Ru
15:59 / 13 Yanvar 2022

Qarabağın biznes fürsətləri - Hansı sahələri inkişaf etdirmək olar? - EKSPERT

Qarabağın biznes fürsətləri - Hansı sahələri inkişaf etdirmək olar? - EKSPERT
Eye

“Azərbaycan hökumətinin işğaldan azad olunan torpaqlarla bağlı açıqladığı iqtisadi istiqamətlər ənənəvidir, digər ölkə ərazisindən fərqlənmir, yəni, əsasən kənd təsərrüfatı və turizm ön plana çəkilir”.


Bu sözləri Bakupost.az -a iqtisadçı-ekspert Natiq Cəfərli Qarabağın iqtisadi inkişafı və biznes fürsətlərindən danışarkən deyib.

Onun fikrincə, məsələyə yeni yanaşma olmalıdır:



“Əgər indiki idarəetmə modeli və yanaşması kənd təsərrüfatının, turizmin uğurlu inkişafını təmin etsəydi, bu illər ərzində digər ərazilərimizdə böyük uğurlar əldə etmək mümkün olardı. Deməli, bu işə yanaşma və idarəetmə ilə bağlı problemlər var ki, ölkənin digər bölgələrində də uğurlu nəticələr əldə etmək çətin olub. Əlbəttə ki, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı və turizmin inkişafı üçün böyük potensialı var. Amma burada həm də idarəetmə, qərarların alınması, yatırımların şəffaflığı , biznesin qorunması, iş adamlarının cəlb edilməsi ilə bağlı problemlər həllini tapmalıdır. İkinci məsələ ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı ilə bağlı məsələlər müzakirə olunarkən tez-tez belə bir arqument səsləndirilir ki, həmin bölgənin əhalisi tarixən kənd təsərrüfatı ilə məşğul olub. Amma unutmaq lazım deyil ki, erməni işğalı nəticəsində 30 ilidir, vətəndaşlar həmin bölgələrdən didərgin düşüblər. Bu 30 il ərzində yeni nəsil yaranıb. Uşaq vaxtı oradan köçənlər, sonradan ölkənin digər yerlərində anadan olanlar şəhər mühitində böyüyüblər. Onların torpaq, mal-qara saxlamaqla bağlı bir əlaqəsi olmayıb. Yaşlılar isə artıq dünyasını dəyişib, bəziləri isə artıq o yaşdadırlar ki, fiziki əməklə məşğul olmaq çətindir. Ənənəvi kənd təsərrüfatı sahələrinin işğaldan azad oluna ərazilərə köçəcək əhali tərəfindən inkişaf elətdirilməsi o qədər də doğru tezis deyil. Amma təbii ki, həmin bölgələrin kənd təsərrüfatı potensialı var. Məsələn, su ehtiyyatları çoxdur, torpaqları verimlidir, keyfiyyətlidir”.

İqtisadçı ekspert qeyd edib ki, doğru idarəetmə sistemi qurulsa, həmin bölgələrin kənd təsərrüfatı potensialından ciddi istifadə etmək olar:

“Lakin həm kənd təsərrüfatı, həm turizmin inkişafı üçün əsas məsələ təhlükəsizlikdir. İlk növbədə orada minalardan təmizlənmə, həmin ərazilərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün çox təəssüf ki, ciddi zaman sərf olunacaq. Lakin mən ənənəvi yanaşmanın tərəfdarı deyiləm. İqtisadi azadlıqlar və qanunun aliliyi təmin edilərsə Azərbaycan vətəndaşları bəlkə də həmin bölgələrdə bu gün müzakirə etmədiyimiz, ağlımıza gəlməyən elə bir sahələri inkişaf etdirə bilərlər ki, həmin bölgələrdə kifayət qədər böyük iqtisadi potensial yarana bilər”.

N.Cəfərli əlavə edib ki, bu bölgənin inkişafını istəyiriksə, ilk növbədə rəqabətli mühit, investisiyalar üçün münbit şərait, hüququn üstünlüyü, idarəetmənin effektivliyi kimi məsələlər öz həllini tapmalıdır:

“İlk növbədə indi ora təmir-tikinti sahəsinin biznes nümayəndələri gedirlər. Bərpa bitdikdən sonra növbəti mərhələdə kənd təsərrüfatı, turizm və sənayeçilər də gedə bilər. İqtisadiyyat geniş və çoxşaxəli məfhumdur. Yəni, bir çox sahələr orada inkişaf etdirilə bilər. Sadəcə, bu sahələrin ora getməsi, biznesin inkişafı üçün süni maneələr aradan qalxmalıdır. Eyni zamanda idarəetmənin təkmilləşdirilməsi baş verməli, hüququn üstünlüyü saxlanılmalı, vergi və gömrük güzəştləri tətbiq olunmalı, təşviq proqramları yaradılmalıdır ki, müxtəlif sahələr ora üz tutsunlar. Şirkətlər gələcəkdə bu ərazilərə kifayət qədər maraq göstərəcəklər, o şərtlə ki, onların fəaliyyəti üçün daha münbit şərait yaradılsın”.

F. Söhrabqızı
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar