Ru
12:55 / 21 Sentyabr 2022

"Mənəvi nəfsimdə “naruşeniyam” var" - Yazıçı Seyran Səxavətlə müsahibə - FOTO

52810
Tanınmış yazıçı Seyran Səxavət Bakupost.az -a müsahibə verib.


Həmin müsahibəni təqdim edirik:




- Seyran müəllim Şuşadan yeni qayıtmısınız. Sonuncu dəfə Şuşada nə vaxt olmuşdunuz?


- Axırıncı dəfə Şuşada 33 il əvvəl olmuşdum. Bir ayın içində iki dəfə Şuşaya səfər etmişdik. 1989-cu il idi, Moskvadan rus şair dostum gəlmişdi. Adı Sergey Suşa idi. Onu aparmışdım Şuşaya. İknci dəfə də rəhmətlik Sədi ilə getmişdik.


- 33 il sonra yenidən Şuşaya getmək necə bir hissdir?


- Adımı Şuşaya gedənlərin siyahısına salıdıqlarını eşidəndə açığı, inanmadım Şuşaya gedirəm. Bir gün əvvəl mənə zəng gəldi ki, “Seyran müəllim, saat 2-də “Hökumət Evi”nin qarşısında olun”. Yenə inanmadım. Dedim, bəlkə kimsə mənimlə zarafat edir. “Hökumət Evi”nin qarşısına gələndə gördüm heç kim yoxdu. Çox pis qorxdum. Bir də gördüm Səlim Babullaoğlu gəlir. Sonra adamlar yavaş-yavaş toplaşmağa başladı. Hələ də mənə yuxu kimi gəlirdi baş verənlər. Füzulinin xarabalıqlarından keçəndə artıq inandım ki, hə, Şuşaya gedirəm. 33 il sonra Şuşada olmaq həyəcanlı idi. Şuşanı elə sonuncu dəfə gördüyüm kimi tapdım. Düzdü, bəzi tarixi abidələri dağıdıblar. Amma küçələr, evlər, cığırlar elə həmin Şuşadır. Ruhundan heç nə itirməyib. Mən müsahibələrimin birində demişdim ki, Şuşanın hardasa 80-90 fazini Allah tikib, 10 faizini Pənahəli Xan. Söhbət Pənahəli Xanın tikdirdiyi Şuşa Qalasından getmir, onun relyefindəki qaladan gedir. O qalanı heç kim dağıda bilməz. Bəndənin qurduğunu bəndə dağıda bilər. Allahın qurduğunu bəndə dağıda bilməz axı.


- Deyirlər, xatirələr ən çox məkanlarla bağlıdır. İşğaldan sonra Füzuliyə gedəndə ilk nəyi xatırladınız?


- Xatirələr bir az məkanla, bir az zamanla, bir az da ovqatla bağlıdır. Adətən, insanın iki valideyni olur, amma xatirələrin üç valideyni olur. Zaman, məkan və ovqat. Füzuliyə gedəndə heç nə xatırlaya bilmədim. Füzulidə mənə nəyisə xatırladacaq bir şey qalmayıb. Orda Füzuliyə oxşayan heç nə yox idi... Bir də mən Füzulinin mərkəzindən keçib 7 kilometr məsafədə yerləşən öz doğma kəndimə getdim. Gördüm darmadağın olub, xarabadır kəndimiz. Mənim də içim xaraba qaldı. İçi xaraba qalan adam nəyisə xatırlaya bilərmi?



- Qarabağ işğaldan azad olunandan sonra yazıçılar, şairlər tənqid hədəfinə çevrildi ki, niyə qələbəmizə layiq uğurlu ədəbiyyat nümunələri yaratmırlar. Bir yazıçı olaraq bu tənqidi qəbul edirsizmi?


- Bu məsələ 20 il bundan əvvəl də var idi. O vaxt da deyirdilər ki, yazıçılar, şairlər Qarabağ haqqında az əsər yazır. Dərdimizi yazımırlar. Torpaqlar 3-4 il idi işğal olunmuşdu, bir verilişdə iştirak edirdim. Aparıcı elə bil dilotu yemişdi. Bizi qabağına qoyub danlayırdı. Elə bil bizim sinif rəhbərimiz idi. Danışdı-danışdı. Dayananda dedim, bala, bilirsən nə var? Mən Qarabağ haqqında yazmağı özümə də, ərkim çatan qələm dostlarım Musa Yaquba, Ramiz Rövşənə, Vaqif Bəhmənliyə də qadağan eləmişəm. Hələ o vaxt demişdim ki, Qarabağ artıq ədəbiyyat mövzusu olmaqdan çıxıb. Artıq başqa müstəviyə keçib Qarabağ mövzusu. Qarabağ haqqında ən vacib əsəri Ali Baş Komandan və Azərbaycan əsgəri yazmalıdır. Yaxın qonşularımız bizi aldadır, uzaq qonşularımız bizi aldadır, lap uzaqdakılar da bizi aldadır. Özümüz də özümüzü aldadaq? Mən o vaxt Qarabağ haqqında əsər yazmadım. Özümü son dərəcədə istedadlı yazıçı hesab edirəm. Yaza da bilərdim. Bir obraz yaradardım, qıra-qıra düz gedib İrəvana çıxardı. Amma nə mənə, nə də xalqa kitabda alınan Qarabağ lazım deyildi. Mənə döyüşə-döyüşə alınan Qarabağ lazım idi. Biz o vaxtlar çox qəzəbli idik və şükürlər olsun, qəzəbimiz soyumadı. Qəzəb soyusaydı, Qarabağı almaq mümkün olan iş deyildi. O vaxt qəzəbli vaxtımda "Xəzər" televiziyasında demişdim ki, ən aşağıdan, lap yuxarıya qədər kim özünü kişi hesab edirsə, etsin, mən özümü kişi hesab etmirəm və bu gündən kişilikdən istefa verirəm. Biz bu əqidə, bu ovqatla yaşamışıq.


- İndi qələbə qazanmışıq. Yenə yazmayacaqsınız?


- Mən hərifə oxşayıram? Ən vacib əsəri İlham Əliyevlə Azərbaycan əsgəri yazdı. Mən nə yazsam, ondan zəif olacaq. Mən hərifəm zəif əsər yazım? (gülür)


- Seyran müəllim, həmyaşıdınız olan qələm adamları arasında həmişə dəbli və müasir imicinizlə seçilirsiniz. Bu yaşda bu qədər dəbli olmağı necə bacarırsınız?


- Mənim yaşımda nə var ki (gülür). Yaxşı, dəbli geyim ovqat məsələsi, onun icrası isə məişət məsələsidir. Səliqəli geyinmək həm də böyük bir mədəniyyətdir. 10 faiz özümüz üçün geyiniriksə, 90 faiz bizi görən, ünsiyyətdə olduğumuz adamlar üçün geyinirik. Yolda heç tanımadığımız, amma qəşəng geyinən adam görəndə ondan müsbət enerji alırıq.

Azərbaycanda deyərdim ki, xanəndələr arasında Seyid Şuşinski kimi qəşəng geyinən kişi olmayıb. Əsl centlmen idi. Yazıçılardan da Yusif Səmədoğlu həmişə dəbli geyimi ilə seçilib. SSRİ Xalq artisti Hökümə Qurbanova deyirdi ki, “Seyrançik, insanın çox çətinlikləri var. Çətinliklərdən biri də o olur ki, insan geyimi ilə danışa bilmir”. Vallah, mən elə də bahalı, brend geyimlər geyinmirəm. Sadəcə olaraq, geyimimlə danışa bilirəm. İndiki dövrün ən böyük çətinliklərindən biri də insanların geyimləri ilə danışa bilməməsidir. Bu gün bütün Avropada, Amerikada insanların geyimi tökülüb-itir. İndi bizim də cavanlar o stilə keçiblər. Guya nə qədər tökülüb-itirsənsə, o qədər dəblisən. Belə də zövq olar? Geyim həm də insanın xarakterini təmsil edir. Adamların hansı xasiyyətdə olduqlarını bir maşın sürməklərindən, bir də geyim tərzlərindən bilirəm.

Özümü çox yaxşı sürücü hesab edirəm. Məndən qabaqda gedən maşının yoldakı hərəkətindən onun sürücüsünün xarakterini deyərəm, 90 faiz düz çıxar.


- Maşın sürməkdən söz düşmüşkən. Yolda qaydaları tez-tez pozursunuz?


- 40 ildən çoxdur sürücüyəm. Onun təxminən 30 ilini sürücülük vəsiqəm olmayıb. Sovet vaxtı SSRİ Yazıçılar İttifaqının üzvü idim. Vəsiqəm vardı, üstündə də Leninin şəkli. Kim saxlayırdı, onu göstərirdim mil dururdular. Müstəqillikdən sonra sürücülük vəsiqəsi almışam. Heç indi də lazım olmur. Saxlayanda deyirəm, yazıçı Seyran Səxavət, məsələ həll olur.


- Tanıyan olmayanda nə edirsiniz?


- Bir dəfə elə bir şey oldu. Polis saxladı, özünü təqdim etdi. Mən də dedim, yazıçı Seyran Səxavət. Dedi, axı mən sizi tanımıram. Mən də hirsləndim, polisə ağzıma gələni dedim. Dedim, hələ tanımadığın bəs deyil, üstəlik bunu deyirsən də. Məni tanımayan olanda çox əsəbləşirəm (gülür).


- Bəs həyatda hansı qaydaları pozursunuz?


- Mənim üçün həyatda ümumiyyətlə, qayda yoxdur. Ona görə yox ki, mən Allahın bacısı oğluyam. Mənim üçün bir qayda var, o da genetik kodumuzdan, böyüdüyüm mühitdən irəli gəlir. Başını sal aşağı, adam balası kimi yaşa, onun içində bütün qaydalara əməl olunacaq. Bir dəfə bir verilişdə aparıcı başladı borclardan danışamağa. Vətən borcu, xalq borcu, övlad borcu… Axırda dözmədim, dedim, bala, saxla. Sən danışırsan məni burda tər basıb səhərdən. Sən demə, mən xirtdəyə qədər borc içindəyəm ki (gülürük). Bu borclardan çıxmağın bircə yolu var. Başımızı aşağı salıb insan kimi yaşamaq. Normal həyat tərzi yaşayırsansa, valideynə baş aşağılığı gətirmirsən, ailə başçısısansa, evdə özünü normal kişi kimi aparırısansa, sən yazılmış və yazılmamış bütün qaydalara avtomatik əməl etmiş olursan.





- Seyran müəllim, eşitdiyimə görə evdə çox kür adamsınız.


- Nə eşitmisənsə, düz eşitmisən. Kişilər iki cür olur. Kişi var evdə şirdir, amma çöldə quzuya dönür. Kişi də var əksinədi.


- Siz hansındansınız?


- Mən çöldə də özümü şir hesab edirəm, elə evdə də. Bir də görürsən, uşaqlar hansısa səhvə yol verəndə sıraya düzürəm. Uşaqlarıma son illərdə bir vəsiyyət edirəm. Rəhmətə gedən qələm dostlarımın övladlarını televiziyaya çıxarıb danışdırırlar. Hamısı da eyni sözü deyir. “Atam belə sakit adam olub. Bizə çırtma vurmayıb. Evdə səsi eşidilməyib”. Demişəm, bax amanın günüdü, məndən danışanda belə gopa basmayın. Mənim gözüm qızanda bütün bina silkələnir. Kişinin evdə səsi çıxmalıdır də. Təbiətimdə sakitlik yoxdur. Emosional adamam. Gəl səmimi olaq. Kimin evi yananda deyir ki, “əziz və hörmətli qonşular, imkanınız varsa, hərəniz bir vedrə götürüb gəlin evi söndürək”. Hər şeyin öz təhəri var.


- Seyran müəllim, kür kişilərin qısqanclıq damarı da üzdə olur. Qısqanc kişisiniz?


- Çox nadir hallarda qısqanclıq hissim qabarıb. Ömrümdə iki, ya da üç dəfə olar. Əgər qısqanmışamsa, onun mütləq əsaslı səbəbi olub.


- Xəyanət haqqında düşüncələriniz də maraqlıdır.

- Xəyanət deyəndə bizim cəmiyyətdə ancaq yorğan-döşək xəyanəti yada düşür. Amma daha ciddi xəyanətlər var. Ümumilikdə isə xəyanəti yaşayan adam üçün bütün xəyanətlər bir keyfiyyətdə və eyni çəkidədi. Əslində xəyanətdi, xoşbəxtlikdi, bunlar insanların uydurduğu şeylərdir.


- Xoşbəxtsiniz?

- İnsan həyatda iki dəfə xoşbəxt olur. Bir dünyaya gələndə, bir də dünyadan köçəndə. Ölüm həyatdan min dəfə şərəfli və hörmətə layiq bir şeydir. Düynaya gəlirsən və həyat sənə saysız-hesabsız problemlər verir. Ölüm onları bir anın içində həll edir.




- Nədən danışmağı sevmirsiniz?

- Vallah, bu sualın cavabını bilmirəm. Yəqin ki, qeybət janrını xatırladan söhbətləri xoşlamıram. Təbiətim elədi ki, sözüm olanda kim olursa-olsun, düz üzünə deməyi bacarıram. Dünyada insanların sayı 8 milyarda yaxınlaşıb. 8 milyard stil, 8 milyard dərd var. Bircə qeybət janrından başqa hər şeydən danışmaq mənim üçün rahatdır, xoşdur, bəzən də ləzzətlidir.


- Nədən qorxursunuz?


- Fuad Poladov xəstələnəndə mən də onun tutduğu xəstəlikdən tutdum. Məni yuxarılardan yaxşı bir onkoloqa tapşırdılar. Getdim yanına. Həkim məni sorğu-suala tutdu, xeyli də mənasız suallar verdi. Axırda dedi, “Seyran müəllim, siz güclü adamsınız, mənə kömək edin, sizi sağaldım”. Dedim, nətər kömək eləyim sənə, o boyda elmlər doktorusan. Dedi, “qorxmaya bilərsiniz?” Dedim, yekə kişisən, görmürsən, mənim heç vecimə də deyil. Camaat bu xəstəliyə 40-50 yaşında tutulur, mənim artıq 70 yaşım var, nədən qorxacam. İnsanlar qorxu deyəndə birinci göz qabağına ölüm gəlir. Halbuki ölümdən qoxmağın bir qram da xeyri yoxdu. Ölümü yaxşı qarşılayaram.


- Deyirlər, insanın iki yaşı olur. Bioloji yaşı, bir də ruh yaşı. Ruhunuzun neçə yaşı var?


- Hardasa 42-43. Neçə ildir gözləyirəm, hələ gəlib 45-ə çıxmır(gülür).


- Ruhunuzu belə gənc saxlayan nədir?


- Bir neçə səbəbi var. Ən başlıcası isə nəfsimin olmamasıdır. Nəfs məni yox, mən nəfsimi idarə etmişəm həmişə. Nəfsin də iki növü var. Maddi nəfs, mənəvi nəfs. Ola bilər ki, mənəvi nəfsimdə “naruşeniyam” olsun (gülür). Amma maddi məsələlərdə nəfsimə hakiməm. Heç vaxt sahib ola bilmədiyim maddi nəsnələrə görə fikir edən insan olmamışam. Nəyim var, ona qane olub yaşamışam. Mərdəkanda yaşayıram. Özümə görə xudmani bir evim var. Ətrafımdakı evlərin qiyməti yalan olmasın yarım milyondur. Hardasa bir il əvvəl oturub həmin villalara baxıb fikirləşdim ki, onun sahibi gəlib mənə deyə bir milyon da sənə pul verirəm, gəl evimizi dəyişək. Mən dəyişə bilmərəm e. Orda mən üşüyərəm, yaşaya bilmərəm. Mənim tikdiyim evin hər kərpicində nəfəsim var. Gedib o evdə yad ölkədə yaşayan kimi yaşayaram. Hər zaman bu fikirdəyəm ki, kişinin evi bir arvadın silib-süpürməyə gücü çatacağı qədər olmalıdır.


- Ən böyük qüsurunuz nədir?


- Demək olar ki, çox qüsurlu adamam. Qüsurlarım çoxdur. Amma yaxşı cəhətlərimlə tərəziyə qoyanda qüsurlarım yüngül gəlir.


- Seyran müəllim, siz ədəbi mühitə poeziya ilə gəlmişdiniz. Şeirləriniz bir dövr çox məşhur idi. Nə baş verdi ki, şeiri atıb nəsrə keçdiniz?


- Ramiz Rövşən bir dəfə dedi ki, bizim gənclikdə ən çox gözmüzü qorxudan şair Seyran Səxavət idi. Mən yox, şeir məni atdı. Mənim elə gücüm hardandır, sözü atım. Hiss elədim ki, şeirdə ürəyimi boşalda bilmirəm. Mən istəyirdim obrazlar qalereyası yaradım.


- Belə çıxır ki, bu janrda özünüzü daha tamamlanmış hiss edirsiniz?


- Əvvəla, mən janr anlayışını qəbul etmirəm. O janr dediyiniz şeylərin hamısının bir materialı var: Söz. Mənim üçün bir janr var, o da sözdür. Yerində deyilmiş, sanballı, dipdiri söz. Cümləyə baxanda tərpənən söz.


- Müasir Azərbaycan ədəbiyyatı haqqında nə düşünürsünüz?


- Maraqlanıram, oxuyuram bəzilərini. Onu deyim ki, Azərbaycanda qadın ədəbiyyatı heç vaxt bu günkü qədər möhtəşəm inkişaf etməyib. Məsələn, İlhamə Nasir, Təranə Vahid, Təranə Turan, Arzu Nehrəmli, bunların hər birinin bənzərsiz və möhtəşəm qələmi var. Məsələn Təranə Turandan bir bənd deyəcəm:


Mən elə susdum ki, elə susdum ki,
Daş bilib divara hördülər məni.


- Deyəsən ancaq qadınları oxuyursunuz. Bəs bəylər?


- Xanımlara xüsusi münasibətim var (gülür). Bəylərin çoxusu ədəbiyyata gələndə onlarla yaxın olmuşam, həmişə müdafiə etmişəm. Amma iddiaları istedadlarından çox böyük olub hər zaman. Aqressiv və yekəbaşlıqları onların inkişafına mane olub. Aqressiya və yekəbaşlıq da istedadla qidalanır ancaq. Həmin o bəylərin çoxunun yaşı indi əllini keçib, bəziləri əlliyə çatır. Amma ortada heç nə yoxdu. Bir-iki nəfər var ki, fərqlənə biliblər. Məsələn, Aqşin Yeniseyi oxumuşam. Salam Sarvanın qələmi çox maraqlıdır. Bənzərsizdir. Onların içində deyərdim ən bənzərsizi odur.

- Ədəbiyyatda və publisistikada söz oynatmağı necə dəyərləndirisiniz?


- Pis. Əvvəla, sözü oynatmaq günahdır. Mən də vaxtilə bir az söz oynatmışam, amma yaxşı ki, tez buraxmışam başını. Azərbaycanda söz adamları içərisində sözü ən çox oynadıb, ələ salan Mirşahindi. O da mənim təsirimlə olub vaxtilə. Mirşahin söz oynatmağı məndən öyrənib. İndi boynuna alar, almaz, öz işidi.


- Seyran müəllim, ömrü ədəbiyyatda yarılamısınız. Amma heç bir fəxri adınız, orden-medalınız yoxdur. Vermirlər, yoxsa özünüz istəmirsiz?


- Mən ümumiyyətl,ə ordenə medala qarşı allergiyası olan adamam. Bəlkə mənə verməyiblər ona görə belə hiss edirəm, bilmirəm. Əkrəm Əylisli yadındadırsa orden, medallarından imtina etmişdi. O ərəfədə bir neçə jurnalist zəng vurdu, məndən münasibət öyrəndi. Dedim, Əkrəmə deyin ki, həmişə təmizlikdə.


Titullar, ordenlər, medallar qətiyyən istedadlı adama xüsusi stimul-zad vermir. Bunun əksini kim deyirsə, o qeyri-səmimi adamadır. Mən xalq yazıçısı deyiləm. Soruşsan ki, Xalq yazıçısı fəxri adın almaq istəyərsən, nə yalan deyim, deyərəm, versələr, alaram. Çünki Xalq yazıçılarına prezident təqaüdü verirlər, ev-zad bağışlayırlar. Maddi tərəflərinə görə istəyərəm. Niyə yalan danışım ki, yox, istəmərəm.




- Bildiyim qədərilə yaxşı səsiniz olub. Nə əcəb xanəndə olmamısınız?


- Yaxşı yox e, müsibət səsim olub. “Mirzə Hüseyn Seygahı” oxuyurdum. Bəlkə Bakıya gəlməsəydim, xanəndə olardım. Gəldim Bakıya, qoşuldum Sabir Rüstəmxanlıya, Ramiz Rövşənə, “pozuldum” (gülür). Ədəbiyyata sarı getdim. Yəqin ki, səsimin dalınca düşsəydim, indi Xalq artisti idim. Əlbəttə, bu zarafatdı. Səs olmaqla deyil, gərək adamın həvəsi də ola. Mənlik sənət deyildi. Bizim tayfamız Muradxanlı tayfasıdı, hamımızın gözəl səsi olub. Amma bir dənə xanənədmiz vardı. Əvəz əmi. Bahar Muradovanın atası. Gözəl xanəndə olub Əvəz Muradov.

- Seyran Səxavətin nəyə ehtiyacı var?


- Bir dəfə dostum Fuad Poladov əlli illik yubileyimdə sağlıq deyəndə bir çıxış etdi. Dedi ki, “Seyran Səxavət ömür boyu ehtiyac içində yaşayıb, bu gün də ehtiyac içindədi”. Bütün qohumlarım, dost-tanış hamısı təəccüblə baxdı. Hamı bilir ki, mən imkanlı ailədə böyümüşəm. Fuad bir pauza verdi, əlavə etdi ki, “Seyran Səxavət həm də çox acgöz adamdı. Gözü doymayandı. Onun həmişə insanlara, yaxşı dosta ehtiyacı olub”. Baxmayaraq ki, ətrafımda insan çoxdur. Yenə də gözüm yaxşı insan axtarır. Fuad o mənada çox düz deyirdi. Mən çox acgöz adamam. Mənim yaxşı insanlar tanımağa ehtiyacım var.


- Vəzifəli adamlar arasında dostluq etdiyiniz kimsə yoxdu?


- Vəzifəli adamlarla, məmurlarla mənim dostluğum alınmır. Alınmaz. Vəzifəli adamlar səmimi olmur. Mənim səmimi olmayan, saxta adamlarla ünsiyyətim, dostluğum alınmır.


- O zaman siz vəzifədə olmağı da sevmirsiniz...

- Mənim vəzifəm var də. Ən böyük vəzifəm vətəndaşlıqdır, vətəndaşlıq mövqeyimdir, vətəndaşlıq kabinetimdir.


- Dostlarınızın çoxu dünyasını dəyişib. Onların yoxluğu çox güman ki, həyatınızda böyük boşluq yaradıb. Bu boşluqla necə başa çıxırsınız?


- Hər gün yerləri görünür. Qalmışam uşaq-muşaq əlində. Onlar böyük adamlar idi. Mən dostlarımdan Allahımdan yarıdığım qədər yarımışam. Biz bir-birimizi axtarıb tapmamışıq, sadəcə olaraq belə alınıb. Mənim möhtəşəm dostlarım olub. Uşaqlıq dostum Zeynal, Adil Hacıyev, Bakıda bir qırçı var idi, Gülbudaq adlı. Şeir də yazırdı. O mənim dostum olub. Fuad Poladov. Ramiz Rövşən. Bu gün Fuad yoxdu, Zeynal yoxdu, Adil yoxdu, Nadir Cabbarov yoxdu. Özü də sənə deyim ki, xeyli zamandır vəfat ediblər. Eləsi var 15 ildir yoxdur. Amma onlar mənim üçün xatirəyə çevrilməyiblər. Mən onların ölümünü hələ qəbul etməmişəm. Məsələn, “Kenquru” adlı hekayəm var. Fəxri Xiyabanda Yusif Səmədoğlunun qəbrindən müsahibə almışam. Vallah, mən onun qəbrini görmədim özü ilə danışmışam. Ruhən 43 yaşı olan Seyran onların ruhunu daşıyır.


- Seyran müəllim ölkədə sosial problemlər xirtdəyə qədərdir. Amma AYB üzvü olan yazıçıların demək olar ki, böyük bir qismi sanki bu ölkədə yaşamır. Yazıçılar, sənətkarlar xalqın həm də vicdan səsi deyilmi?


- Tez-tez səsləndirirlər, filankəs cəsarətli yazıçıdı, cəsarətli sənətkardır, cəsarətli dövlət xadimidi. Bizdə həqiqəti dilə gətirmək o qədər dibsiz bir şəkil alıb ki, kimsə deyəndə ki, "qatıq ağdı", elə bilirlər, bu cəsarətdi. Əslində bu cəsarət deyil. Düzünü bilmək istəyirsənsə, deyim ki, yazıçı ümumiyyətlə, çox danışmaz, yazıçı yazar, yazılan əsərlərdə cəsarətin dozası hansı səviyyədədi, adamlar, oxucular üçün nə qədər maraqlıdı, bax, bütün bunları oxucuların özləri yaxşı bilər. Amma mən ictimai, sosial məsələlərdə hansı jurnalist zəng vurub fikrimi öyrənmək istəyibsə, etiraz etməmişəm, danışmışam.


- Bu gün Seyran Səxavət, həm yazıçı olaraq, həm də vətəndaş olaraq cəmiyyətimizdə nədən narahatdır?


- Bu günə kimi hamı elə bilirdi ki, bizim bir nömrəli problemimiz Qarabağdır. Hətta bir dəfə bir verilişə dəvət olunmuşdum. Aparıcı dedi, bizim bir nömrəli problemimiz Qarabağ problemidir. Dedim, o sizə elə gəlir. Mənim bir nömrəli problemim Qarabağ deyil. Məni həmişə narahat edən məsələ Azərbaycan dilinin reanimasiyada olması olub. Bu istiqamətdə xeyli iş görmüşəm, amma hələ ki, kömək edən yoxdur. Bilirsiz, cümlə qurmaq dövlət qurmaq qədər çətindir. Bu gün Azərbaycan dili təmiz məhv olmaq üzrədir. Bu proses sürətlə davam etdirilir və ən öndə gedən də televiziyalardır.


Qarabağı da aldıq. Bax indi biz orda hansı dildə danışacağıq? Televiziya məkanının dili ilə? Evində uşaqlarıyla iki cümlə qurub danışa bilməyənləri televiziyaya yığıblar.





Günel Musa
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər