Səlahəddin Xəlil,
fəlsəfə elmləri doktoru, professor
Son aylarda Azərbaycanda elm mövzusunun aktuallaşması və aparılan müzakirələr əsasən AMEA-nın rəhbərliyi və idarə olunmasındakı nöqsanlar ətrafında olsa da, istər-istəməz problemə daha təməlli baxış tələbatı da ortaya çıxdı.
Əsas suallar:
1. AMEA-ya ehtiyac varmı, - var.
Amma burda başqa bir məqam da üzə çıxdı: bu sual şüurlu və ya qeyri-şüuri surətdə, avtomatik olaraq "bizə elm lazımdırmı" kimi səsləndi və əksəriyyətin "ehtiyac var" qənaəti də bununla bağlıdır.
Halbuki, sualın "Azərbaycanda elmin inkişafını necə optimallaşdırmaq olar", "elmin sovetdənqalma təşkilati strukturu necə dəyişdirilə bilər" və s. bu kimi formalarda səsləndirilməsi daha geniş manevr üçün meydan aça bilərdi.
2. Elm adamları sadəcə AMEA-da toplanmayıb və elmi dərəcəsi olanların sayı ali məktəblərdə daha çoxdur. Diqqətin AMEA-ya fokuslanması universitetlərin elmsizləşdirilməsi və sadəcə təhsil müəssisəsi kimi fəaliyyət göstərməsinin nətəcəsidir. Halbuki, elmi mühiti həqiqətən canlandırmaq üçün bu amil nəzərdən qaçırılmamalıdır.
3. "Elm" anlayışının özü də yetərincə açıqlanmayıb və biz hələ də elmi ümumi şəkildə öyməkdən o tərəfə gedə bilməmişik. Sanki bütün elmlər üçün ortaq/ümumi meyarlardan başqa, xüsusi/spesifik meyarlar yox imiş və hamısını eyni təşkilati forma və metodlarla idarə etmək mümkün imiş... Halbuki dəqiq elmə aid etdiyimiz sahələr əslində üç fərqli yönə ayrılır: təməlli/fundamental elmlər, tətbiqi elmlər və texniki elmlər. Qısa desək, birincinin məqsədi təbiəti, təbii qanunları öyrənmək; ikincinin məqsədi öyrənilənləri sənayenin, təsərrüfatın konkret ehtiyaclarına yönəltmək, üçüncü isə elmi biliklərin istehsalata tətbiqi üçün texniki vasitələrin ideyasını/layihəsini hazırlamaq və texnikanın özünü, istifadə mexanizmlərini öyrənməkdir. Bax, bu müxtəlif elm növlərinin əlaqələndirilməsi üçün elmşünaslığa və iqtisadi elmlərə də tələbat vardır. Belə ki, iqtisadi bilgilər olmasa, elmi nəticələrin harada və necə tətbiq olumasını müəyyənləşdirmək mümkün deyil.
Sual olunur ki, hərə öz institutunda başını salıb "öz işi" ilə məşğul olanda bu əlaqələndirici missiyanı kim(lər) yerinə yetirməlidir? "Sosial sifariş" hansı instansiyadan gəlməlidir? Neft sənayesi, kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrlə əlaqə mexanizmləri vahid təşkilati mexanizmin hansı halqasında həyata keçirilməlidir? Akademiyada bütün bu zəncirvari prosesi tənzimləyəcək elmi fəaliyyətin heç olmasa, adını bilən varmı?
4. Ənənəvi olaraq "ictimai elmlər" və "humanitar elmlər" kimi təsnif edilən araşdırma sahələrinin statusunu, təyinatını, tətbiq sahələrini və səmərəlilik meyarlarını bilən varmı? Bunun mexanizmləri müəyyənləşdirilibmi?
5. Beşincisi...
- Bir dəqiqə, bunları sadalayıb keçməyin... Əsas məsələ, camaatın diqqət mərkəzində olan sual başqadır:
- Kresloda kim oturacaq?
- Statusu, praktik məqsədi, daxili strukturu və infrastrukturu, fərqli formaları və real səmərəsi bilinməyən mürəkkəb bir mexanizmin başında kim olursa olsun, - nə dəyişəcək?!