Toy və yas mərasimləri Azərbaycanda artıq sadəcə ailəvi ənənə yox, göstəriş, şan-şöhrət və sosial yarışa çevrilib. Sadə bir ailə övladının xoş gününü qeyd etmək istəyəndə, vəhşi kapitalizmin qaydaları ilə idarə olunan şadlıq evlərinin diktəsi ilə üzləşir. Menyudan qiymətədək hər şey sifarişçiyə deyil, bazarın hökmünə bağlıdır. Masalarda artıq qalan yeməklər, keyfiyyətsiz məhsullar, borc hesabına qurulan mərasimlər isə həm israfçılıq, həm də sosial fəlakətə səbəb olur.
"Bakupost TV"-nın "Yaxın plan" verilişinin son buraxılışı da elə bu mövzuya həsr olunub.
Verilişə qonaq qismində qatılan sosioloq Mail Yaqub vəziyyəti belə xarakterizə edir:
“Şadlıq evlərinin qapısından içəri girməyən qanunlar var. Bu, sadəcə hüquqi boşluq deyil, həm də ictimai dəyərlərin aşınmasıdır".
İqtisadçı Emin Qəribli isə problemin kökünü ölkənin iqtisadi modelində görür:
“Bu mərasimlər neft ölkələrinin şöhrətpərəstliyinin nəticəsidir. Ailələr bəzən borc içində boğularaq toy edir, amma həmin günün yükünü illərlə daşıyır.”
Ekspertlərin fikrincə, qanunvericilik təkmilləşmədən, dövlət nəzarəti güclənmədən və ictimai maarifləndirmə aparılmadan vəziyyət dəyişməyəcək. Əks halda, toy və yas mərasimləri sevinc və hüznü bölüşmək yerinə, ailələri sosial təzyiq və borc girdabına sürükləməyə davam edəcək.
Ətraflı videoda: