Yasamalda 3 nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən yanğında həyat yoldaşı və iki azyaşlı övladını xilas etməyə çalışarkən həlak olan binanın komendantı Samir Məhəmmədov faciədən bir neçə gün əvvəl Bakupost.az -a müraciət etmişdi. O, binanın zirzəmisinin qanunsuz şəkildə satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini bildirmiş, bununla bağlı redaksiyaya çoxsaylı sənədlər təqdim etmişdi.
Mərhum komendant açıqlamasında qeyd edirdi ki, 17 mərtəbəli bina vaxtilə “Fobos” MTK tərəfindən tikilsə də, uzunmüddətli mübarizədən sonra MTK ərazidən uzaqlaşdırılıb və sakinlər "Yasamal 62" MMMC-ni yaradaraq idarəçiliyi öz üzərlərinə götürüblər:
“Mən cəmiyyətin idarə heyətinin sədriyəm. Həm də binanın sakiniyəm”.
Onun sözlərinə görə, MTK binadan çıxarıldığı dönəmdə onun sədri Abbas Çerpanov layihədə texniki mərtəbə kimi göstərilən “-1 mərtəbə”nin böyük hissəsini birinci mərtəbədəki obyektin sahibi Vüqar Abbasova satıb. Vüqar Abbasov isə zirzəmidə pəncərəsiz, tamamilə qapalı məkanda “LOFT” adlı restoran tikdirib:
“Vüqar Abbasov ora sahiblənib və binanın altında, hətta yer səviyyəsindən də aşağıda restoran tikib. Elə bir restoran ki, heç pəncərəsi belə yoxdur. O zamandan bəri nə zirzəmimiz, qarajımız var, nə də restoranın fəaliyyəti sakinlərin dinc yaşamağına imkan verir. Ümumi əmlak olan bu sahələr satılıb”.
Samir Məhəmmədovun sözlərinə görə, həmin restoran layihədə ümumiyyətlə, nəzərdə tutulmayıb və obyektə giriş də qanunsuz şəkildə düzəldilib:
“Restoranın ayrıca girişi də yoxdur. Deməli, birinci mərtəbədə “Loft Dent” stomatoloji klinikası açıblar. Klinikanın girişindən keçib restorana düşürsən. Ora zirzəmi, qarajlar üçün nəzərdə tutulmuş yer idi. Onlar da restoranın içindən belə deyək, yerin altından özlərinə deşik açıb ayrıca giriş düzəldiblər .Son zamanlar restoranın fəaliyyəti daha da güclənib. Səs-küy, musiqi, iy, qoxu… Orada antisanitariya yaranıb, siçovulların sayı artıb. Gecə saat 24.00-01.00-da həyətdə dava-dalaş, içkili insanlar olur. Restorana gələnlər maşınını bizim bizim həyətdə saxlayırlar, özümüz maşın saxlamağa yer tapa bilmirik. Nəinki maşın saxlamaq, ümumiyyətlə, həyətdən keçmək olmur. Təsəvvür edin ki, 1-ci mərtəbənin sakinləri bu səs-küydən, daimi musiqidən nə qədər əziyyət çəkir. Bilmirəm, toy edirlər, nə edirlər orada.
Birincisi, həmin zirzəmi ümumiyyətlə, saxta sənədlər əsasında ələ keçirilib. Bunu məhkəməyə də vermişik, məhkəmə davam edir. Sənədlərin saxta olduğunu sübut etmişik, şahidlər də gətirmişik.
İkincisi, burada restoranın fəaliyyəti nə dərəcədə qanuna uyğundur? Mənim bildiyimə görə, qanunvericilik yaşayış binalarının altında restoranların fəaliyyətinə icazə vermir. Səs-küy, qoxu sakinləri narahat edir. Binanın layihəsində də restoran üçün heç bir texniki şərt nəzərdə tutulmayıb, şaxtaları belə yoxdur”.
Zirzəmi ilə bağlı Samir Məhəmmədovun Bakupost.az-a təqdim etdiyi sənədləri təqdim edirik:
İSTİSMARA QƏBUL AKTI
S.Məhəmmədovun təqdim etdiyi sənədlərə görə:
“Binanın istismara qəbul aktında və tikinti layihəsində -1 mərtəbə yalnız zirzəmi və qarajlar üçün nəzərdə tutulub. Bu, həmin sahənin ümumi istifadə və texniki təyinat üçün nəzərdə tutulduğunu təsdiqləyir. Heç bir sənəddə bu mərtəbənin qeyri-yaşayış sahəsi kimi ayrılmasına və ya fərdi mülkiyyətə verilməsinə dair qeyd yoxdur.
Bu baxımdan, həmin ərazi Çoxmənzilli Binanın Ümumi Əmlakı sayılır və “Mənzil Məcəlləsi”nin 35-ci və digər maddələrinə əsasən, bütün sahiblərə birgə məxsusdur.
QEYDİYYAT ÜÇÜN ƏSAS GÖSTƏRİLƏN İKİ SƏNƏD
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, zirzəmi sahəsinin Vüqar Abbasovun adına rəsmiləşdirilməsi aşağıdakı iki sənəd əsasında aparılıb: 1.MTK iclasının protokolundan çıxarışı, 2.Maliyyə arayışı
Mərhum S.Məhəmmədovun sözlərinə görə, təqdim olunan protokoldan çıxarış qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib:
"Sənəddə qeyd olunan imzaların saxta olduğu rəsmi şəkildə şahidlər tərəfindən təsdiqlənib.
Çünki belə qərarların yalnız bütün mülkiyyətçilərin iştirakı ilə ümumi yığıncaqda qəbul edilməsi tələb olunur. Lakin MTK tərəfindən belə iclasın keçirilməsi barədə heç bir bildiriş və ya çağırış sənədi təqdim edilməyib. Mülkiyyətçilərin iclası ümumiyyətlə, keçirilməyib".
S.Məhəmmədov bildirib ki, mülkiyyət hüququnun təməli olan bu sənəd saxta olsa da, qeydiyyat həyata keçirilib.
MƏHKƏMƏ EKSPERTİNİN RƏYİ
Məhkəmənin qərarı ilə təyin olunmuş ekspert müəyəyn edib:
1.Faktiki istifadə edilən zirzəminin sahəsi çıxarışda göstəriləndən xeyli böyükdür,
2.Bu, yalnız saxta sənədlərlə özəlləşdirilən hissəni deyil, ümumi ərazinin əlavə qanunsuz zəbtini də göstərir.
Samir Məhəmmədov vurğulayıb ki, bu faktlar göstərir ki, zirzəmi:
qanunvericilik baxımından ümumi mülkiyyət obyektidir və
saxtalaşdırılmış sənədlər əsasında fərdi şəxsin adına keçirilib.
NORMATİV POZUNTULAR
Samir Məhərrəmov bildirib ki, hazırda zirzəmidə fəaliyyət göstərən restoran və stomatoloji klinika Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları layihələndirmə normaları”nın 4.11, 4.13-cü maddələrinə ziddir:
Həmin maddələrin tələblərinə görə, sahəsi 250 m²-dən çox və 50 nəfərdən artıq tutumu olan yeməkxana və restoranların, saat 23:00-dan sonra işləyən müəssisələrin, vibrasiya, səs-küy və tüstü yaradan avadanlıqların, partlayış, yanğın və sanitar təhlükəsi daşıyan obyektlərin, eləcə də baytarlıq və bəzi tibbi müəssisələrin yaşayış binalarının zirzəmi və birinci mərtəbələrində yerləşdirilməsinə icazə verilmir.
Eyni zamanda sözügedən normların 4.13-cü maddəsinə əsasən, zirzəmilərdə tezalışan maddələrin, qaz cihazlarının və 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsi qəti şəkildə qadağandır.
Mərhum komendantın sözlərinə görə, “LOFT” restoranı və həmin sahədə açılan stomatoloji klinika bu tələblərin bir neçəsini eyni vaxtda pozub. Belə ki, binanın ventilyasiya sistemi və mühəndis infrastrukturu normaya uyğun deyil, qoxu, tüstü və səs yaşayış mənzillərinə yayılır, ərazidə sanitar təhlükəsizlik və yanğın riskləri mövcuddur”.
Xatırladaq ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə bağlı "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.
Yanan binadakı obyektin sahibi Vüqar Abbasov bildirib ki, 2023-cü ildən obyektləri icarəyə verib, orada “Loft" restoranı və “Loft Dent” klinası fəaliyyət göstərir. O, təmir zamanı hər obyekt üçün ayrıca elektrik xətti çəkildiyini deyib:
"Restoranın və binanın elektrik xətləri ayrıdır. Bizim xətlərdə hazırda heç bir problem yoxdur. Vətəndaşlar iddia etsələr ki, bizim işıq kabelləri qızaraq onlarınkını da sıradan çıxarıb, bu yanlışdır. 160 kV üçün texniki pasportumuz var. Bizim ümumi istifadə isə 30 kV-nı aşmır. Yay aylarında aylıq maksimum 1000-1300 manat pul ödəyirdim. İndi qışdır, yüklənmə belə yoxdur. Xətlərdə yüklənmə nədən ola bilər? Qeyd etdiyim kimi, bütün proseslər texniki göstəricilərə uyğundur. Bundan başqa, deyirlər ki, şaxtada generator olub. Bu da əsassızdır. Bizim generatorlarımız çöldədir, hamısı da işlək vəziyyətdədir. İstəyən şəxs gəlib baxa bilər. Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd olunur ki, hadisə binanın elektrik şaxtasındakı yanğın səbəbindən baş verib. Bizdən isə ora heç bir elektrik kabeli daxil olmurdu".
Qeyd edək ki, noyabrın 21-də baş verən yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova vəfat edib.
Lalə Novruz, BakuPost