Ru
12:17 / 31 İyul 2021

Türkiyə yanğınlarının tarixi dərsi: nə etməliyik?

14188
Türkiyədə baş verən yanğınların dəhşətli fəsadları hələ bundan sonra özünü göstərəcək: min hektarlarla meşə zolağı, yüzlərlə ev məhv oldu, ölənlər və yaralıların sayı yüzlərlədir və hələ də artmaqda davam edir.

Ölkənin cənub əraziləri, xüsusilə kurort zonaları tam bir yanğının içərisindədir və Türkiyə günlərdir ki, bu fəlakətlə mübarizə aparır. Azərbaycan yanğınsöndürənlərinin ilkin qrupu – 103 yanğınsöndürən və xilasedici, o cümlədən amfibiya təyyarəsi və helikopter artıq yanğın bölgəsində, Marmarisdə yanğınlara qarşı mübarizə aparır. 254 yanğınsöndürən və 54 texnikadan ibarət ikinci qrup da artıq yola düşüb və yaxın günlərdə yanğınla mübarizəyə qoşulacaqlar. Azərbaycanlı yanğınsöndürənlərin işinin koordinasiyası üçün fövqəladə hallar nazirinin müavini general Etibar Mirzəyev də Türkiyədədir.

Bu yanğınların eko-terror olduğu artıq üzə çıxmaqdadır. PKK-ya bağlı və erməni mənbələrindən maliyələşən “Atəşin uşaqları” terror qruplaşması bu yanğınların məsuliyyətini öz üzərinə götürüb. Türkiyə Milli İstehbarat Təşkilatı isə yanğınların törədilməsində şübhəli bilinən bir neçə terrorçunu ələ keçirib.


Türkiyənin son illər bölgədə artın siyasi və hərbi qüdrəti, regional gücdən qlobal gücə çevrilməsi istiqamətində Türkiyə liderinin atdığı atdımlar, o cümlədən Türkiyənin 2023-cü il hədəfləri və dünyanın 10 ən güclü iqtisadiyyatından birinə sahib olmaq uğrunda həmlələri, Kanal İstanbul kimi dünyanı heyərətə gətirən lahiyə, paralel olaraq Liviya və Şərqi Aralıq dənizindən Qafqazlara, Orta Asiyaya və Əfqanıstana qədər nüfuz dairəsini genişləndirmə, Türkiyə cümhuriyyəti tarixində ilk dəfə olaraq xarici ölkələrdə hərbi baza açma və regionun taleyi ilə bağlı ədalətli qərarların alınmasında Ankarının müstəsna rolu bəzi gücləri qıcıqlandırmaya bilməzdi və onların əlbəttə ki, qardaş ölkəyə qarşı müəyyən terror addımlarını gizli şəkildə dəstəkləmələri də mümkündür. Bu baxımdan yanğın gözlənildiyi qədər də gözlənilməyən, Türkiyəyə ağır zərbə vuracaq bu terror hadisəsidir.

Burada ekoloji fəlakətlə bərabər, insanların illərlə qurduqları böyük bizneslərinə də zərbə vuruldu. Türkiyə iqtisadiyyatında turizm sektoru olduqca önəmli yer tutur və ölkəyə ildə 100 milyarddan çox gəlir gətirir. Əlavə olaraq gələn turistlər eyni zamanda valyuta axını deməkdir. Bu baxımdan Türkiyənin məhz turizm zonalarının atəşə verilməsində uzaq məqsədlərə hesablanan çox çirkin planlar olduğu şübhəsizdir. Burada məqsəd Türkiyəni 2023 və 2029 hədəfindən yayındırmaq, iqtisadi kataklizm və ekoloji tarazlığın pozulması ilə hakimiyyəti regional və qlobal hədəflərdən yayındırmaq, AKP iqtidarına qarşı daxili müxalifəti gücləndirmək, 2023-cü il seçkilərində AKP-nin təkbaşına iqtidar olmasının qarşısını almaqdır.

Əslində, bu proses də başlayıb: ölkənin əsas müxalifət partiyaları yanğınsöndürmə təyyarələrinin niyə olmaması barədə suallar verir, bunu “128 milyardlıq dosye” səviyyəsinə qaldırmaqla etirazı körükləyir, Türkiyə hakimiyyətinin yanğınlara hazır olmaması əsas gətirərək, çox böyük təbliğat aparırlar.


Türkiyəyə doğrudanmı yanğına hazır deyildi?

Türkiyə hakimiyyətinin rəsmi açıqlamasından bəlli oldu ki, qardaş ölkədə yanğınsöndürmə təyyarələri artıq istismar müddətini tamamlayıb və yenilənməsi istiqamətində danışıqlar aparılırmış.

Digər tərəfdən, istismar müddəti tamamlandığı üçün mövcud təyyarələrin sınaq uçuşları da dayandırılıb və buna görə də iki ildir bu sahədə peşəkar kadrlar yoxdur. Başqa sözlə, təyyarələrin olduğu halda belə, onu istifadə edəcək kadr çatışmazlığı var.

Yanğının əlçatmaz ucalıqlarda, meşənin dərinliklərində yerləşməsi isə ora yalnız təyyarə və helikopterlərlə müdaxiləni qaçılmaz edir. Buna görə də yanğınların söndürülməsində ciddi problemlər yaranıb.

Türkiyədəki eko-terrordan çıxan nəticələr

Türkiyə hakimiyyəti daha genişmiqyaslı əməliyyatlar, hərbi sənayedə inqilabi yeniliklərə diqqət ayırdığı bir zamanda yanğınsöndürmə təyyarəsi parkının yenilənməməsi və yaxud MİT-in bu istiqamətdə mümkün terror hadisələrinə hazır olmamasından maksimum istifadə edilməsi diqqət çəkir. Yəni eko-terrorun zamanlaması məsələsi var.

Azərbaycan da 30 ildən sonra möhtəşəm bir qələbə qazanaraq, torpaqlarını düşməndən azad etdi və regional söz sahibliyini möhkəmləndirdi. Artıq Ordumuz sərhədlərimizi bərpa edir və bununla bərabər, Şəqrdən Qərbə uzanacaq böyük nəqliyyat dəhlizinin daha bir, həm də əsas marşrutunun Zəngəzurdan keçməsi istiqamətində ciddi addımlar atır. Azərbaycan hazırda regionun təkcə qalib dövləti deyil, həmçinin Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayan, nəqliyyat habına malik və bunu inkişaf etdirən ölkədir. Şimal-Cənub xətti belə Azərbaycan ərazisindən keçir və bura Şərq-Qərb xəttinin də Zəngəzurdan keçməklə daxil olması, Türkiyə ilə Azərbaycanın yerüstü birbaşa nəqliyyat-kommunikasiya əlaqəsinin yaranması Azərbaycana misilsiz üstünlüklər verir.

Bu baxımdan qardaş Türkiyə kimi, Azərbaycanın da bu məqamda xüsusilə həssas olmasına çox ciddi ehtiyac var. Belə ki, Türkiyədə eko-terror törədənlərin ASALA-nın yaratdığı və PKK-ya bağlı olan “Atəşin uşaqları” tərəfindən törədilməsi bizim üçün də ciddi siqnallar doğurur.



Dövlətin üzərinə düşənlər

2009-cu ildə Azərbaycan yanğınların söndürülməsi üçün amfibiya təyyarəsi alanda bunu israfçılıq kimi qiymətləndirib, hakimiyyəti qınayanlar hazırda bu təyyarənin Türkiyədəki yanğınların söndürülməsində türk mediasının belə böyük coşqu ilə təqdir etdiyi fəaliyyətini görüb də, yanlış tənqid metodu seçdiklərinin yəqin ki fərqindədirlər.

Azərbaycan həm amfimiya təyyarəsi, həm helikopter, həm də digəe texniki təxhizat baxımından mükəmməl sistem qurmağı bacarıb. Eyni zamanda peşəkar və fədakar şəxsi heyət formalaşdırlıb və onların təlimləri daim davam edir.

Ancaq eko-terrordan və ümumiyyətlə ekoloji fəlakətdən qorunma yalnız yanğınsöndürmə qruplarının texniki təchizatının yüksək olması və yaxud hüquq-mühafizə və xüsusi-xidmət orqanlarının fəaliyyətinə bağlı deyil. Bu prosesdə bütövlükdə cəmiyyət iştirak etməlidir.


Cəmiyyətin görməli olduqları

İlk növbədə unutmamalıyıq ki, Azərbaycan ərazisinin yalnız 11 faizi meşə örtüyünə malikdir və bu, çox aşağı göstəricidir. İşğaldan azad edilən ərazilərdəki dağıntıları, meşələrin yandırılması və ağacların məhv edilməsini nəzərə alsaq, Azərbaycanda bütövlükdə ekoloji vəziyyət ümumxalq işinə çevrilməlidir.

Təəssüf ki, bir çox hallarda biz aşağıdakıları müşahidə edirik:

1. Dövlətin rəsmi qurumları və yaxud Heydər Əliyev Fondunun təşəbbüsü ilə böyük eko-aksiyalar vaxtaşırı olaraq keçirilir və bu zaman yüzminlərlə ağac əkilir. Ancaq təəssüf ki, həmin ağacların sonrakı taleyinə biganəliklə üzləşirik;

2. Ekoloji tarazlığın qorunmasını hər kəs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərində olduğunu düşünüb, bu prosesdə aktiv iştirakdan imtina edir. Bakıda yaşıllıqların məhvində hansısa sahibkar və yaxud şəxsi adamların necə “fəallıq” göstərdiyi haqda mediada onlarla fakt tapmaq mümkündür. Hansısa sahibkar tikinti aparmaq üçün bir çox hallarda ağacların qurudulmasına çalışır və yaxud nəzarət olmayan vaxtlarda, məsələn, gecə saatlarında onların kəsilməsini həyata keçirir.

Bir müddət öncə Lənkəranda “Beta” çay şirkətinə meşənin ortasında ağacsız sahənin istismarına icazə verilsə də, bu şirkət orda ərazini genişləndirmək üçün ağacların kəsilməsini həyata keçirmişdi. Halbuki 15 illik istismardan sonra həmin ərazilərin meşə örtüyü səviyyəsinə çatdırılması öhdəliyini götürmüşdü. Yalnız vətəndaş cəmiyyəti institutlarının, ictimai fəalların və medianın faktı aşkarlamasından sonra araşdırma başladı və ağacların kəsintisi faktı təsdiqləndi. Bunun ardınca isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müqaviləni ləğv edərək, ağacsız ərazidə meşə örtüyünün salınmasını öz üzərinə götürdü və “Beta” şirkəti də yüksək məbləğdə cərimələndi.

Ümumiyyətlə, hazırda ekosistemin qorunması və inkişafın dövlətin prioritetlərindən biridir və buna görə də böyük ağacəkmə aksiyaları keçirilir, eyni zamanda ağac kəsintisinə qarşı mübarizə ən yüksək səviyyəyə qalxıb. Bu istiqamətdə cərimələr də 10 dəfədən çox artırılıb. Buna baxmayaraq, bu rposesdə cəmiyyətin iştirakı mütləqdir.

3. Bir çox hallarda Azərbaycanda meşə yanğınları yay aylarında istirahətə gedənlərin səhlənkarlığı və təbiətə qarşı adekvat olmayan münasibətindən qaynaqlanır. Meşədə və yaxud hansısa səfalı yerdə, o cümlədən dəniz kənarında istirahət edərkən təmizlik və təhlükəsizliyin qorunması qaydalarına böyük ölçüdə əməl edilməməsi ciddi problemdir.

Azərbaycanda bu il nəinki rayonlarda, hətta Bakı şəhərindəki açıq sahədə kol-kosdan tutmuş, ağacların yanmasına qədər, bir çox yanğınların səbəbkarları ayrı-ayrı insanlar olub.

4. Taxıl sahələrinə od vurilması kimi “ənənə” də bu istiqamətdə ən ciddi problemlərdən biridir. Guya əkin sahələrinin biçindən sonra yandırılması torpağın münbit olmasına gətirib çıxarır. Bu yanlış, heç bir elmi izahı olmayan yalanın özü Azərbaycanda ekoloji sistemə nə qədər böyük ziyanlar vurub və bunun nəticəsində meşə yanğınlarına qədər, böyük fəlakətlər törəyib.

Əslində taxın zəmilərinin biçindən sonra yandırılmasının “vacibliyi” haqda düşüncənin özü belə təxribatdır və ekoloji terrordur. Cəmiyyət bu məsələdə də ciddi həssaslıq nümayiş etdirməlidir.

Bütövlükdə cəmiyyət olaraq ekoloji tarazlığın qorunmasında, o cümlədən eko-terrorun qarşısının alınmasında, təbiətə münasibətdə böyük diqqət göstərməyimiz tələb olunur.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın Tarixi Qələbəsi çoxlarını narahat edir və bu baxımdan biz həm də bütün hücumlara cəmiyyət olaraq hazır olmalıyıq.

Elnur Niftəliyev
Baku Post

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər