Ru
15:55 / 14 Mart 2023

Güclərin hirsi milli irsi “yeyir” - Yalnız bir şansımız qalıb... – VİDEO

21795

“Sabir Rüstəmxanlı söhbətləri”nın növbəti buraxılışı qeyri-maddi mədəni irsə, milli kimliyimizə, insanlığı gözləyən bəlalar və xalqın bu bəlalardan xilas edilməsi yollarına həsr olunub.



Bu yaxınlarda Milli Məclisin Mədəniyyət komitəsində Mədəniyyət nazirliyi ilə birgə, Media nümayəndələrinin iştirakı ilə “Qeyri-maddi mədəni irsin qorunması” haqqında qanun layihəsinin müzakirə etdik.

Türkiyədə qeyri-maddi mədəni irsə “Somut olmayan kültürəl miras” deyirlər. Somut- yəni əllə toxunumayan, duyğularla anladılan bir nəsnə...
Bu irsə milləti millət edən bütün mənəvi dəyərlər daxildir: dil, adət-ənənələr, vərdişlər, əxlaq və davranış normaları, bilik və bacarıqlar, ifa sənəti və təcrübələr, xalq yaradıcılığının bütün sahələri, bir sözlə miras kimi qəbul etdiyi hər şey...
Bura müxtəlif ləhcələri, tarixi yer adlarını, abidələrlə bağlı bilgiləri, ibadətxanaları, bənzərsiz təbiət bölgələrini, bir sözlə milli varlığı təməl daşı olan bütün mənəvi özəllikləri də əlavə etmək olar.


İNSAN VƏ MİLLƏT ÖZ DƏYƏRLƏRİNƏ SAHİBLƏNMƏLİDİR. Bu dəyərləri siyasət və hakimiyyət oyunlarına qurban verməməlidir.
Qeyri-maddi irsin qorunması ideyası təxminən 120 il bundan öncələrdən başlanmışdır. Yəni bu təşəbbüsün bir əsrdən artıq tarixi var.
2003-cü ildə YUNESKO bu irsin qorunması haqqında Sözləşmə qəbul etmişdir. 180 ölkə bu Sözləşməyə qoşulub. ABŞ, Rusiya, İngiltərə bu ölkələr arasında deyil.

Maddi olmayan mədəni sərvətin qorunması da Təhsil, Elm və Mədəniyyətin qorunması qədər əhəmiyyətlidir.

1999-cu ildə Vaşinqtonda Folklorun qorunmasına həsr edilmiş bir konfransda folklor adından imtina edildi və folklor da Somut, yəni maddi olmayan mədəni irs siyahısına salındı.

YUNESKO-nun tərtib etdiyi Dünya irsi siyahısına təxminən 1160 dəyər salınıb. Onlardan 17 və ya 18-i Azərbaycandadır: Muğam, Aşıq sənəti, Novruz, Qarabağ atları, Azərbaycan xalçası, Tar ifaçılığı, Kəlağayı, Lahıc misgərliyi, Lavaş, Dolma, Kamança ifaçılığı, Çövkən oyunu, Yallı, Dədə Qorqud dastanı, nar bayramı, miniatür sənəti... Bəlkə mənim bilmədiklərim də var.

Ədalət xətrinə deməliyik ki, bu dəyərlərimizin Dünya Mədəni İrsi siyahısına düşməsində, Birinci Vitse-prezident Mehriban xanımım xüsusi xidmətini unutmaq olmaz.

Bu dəyərlərin bəziləri qardaş xalqlarla şərikdir, məsələn, lavaş, novruz. Bu irsin bir ikisinə bizim bədnam düşmənlərimiz də şərik çıxıblar: lavaş, Köçəri oyun havası...

Buna təbii baxmaq lazımdır. Türk dünyası ilə ortaq sərvətlərimiz çoxdur.

KİÇİK XALQLARIN BÖYÜK XALQLARIN SÜFRƏSİNİN TÖR-TÖKÜNTÜSÜNƏ GÖZ DİKMƏSİ DƏ BAŞA DÜŞÜLƏNDIR VƏ BUNUNLA BİZ KASIBLAMIRIQ...

Dünya öz tarixi yaddaşını, keçmişinin izlərini, köhnə xatirələrini qorumaqda niyə bu qədər maraqlıdır? Məncə, bunun əsas səbəbi insanlığın çox sürətlə öz keçmişindən qopması, kökündən uzaqlaşmasıdır. Bilgisayar, telefon, süni intellekt, yapay zəka insanı tamamilə fərqli bir aləmə qovuşdurub və bizi yeni bilgilərlə üz-üzə qoyub.

İnsan hətta öz cinsini qarışıq salır, ailə məsuliyyətini, keçib gəldiyi yolları, insanlıq borcunu unutmağa doğru gedir. Süni, yəni yapay zəka insanı elə bir yerə gətirir ki, orda düşünməyə, fikir təhlilinə, geriyə boylanmağa, əxlaqi dəyərlər haqqında düşünməyə ehtiyac duyulmur. İnformasiya seli səni də alıb aparır.

İNSAN SÜRƏTLƏ İNSANLIQDAN UZAQLAŞIR. ROBOTLAŞIR. MANQURTLAŞIR.

Ola bilsin ki, 100 il sonra insanlar kənara çəkiləcək və robotların savaşları başlanacaq.

İnsanı manqurtlaşmaqdan qoruyan əsas vasitə onun yaddaşı və yaddaşındakı insanlar, dəyərlər, keçmişin şirin xatirələridir...
Bu müstəvidən yanaşanda görürük ki, gördüyümüz, duyduğumuz, lakin əllə toxuna bilmədiyimiz, yaddaşımızda qorunan bütün irsimizə sahib çıxmaq üstümüzə gələn təhlükdən qorunmaq yoludur.

Millət öz ruhu ilə, kökünə, keçmişinə hörməti və bağlılığı ilə, mədəniyyəti, gözəl adət-ənənələriləri ilə böyükdür. Say həlledici deyil. İnsanlıq keyfiyyətləri və gələcəyə yönəlik yaşam tərzi önəmlidir.

Millət öz tarixini bilər, öz keçmişini unutmaz, böyüklərə sayğısını itirməz, ilk növbədə özünü sevər, sonra başqalarını.

Biz ölkədəki duruma bu prinsiplərlə yanaşmalıyıq. Azərbaycan həmişə ənənəvi sənətləri ilə seçilib. Bu barədə Sergey Barodinin gənclik vaxtı oxuduğum romanından bir cümləni unutmuram. O Azərbaycan sənətinin zənginliyindən heyrətlənib yazırdı: “Ax, bu Təbriz bazarı. Hər il gəlib burdan ən yaxşı sənətkarları malla, pulla şirnikdirib və ya əsir götürüb aparırlar. Gələn il gələndə onun yerində daha kamil bir sənətkarın oturduğunu görürlər”.

Bu həmişə belə olub. Azərbaycan xalqının istedadı həmişə parlaq əsərlər yaradıb. Bunun sayəsində bütün bölgələrimizdə xalça ustaları, Şəkidə şəbəkəçilik, Lahıcda və Dəmirçilər kəndində misgərlik, cənub bölgəsindən dulusçuluq, Abşeronda daş memarlığı, Naxçıvanda kaşı ilə zinətlənmiş memarlıq yaşayıb və inkişaf edib. Lakin bu gün ənənəvi sənətlərə maraq azalıb. Xalçaçılıq sənətimizlə öyünürük, gözəl xalça muzeyimiz var, lakin xalça sexləri tək-tək sıradan çıxır. Lahıc küçələrində yerli mallar getdikcə azalır. Yerini Çindən gətirilmiş cincilim-mincilimlər tutur.
Şəki şəbəkəsinin bazarı yoxdur.
Ənənəvi rəqslərimizin yerini qaraçı atılıb-düşmələri tutur.

MUĞAMAT VƏ MEYXANA, TƏDRİCƏN BÜTÜN XALQ MAHNILARIMIZI, AŞIQ SƏNƏTİNİ ƏZİB KEÇİR.

Bir vaxtlar bütün dünyada Azərbaycan musiqisini təmsil edən “Qaya” ansamblı vardı. Bu gün ona bənzər kollektiv yoxdur və xor unudulub.

Bütün bunlar somut mədəni irsə münasibətimizin göstərcisidir. Otuz ilə kinostudiyamızı bərpa edə bilməmişik. Nağıllarımızın, dastanlarımızın motivləri əsasında uşaqlarımız üçün milli cizgi filmləri çəkmirik. Onlar Avropanın robotları və ya vəhşilikləri, zorakılığı əks etdirən filmlərin ümidinə qalıblar.

İndiyə qədər toplanmamış folklor nümunələri köhnə nəsillə bərabər həmişəlik ölüb gedir.

Dəfələrlə dilə gətirdiyimiz başqa bir məsələ kəndlərimizin taleyidir. Bu, hər kəsi düşündürməli məsələdir. Xüsusən dağ kəndləri getdikcə boşalır.
Kəndlərimizin mədəniyyət ocaqları, kitabxanaları yarıbayarı ixtisar edilib. Qalanlarına da Azərbaycanın müstəqillik dövrün ədəbiyyatı gedib çatmır.

Yanlış kitab siyasəti kitabların tirajının 500-dən, 1000-dən artıq olmasına imkan vermir. Nəticədə bir çox kitablar hətta mərkəzi kitabxanalarımızın da kataloquna düşmür.

Kənd camaatı telefonun eybəcər məlumat şəbəkəsinin və səhvlərlə dolu dilinin, bir də televiziyaların ümidinə qalıb.

Bunlar ciddi problemlərdir. Hər kəsi düşündürməlidir. Təəssüf ki, ölkəmizin ideoloji sistemində boşluq var. Ölkənin milli mədən siyasəti, ideoloji və siyasi xətti xalq arasında, gənclər arasında təbliğ olunmur. Çünki milli ideoloji bir mərkəz də yoxdur. İDEOLOGİYA DEYİLƏNDƏ ÇOXLARI YALNIZ HAKİMİYYƏTİN UCUZ TƏRİFİNİ BAŞA DÜŞÜRLƏR.
Hakimiyyətin yaxşı işləri deyilməlidir. Ancaq bu tərif yağışında insanlar robota çevrilməməlidir.

Azərbaycanın hər bölgəsinin öz əkin-biçin ənənələri olub. Biz texniki bitkilərin yetişdirilməsi ilə bağlı qanunlar qəbul etmişik. Təəssüf ki, bu qanunlar zəif işləyir və ölkə getdikcə daha çox heyvandarlıq məkanına çevrilir.

SANKI BİLİNCLİ ŞƏKİLDƏ BİZİ BAŞQALARINA BƏNZƏDIB ÇOBAN XALQA ÇEVİRMƏK İSTƏYİRLƏR.

Babalarımız Azərbaycanın milli ideologiyasının təməlinə türkçülük, çağdaşlıq və islam inancını qoymuşlar. O zaman üçün bu, son dərəcə əhəmiyyətli bir seçim idi və millətin tarix şüuruna söykənirdi. Avropalaşmaq – savadsızlıqdan, cahillikdən xilas yolu kimi görünürdü. İslam, milli birlik yolu idi. Türkçülük isə öz tarixi coğrafiyasını və milli kimliyinin dərk etməyə xidmət edirdi.
Bu gün təəssüf ki, Avropalaşmaq çox sürətlə milli kimlikdən, yüz illəri aşıb gələn adət-ənənlərdən, öz dilindən və milli əxlaqından uzaqlaşmaq işinə xidmət edir. Avropanın gözəl qanunları var. İnsan və əmlak haqları yüksək səviyyədə qorunur. Təəssüf ki biz Avropanın yaxşı tərəflərinin yox, yarıtmaz və bizim milli əxlaqımıza zidd olan tərəflərinin etkisi altındayıq. Sanki ailə nizamlanmasından, ailədə uşaqların sayının artmasına imkan verməməkdən, ənənəvi əxlaq normalarımızı və ailə institutunu dağıtmaqdan başqa qayğımız yoxdur.

İslam dini isə Yaxın Şərq ölkələrini bir-birinə düşmən etməklə, qonşu dövlətin və məzhəb bölücülüyünün dərinləşməsinə xidmət edir, inancın yerini siyasi maraqlar tutur.

ORTADA QALAN TÜRKLÜKDÜR. TƏƏSSÜF Kİ, O DA CƏHALƏTİN VƏ TÜRK DÜŞMƏNÇİLİYİNİN HƏDƏFİNƏ ÇEVRİLİB.

Əsli təbliğ etdiyimiz Azərbaycançılığın əsl mahiyyətini anlamayanlar gizli və açıq şəkildə türklüyü inkar etməyə qalxırlar

Millət öz dəyərlərini və bunlardan öncə öz dəyərini bilməlidir.

Bir vaxt kəndləri gəzib maşında toxunmuş təzə xalçaları verib köhnə xalçaları alırdılar. Xalq da öz əlindəki köhnənin qədrini bilmir, yeniyə can atırdı.
Beş-on günlük ömrü olan “xrustal” qablarla yaşlı insanların gözünü qamaşdırıb onların əlindəki yüz illərlə yaşı olan mis məcməyiləri, qazanları, kasaları, köhnə samovarları alırdılar.

Yəni buna bilgisizlikdən, əlindəki sərvətin qədrini bilməməkdən başqa ad tapmaq olmur.
Pul və qazanmaq ehtirası millətin sərvətini talamaq və məhv etmək yoluna çevrilib. Bu alver hətta dövlət muzeylərin səviyyəsinə qədər gəlib çıxmışdır.

Bunların hamısı təhsillə və təbliğat işi ilə bağlıdır. Qeyri-maddi mədəni miras uşaqlarımıza tanıtdırılmalı və sevdirilməlidir. Ən böyük irs Ana dilidir. Ana dilini bilməyən yeni nəslə yerdə qalan maddi və qeyri maddi mədəni irsimizi sevdirmək olmaz.

Adət və ənənlərmənəvi irsin ən mühüm sahələrindən biridir. Təəssüf ki, burda da sürətli aşınma gedir və yaxşının yerini pis tutur. Toylar və toyxanalar bir mafiya dəstəsinin əlindədir və xalqı soymaq məkanına çevrilib. Bir axşam bir dost övladının şadlıq məclisində iştirak edirsənsə əvvəldən hesabını bilməlisən. 200 manatdan aşağı deyil. İnsan bir axşama 200 manatlıq yemək yeyə bilər? Şadlıq evlərinin bu məzənnəsinin toy sahibinə, yeni ailə quranlara nə xeyri var?

Dualar oxunmasa, yas məclisinin süfrələrini toylardan fərqləndirmək çətindir. Bəzi bölgələrimizdə yas mərasimlərim 40-a kimi hər cümə axşamı qeyd olunur. Bu, dini kitabların heç birində olmayan mənasız bir vərdişdir. Nə ölüyə, nə diriyə xeyri olmayan vərdişlər getdikcə kök atıb böyüyür və xalqın gününü qaraldır. Yaşamaq sevincimizi itiririk. Məncə, bunun qarşısı qanunlarla alınmalıdır.

Babaların mirası millətin ruhudur və bu ruh qorunmalıdır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər