Bu fikirləri
Bakupost.az -a
hüquqşünas Ələsgər Məmmədli Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzində uşaqlara qarşı baş verən zorakılıqla bağlı danışarkən deyib.
Hüquqşünasın sözlərinə görə, baş verən hadisə bu tip müəssisələrin nəzarətə götürülməsini zəruri edir:
“İnsanlar ödəniş edir ki, uşaqlarına normal psixoloji və mənəvi qayğı göstərsinlər. Övladlarını bağçaya, məktəbə, dövlətin nəzarət etdiyi müəssisələrə göndərmək istəyənlərdə artıq ciddi qorxu yaranır. Çünki belə hadisələr baş verir və məlum olur ki, orada nəzarət sıfırdır. Burada dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür. Bildiyiniz kimi, hər fəaliyyət növü sərbəst deyil. Bəzi fəaliyyətlər xüsusi icazə ilə mümkündür. Bunlardan biri də məhz tibbi reabilitasiyaya möhtac olan şəxslərin psixoloji, fiziki dəstək alması üçün müəssisələrin yaradılmasıdır. Yəni, bu müəssisələri hər kəs istədiyi kimi, hansısa bir küncdə aça bilməz. Bunun üçün standartlar var. Bura həm mütəxəssislərin keyfiyyəti, həm də maddi-texniki vasitələr, həm gigiyenik şərait və s. şərtlər daxildir".
Ə.Məmmədli hesab edir ki, bu tip müəssisələrdə sistemli nəzarət və monitorinq aparılmalıdır:
“Əgər qanunsuz fəaliyyət göstərən müəssisələr varsa, dərhal onlarla bağlı ölçü götürülməli, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Qanuni fəaliyyət göstərənlər isə öz üzərlərinə maksimum şəffaflığı təmin edəcək öhdəliklər götürməlidir. Bu necə ola bilər? Bu gün çox ucuz müşahidə kameraları var ki, uzaqdan da onu izləmək olur. Hesab edirəm ki, dövlət qurmları həmin müəssisələrə kameralar yerləşdirməli və mütəmadi izləmə imkanı yaratmalıdır. Hətta həmin kameraların valideynlər tərəfindən izləməsi təmin edilməldir. Xoşagəlməz hadisələrin qarşısını almaq üçün nəzarəti gücləndirmək vacibdir. Nəzarət həm dövlət qurumları, həm də ictimaiyyət nümayəndələr tərəfindən paralel aparılmalıdır. Yəni, bu sahə üzrə fəaliyyət göstərən QHT-lərə belə istədiyi vaxt monitorinq aparmaq şansı verilməlidir. Ən azından biləcəklər ki, kimsə gəlib yoxlaya bilər”.
Ekspert baş verənlərə görə mərkəzin rəhbərliyinin məsuliyyət daşıyıb-daşımaması ilə bağlı məsələyə də toxunub:
“Qanuni fəaliyyət göstərməyən istənilən fəaliyyət hüquqa zidd olduğu üçün məsuliyyət yaradır. Əgər hadisəni konkret olaraq, rəhbər həyata keçirməyib, işə götürdüyü adam edibsə, rəhbər də nəzarət etməli olduğu halda bunu etməyibsə, onun da müəyyən məsuliyyəti ola bilər. Amma bütünlükdə bir müəssisənin içərisində bir şəxs hüquqa zidd hərəkət edibsə, müəssisənin rəhbəri də eyni məsuliyyəti daşıyır demək doğru olmaz. Çünki məsuliyyət fərdidir. Amma işə götürülən şəxsin kritreriyalara uyğun olub-olmadığı istiqamətində araşdırma aparılsa, məlum olsa ki, onun diplomu yoxdur, sertifikasiyadan keçməyib, əmək müqaviləsi ilə bağlı problemlər var, o zaman məsuliyyətlər paylaşılır və rəhbərlik də məsuliyyət daşımış olur”.
Fərid
Baku Post
Həmçinin oxuyun: