Azərbaycanın Baş naziri Əli Əsədov "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleg Belozyorov ilə görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının cari vəziyyəti və müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub.
Xüsusi diqqət nəqliyyat-logistika sahəsində əməkdaşlığa, o cümlədən dəmir yolları arasında qarşılıqlı fəaliyyətə yönəldilib.
Regionun tranzit potensialının artırılması üzrə birgə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Bu kontekstdə beynəlxalq "Şimal–Cənub" nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı və bu marşrut üzrə yükdaşımaların davamlı artımının təmin edilməsi üçün işlərin sinxron həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.