Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:25 / 09 İyul 2024

Bozqurd işarəsi nə deməkdir? - İnsansevərlik, mərdlik, əyilməzlik...

10637












Murad Köhnəqala


Ara sakitləşdisə, Bozqurd simvolu haqda mən də öz fikrimi bildirim.


Bozqurdu əksər türk toplumları birlik simgəsi kimi istifadə etmişlər. Qədimdə xüsusi materialdan hazırlanan bayraqlar (tuğ, sancaq) xalq arasında çox da yayğın olmadığından "mən də səndənəm" mesajını Bozqurd işarəsi ilə daha çevik ötürmək olurdu.

Qədim türklərdə Bozqurd totem kimi qəbul olunub. Bu cür totemlər bir çox millətlərdə var və indi də yaşayır. O sıradan Əjdahanı, İkibaşlı Qartalı, Şiri və s. göstərmək olar.

Totem nədir? Bir toplumun mifik hekayətində, əsatirində insanın hansısa heyvandan yarandığı haqda əfsanəsi olur. Həmin canlı (heyvan) o xalqın totemi adlanır.

Ən qədim Roma əfsanəsində də bir xalqın yaranmasında Ana Canavarın rolu olduğu söylənilir. Əsatirdə deyilir ki, Dişi Canavar Səmadan düşən körpə bir oğlan uşağını tapır və onu öz döşündən süd verərək böyüdür. Həmin uşaq böyüyür, başqa tayfadan olan qızla evlənir və beləliklə bir millət yaranır. Oxşar mifin variantları bəzi türk toplumları tərəfindən də doğma əfsanə kimi qəbul edilib.


Türklərin "Ergenekon" dastanında isə, uzun müddət dağların arasında qalan bir türk qəbiləsi ocaq qalayıb dağın dəmir olan hissəsini əridərək azadlığa çıxmağa can atır. Lakin hansı tərəfə çıxmalı? Bu zaman dağın zirvəsində bir Bozqurd peyda olur, ulayaraq tükləri öz arxasınca səsləyir və onları azadlığa çıxarır. Bu əfsanə, ola bilsin, həm də dəmirçiliyin təşəkkül tapdığı vaxta uyğunlaşdırılıb. Dastan dəmir silahlardan sonra türklərin güclənməsinə bir işarədir. Buna görə hər il Türkiyədə yeni ili Erkenekon bayramı ilə qarşılayarkən ənənəvi olaraq zindanda dəmir döyürlər. Bu da eynilə bizim Novruz bayramı ərəfəsinə düşür.

Bəs nə üçün türklər Bozqurdu müqəddəs canlı kimi qəbul edə biliblər? Birincisi, daima at çapan və heyvandarlıqla məşğul olan türklər təbiətdə Canavar dəstələri ilə həmişə üzləşməli olublar. Min illərin təcrübəsindən sonra türklər bu heyvanın mərdliyini, cəsurluğunu, əyilməzliyini, etibarlılığını duyaraq sevib, bu xarakterləri özlərinə ideal kimi təlqin etməyə çalışıblar.

Məsələn, öz dişisini itirən erkək canavar bir də heç vaxt başqa dişi ilə cütləşməz, eləcə də, erkəyini itirən dişilər heç vaxt başqa erkəklə yaşamaz. Türklər də islamaqədərki dönəmdə bir sıra ailə gələnəyini canavarların ailə qanunlarından götürmüşdü.

Bu gün Bozqurd işarəsi göstərmək "mən vəhşiyəm, adamyeyənəm" demək deyil. Əksinə, azadlıq ruhunun rəmzi olan bu işarəni göstərən adam vəfalı, etibarlı, mərd, məkrsiz olmalıdır ki, Bozqurda layiq olsun.

Eləcə də hər bir toplumun, xalqın özünü müqəddəsləşdirmə, qutsallaşdırma mifik mənbəyi, əfsanəsi var. Əcdadının Günəşdən gəlməsi, Səmadan düşməsi, Dəryadan çıxması, Qeybdən peyda olması haqda çoxlu sayda mif mövcuddur. Bu xalqlar həm də xoş bildiyi günləri bayram edirlər. Yəni, bu cür mifik totemlərdə, əfsanələrdə, bayramlarda heç vaxt başqa xalqlar aşağılanmaz! Eləcə də Bozqurd tutan hər bir türk başqalarını aşağılamaq düşüncəsindən uzaqdır.

Bozqurd işarəsi insansevərlik, mərdlik, əyilməzlik, təbiətsevərlik deməkdir!

Başqa millətlərin, toplumların nümayəndələri heç vaxt Bozqurd işarəsi göstərən əsil türkdən qaçmamalı, əksinə, dostluqda ona etibar etməlidir!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar