə Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Görüş zamanı onlar Prezident İlham Əliyevin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma Laçına, Zabuxa, Susa qayıtmağa hazır olduqlarını bildiriblər.

“Neçə il idi ki, bu qədər ürəkdən sevinmirdim”

Zabux kənd sakini Rövşən Həsənov deyir ki, 30 ildir ki, Zabuxa qayıdacağı günü gözləyirdi: “Bu 30 ildə bir dəfə də olsun inamımı itirmədim. Nə vaxtsa öz doğma el-obamıza gedəcəyimiz günün xəyalı ilə yaşayırdım. Həmişə yurdumun bulaqlarını, axar çaylarını, yaşıl meşələrini, bərəkətli torpaqlarını bir daha görəcəyimə, təmiz havasından ciyərlərimə çəkəcəyimə inanırdım. Bir an belə içimdəki bu inam, ümid azalmadı. Hər zaman öz ata-baba yurduma qayıtmağı, ömrümün qalan hissəsini vətənimdə - Zabuxda yaşamağı arzulamışam. Bu arzum gerçək oldu. Biz doğma Laçına, Zabuxa, vətənimizə qayıdırıq. Həmin günü səbirsizlıklə gözləyirəm. Böyük sevinclə, arzu ilə... İçimdəki sevinci sözlə ifadə edə bilmirəm. Artıq neçə il idi ki, bu qədər ürəkdən sevinmirdim”.



“Onlar ata-baba torpaqlarında əbədi olaraq məskunlaşacaqlar”

Laçını təmsil edən deputat Mahir Abbaszadənin sözlərinə görə, Prezident İlham Əliyevin Laçına, Zabuxa və Susa qayıtmaqla bağlı sözləri bütün laçınlılar tərəfindən böyük sevinclə qarşılanıb: “Həm Laşın şəhərinin əhalisi, həm Sus, Zabux, Ağanus və Laçının digər 125 kəndinin əhalisi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir. Prezidentin fikirləri bütün laçınlılar üçün şad xəbər idi. Uşaqdan böyüyə hər kəs bu xəbərə ürəkdən sevindi. İndi bütün laçınlılar vətənlərinə, doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. Onlar əzəli ata-baba torpaqlarına qayıdıb əbədi olaraq orada məskunlaşacaqlar”.



Mahir Abbaszadə bildirib ki, Rusiya-Azərbaycan-Ermənistan arasında imzlanan 10 noyabr Bəyanatına əsasən, Laçından yan keçməklə Ermənistana gedəcək yol Qarabağda yaşayan etnik ermənilərin İrəvanla əlaqələrinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Eyni zamanda Bəyanatın maddələrinə uyğun olaraq, Azərbaycan tərəfi yaxın üç il ərzində yeni yolun çəkilişini öz öhdəsinə götürüb. Hansı ki bu yol Qarabağda yaşayan etnik ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq üçün nəzərdə tutulur. Artıq Azərbaycan tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirib:

“Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladığı bəyanata əsasən, Qarabağda yaşayan etnik ermənilərin Ermənistanla gediş-gəlişini təmin etmək məqsədilə Laçın rayonunun şəhər mərkəzindən keçməyən yeni yolun çəkilişi ilə bağlı razılıq əldə edilmişdi. Həmin sazişə uyğun olaraq Azərbayan bu yolu yaxın 3 il ərzində çəkib istifadəyə verməyi öz öhdəsinə götürmüşdü. Azərbaycan tərəfi 9 Noyabr Bəyannaməsinin müddəlarına uyğun olaraq yeni yolun çəkilişini həyata keçirib və bizdə olan məlumata görə, avqust ayından bu məsələlər öz müsbət həllini tapmaqdadır. Hazırda Laçından Ermənistana çəkilən yeni yol keyfiyyət baxımından dünya standartlarına uyğundur”.

“İşğal dövründə Laçın şəhərində 1340, Zabuxda isə 100 ev dağıdılıb”

Millət vəkilinin dediyinə görə, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilib. İndi dövlətin əsas məqsədi Laçını bərpa etməkdir. Laçın şəhər mərkəzinin və bəzi kəndlərin baş planının hazırlanması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ciddi işlər görülür. Bu il Laçın rayonunun 3 kəndinin baş planının hazırlanması nəzərdə tutulurdu. Bunlar Güləbird, Şəlvə, Qorçu kəndləridir. Sözügedən kəndlərin artıq qəsəbə formasında tikilib istifadəyə veriləcəyi qeyd olunur. Eyni zamanda, Laçın şəhər mərkəzinin və digər kəndlərin də boşaldılması ona imkan verir ki, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Baş Planın hazırlanması və müfəssəl planın həyata keçirilməsi təmin edilsin:

“Qeyd edim ki, indiyədək Şəhərsalma və Arxitektura Komitəsi tərəfindənndən Googl və müxtəlif vasitələrdən stifadə edilərək, Baş Planın hazırlanması prosesi həyata keçirilirdi. Artıq ermənilərin şəhər mərkəzindən çıxarılması nəticəsində bu məsələni sürətləndirmək mümkün olacaq. Laçının Zabux və Sus kəndləri ilə bağlı xüsusi bir yanaşma var. Bu kəndlərdə olan evlərin bəziləri istifadəyə yararlı olduğuna görə, Prezident tapşırıq verib ki, oraya insanların təcili köçürülməsi prosesi başlasın. Bununla bir tərəfdən, orada yaşayışı təmin edəcəyik, digər tərəfdən, Vətəndə yaşamaq haqqımızdan istifadə edəcəyik”.

“Laçının böyük iqtisadi potensialı var”

Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, Zabux kəndi daxil olmaqla bütövlükdə Laçın rayonunun böyük iqtisadi potensialı var. Laçın turizm, sənaye, kənd təsərrüfatı sektorlarında müqayisəli üstünlüyə malikdir:



“Laçın rayonu iqtisadi potensialına görə Azərbaycanda xüsusi seçilən bölgələrindəndir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Əminəm ki, qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq”.

Millət vəkilinin sözlərinə görə, Laçının Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən biri hesab olunur. Kəndin etnik tərkibi isə tarixən hər zaman azərbaycanlılar olub:

"Bunu sübut edən tarixi faktlar, dəlillər var. Hazırda kəndin 600-dən çox sakini məcburi köçkün həyatı yaşayır. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrilib. Kəndin infrastrukturu dağıdılıb, evlər talan olunub. 2003-cü ildə erməni diasporu tərəfindən Zabuxda kilsə inşa edilib. 2013-ci ildən sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlayıblar. Dağıtdıqları evlərin yerində yeni evlər tikib və orada yaşamağa başlayıblar”.



Sevinc
Baku Post


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.



Şərhlər
  • Sultanova Lalə Əhməd qızı

    Hər vaxtınız xeyirli olsun Zəhmət olmasa Laçın rayonuna qayidisımıza köməklik edesiniz Yoldaşım Sultanov Elçin Oqtay oğlu Xosrov Sultanovun son varilerinden biridi Xahis edirem müracietime baxasınız

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər