Sabirabadda gəlin qayınanasını döyüb.
Bakupost.az Lent.az-a istinadən, hadisə Qaraqaşlı kəndində baş verib.
25 yaşlı T. Məmmədova yaşadıqları evdə qayınanası ilə mübahisə edib. Mübahisə zamanı o, qadının qolunu burub və yerə yıxmaq üçün güc tətbiq edərək aşağı əyib. Nəticədə zərərçəkənin çanaq nahiyəsində güclü ağrılar yaranıb.
1 azyaşlı qızı olan təqsirləndirilən şəxs bildirib ki, naməlum səbəbdən qayınanasının ondan xoşu gəlmir:
“Əvvəllər problemimiz yox idi. Son 3-4 aydır ki, mübahisələrimiz yaranıb. Qayınanam daim deyir ki, səni evdən çıxaracam, boşatdırıb oğluma başqa arvad alacam. Cavab olaraq, mən də ona dedim ki, sən özün də vaxtında qayınanana zülm etmisən. Bundan sonra o, stolun üstündəki kasanı götürüb məni vurmaq istədi. Buna görə tez qayınanamın qolunu tutub burdum. Evdə olan baldızım gəlib bizi araladı”.
Zərərçəkən isə istintaq zamanı deyib ki, gəlini daim ona söz atır:
“Mənə dedi ki, sən qayınanana zülm etmisən, mən də sənin başına oyun açacam. Kasanı götürdüm, dedim başına çırparam. Buna görə qolumu tutub burdu, sonra arxama keçib iki qolumu da sıxıb məni yıxmaq istədi. Qızım bizi aralayandan sonra gəlinim məni buraxdı. Ağrıdan yerimdən qalxa bilmədim. İki gün sonra xəstəxanaya gedib müalicə almalı oldum.
Əvvəllər də aramızda münaqişələr olub. Lakin polisə şikayət etməmişəm. Hazırda gəlinimdən şikayətçiyəm”.
Hadisə ilə bağlı T. Məmmədova barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.
Sabirabad rayon Məhkəməsində hakim Cavid Cəfərovun sədrliyi ilə keçirilən iclasda T. Məmmədov barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.